Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:46

Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün, aprelin 21-i Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saata yaxın ifadə verib.

İfadə verdikdən sonra Ə.Kərimli prokurorluqda açılmış cinayət işi haqda danışıb. Cinayət işinə şahid qismində cəlb edilmələrinin tamamilə qanunsuz olduğunu bildirib. «Əslində, biz bu işdə zərərçəkən kimi tanınmalı idik. Çünki saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradıblar. Hakimiyyətin mediası da bundan bizə qarşı istifadə edir», - deyən Ə.Kərimli idarədə zəruri ifadələrin verildiyini qeyd edib: «İstintaqa bildirdik ki, bizim adımızdan saxta sənəd verənlərin müəyyənləşdirilməsində, onların məsuliyyətə cəlb olunmasında hamıdan çox biz maraqlıyıq».

Ə.Kərimli deyib ki, onun özünün prokurorluğa dəfələrlə müraciəti olub: «Mən özüm Baş Prokurorluğa ölkədəki nəhəng korrupsiya halları ilə bağlı dəfələrlə müraciət etmişəm. Bu müraciətlərimiz araşdırılmadığı, ölkədə bu qədər nəhəng korrupsiya halları ortalıqda qaldığı halda, gedib cinayətkarları axtarmaq əvəzinə bizlərin istintaqa cəlb edilməsi partiyamıza qarşı təzyiqdir», - deyən Ə.Kərimli vurğulayıb ki, hakimiyyət onlardan qisas alır.

«Bununla başımızı qatmaq istəyirlər»

«Bu, əlbəttə, bizim «yalana, talana, monarxiyaya yox!» şüarı ilə aksiya keçirdiyimizə görə uydurulmuş bir işdir».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün, aprelin 21-i səhər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedərkən jurnalistlər deyib.

Ə.Kərimli bildirib ki, əslində, onlar bu məsələdə zərərçəkəndir: «Bizim adımızdan bəzi şəxslərə saxta vəsiqələr verilib. Biz bu barədə məlumatlar yaymışıq. İstəsələr, heç bizim iştirakımız olmadan saxta sənəd verənləri tapıb cəzalandıra bilərlər. Bununla bizim başımızı qatmaq istəyirlər. Bu, AXCP-yə təzyiqlərin növbəti mərhələsidir. Belə şeyləri çox görmüşük. Bu bizim «talana, yalana, monarxiyaya son!» mübarizəmizi dayandıra bilməz».

Gözəl Bayramlı
Gözəl Bayramlı

Dünən, aprelin 20-si AXCP sədrinin müavini Gözəl Bayramlı və bu partiyanın təşkilat şöbəsinin müdiri Saqif Qurbanov da bu idarəyə çağırılaraq dindiriliblər. İstintaqa 5 saat ifadə verdikdən sonra Gözəl Bayramlı jurnalistlərə bunları demişdi: «Məni guya xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağırmışdılar. Bu ittiham böhtan və AXCP-yə növbəti təzyiq cəhdidir. Partiyamız heç vaxt heç kimə saxta arayış verməyib. Mən bizim hakimiyyətdən hər şey, hətta həbsimi də gözləyirəm, amma bu, məni qorxutmur. Bir çox partiya üzvlərimiz həbs olunub. Mənim onlardan heç bir üstünlüyüm yoxdur», - o bildirib.

Hazırda Əli Kərimlinin dindirilməsi davam edir.

Bu il aprelin 8-i Milli Şura Bakıda mitinq keçirib. Mitinqdə çıxış edən Milli Şura rəhbərliyi bildirib ki, ölkədə korrupsiyanın başında prezident İlham Əliyev durur. Elə həmin gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da mətbuatda Milli Şuraya daxil olan AXCP sədri Ə.Kərimlini korrupsiyada və mühacirlərə saxta vəsiqə verməkdə ittiham etmişdi.

XS
SM
MD
LG