Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:05

‘Görünməz’ əfqan qadınların etirazı


Kabildə qadınların etirazı, 26 may, 2022-ci il
Kabildə qadınların etirazı, 26 may, 2022-ci il

Əfqan kişilər həbs qorxusundan qadın ailə üzvlərinə qarşı pis rəftara məcbur qaldıqlarını deyirlər

Kabildə bir qrup əfqan qadın altıncı sinifdən yuxarı yaşlı qızlar üçün məktəblərin açılmamasına etiraz aksiyası keçirib. Bu arada BMT-nin aparıcı rəsmisi xəbərdarlıq edib ki, Talibanın qadın hüquqlarını məhdudlaşdırmasında məqsəd qadınları “görünməz” etməkdir.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirəndən Əfqanıstanın bir çox hissəsində qızların altıncı sinifdən yuxarı dərsə getməsi qadağandır. Martda Taliban qızlar üçün orta məktəblərin açılacağı günün səhəri onları qapatdı.

Əfqanıstan sakini: Çörəyimiz tiryəkdən çıxır
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Taliban təkzib edir

Mayın 26-da 20-dək qadın və qız Kabildəki Məryəm Orta Məktəbinin darvazasına önünə yığışıb, Talibanı məktəbləri açmağa çağırıb.

“Çörəyimi, işimi aldız, oxuya da bilmirəm”, – onlar qışqırıblar.

Bəzi şahidlərin sözlərinə görə, etiraz başlayandan 10 dəqiqə sonra Taliban silahlıları gələrək qadınları dağıdıb, havaya atəş açıb. Üç qadının müvəqqəti saxlandığı, Taliban onların mobil telefonlarını yoxlayandan sonra buraxıldığı deyilir.

Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü isə etirazın dağıdılmasını təkzib edib. “Bu təbliğatdır. Heç kəsin etirazını dayandırmamışıq”,Azir Əhməd Takur deyib.

Qadınları görünməz etmək...

Taliban əvvəlcə 1990-cı illərdəki qəddar rejimdən fərqli idarəçilik vəd edirdi. Ancaq əfqanların çoxu və digər ölkələr, hətta Orta Asiya ölkələri bu vədlərə skeptik yanaşdı. Artıq qadınlar hökumət işlərindən çıxarılır, təkbaşına səyahətləri yasaqlanır.

Bu ay Əfqanıstanın Ali dini lideri və Taliban başçısı Heybətulla Axundzadə qadınların ictimaiyyət arasında üzlərini örtməsi göstərişi verib.

Məhdudiyyətlər “gender ayrıseçkiliyini göstərir, məqsəd qadınları cəmiyyətdə görünməz etməkdir”, – BMT-nin Əfqanıstanda insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennet mayın 26-da Kabilə səfəri zamanı jurnalistlərə deyib.

“De fakto hakimiyyət törətdikləri pozuntuların miqyasını və ağırlığını dərk edə bilməyiblər”, – Bennet sözlərinə əlavə edib.

Evdən çıxmamaq göstərişi

Taliban silahlı qruplaşması qadınlara mümkün olduqca evdən çıxmamağı da tapşırıb. Üz örtüyünə görə cəzalara isə həbsdə daxildir. Həm də cəza təkcə qadınlara deyil, ailənin kişi üzvlərinə də kəsiləcək.

İnsan haqları qruplarının fikrincə, bu sərəncam əfqan kişilərin qadın ailə üzvlərinin davranışı və görünüşünə nəzarət etməyə vadar edir.

“Taliban bu qaydanı qoyandan, ailəmdəki kişilər mənimlə pis rəftar edir. Bizə deyirlər ki, evdən çıxsaq, onlara başağrısı yaradarıq”, – Kabildən anonimlik şərtilə danışan bir qadın AzadlıqRadiosunun Əfqanıstan xidmətinə – Radio Azadi-yə deyib.

Mayın 21-dən qadın teleaparıcıların də üzlərini bağlaması əmr olunub.

Muxtariyyətin son əlamətləri...

Human Rights Watch (HRW) insan haqları təşkilatının qadın hüquqları üzrə direktor müavini Hezer Barr deyir ki, bu fərman “məişət zorakılığını gücləndirəcək”. Onun sözlərinə görə, fərman əfqan qadınların Taliban idarəçiliyi altında “muxtariyyətin son əlamətlərini də alıb aparır”.

Əfqan kişilər isə həbs qorxusundan qadın ailə üzvlərinə qarşı pis rəftara məcbur qaldıqlarını deyirlər. “Bilirik ki, qadınlarımıza qarşı qəddar davranırıq. Amma bunu etməyə məcburuq”,Nəcib adlı Kabil sakini deyib.

Artıq Talibanın dini polisi Kabildə plakatlar asıb, qadınlara bürünməyi əmr edir. Ötən həftə talibançılar paytaxtda onlarla qadını düzgün geyinmədiyinə görə universitetlərə buraxmayıb.

Qəndəharda dini polis başçısı burqa, yaxud niqab taxmayan qadınlara qarşı kampaniya başladığını söyləyib.

XS
SM
MD
LG