Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Gözdənəlillərin işığına kim qənim kəsilib?


Azerbaijan - Cunstruction site in Baku
Azerbaijan - Cunstruction site in Baku

-

"Deyirəm, a balam, axı bu bina bizim eyvanın, işığın, havanın qarşısını kəsəcək, deyir ay xala, neynirsən işığı, onsuz da kor adamsan…”.

Bakının Faiq Yusifov küçəsində yaşayan görməəngəllilər təyinatı bilinməyən tikintidən şikayətçidirlər

“İşdən qayıdanda gördüm ki, binanın qarşısındakı ərazini hasarlayırlar. Maraqlandım ki, nə məsələdir? Dedilər, burada bir köşk var, ərazinin görüntüsünü pozur, ona görə köşkü hasarlayırıq. 2-3 gün də keçdi, başladılar söyüd ağaclarını kəsməyə. İndi də gecə-gündüz işləyir, özül qazırlar”.

Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsinin sakini Asif Qəhrəmanov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edir. Deyir, kimdirsə, küçəni hissə-hissə alıb hasarlayır, özül qazdırıb bina tikir. İndi də Faiq Yusifov küçəsindəki gözdən əlillərin binasına göz dikib:

BİNANIN ƏTRAFINI QAZIRLAR

Ağacları da kəsdilər, köhnə köşkü də yerindən götürdülər. İndi də ağır texnikanı töküblər əraziyə, dərin özül qazırlar. Yəqin ki, bina tikiləcək.

“Ora 45 nömrəli məktəbin ərazisi idi. Əvvəl orada “Akkord” şirkəti 20 mərtəbəli yaşayış binası tikdi. O bina tikiləndə özüm şahidiyəm ki, özüldən su vururdular. Təcrübəli mütəxəssislər gəlib baxdılar, dedilər, burda çoxmərtəbəli bina tikmək ağlasığmazdır. Biz prezidentə qədər yazdıq, tədbir görülmədi, bina tikildi”.

Asif Qəhrəmanov deyir, adamların şikayətlərindən sonra 20 mərtəbəli binanın yaxınlığında gözdənəlillər üçün də 10 mərtəbəli yaşayış binası tikib istifadəyə veriblər. Ancaq indi binanın ətrafını qazırlar:

“5-6 il olar, bina istifadəyə verilib. Əlillər başladılar binanın qarşısında, ətrafında ağaclar əkməyə. Söyüd ağacları xeyli böyümüşdü, əlillər kölgəsində oturub çay içirdilər. Ağacları da kəsdilər, köhnə köşkü də yerindən götürdülər. İndi də ağır texnikanı töküblər əraziyə, dərin özül qazırlar. Yəqin ki, bina tikiləcək”.

“ƏLİLLƏRİ HƏBSLƏ HƏDƏLƏYİRLƏR”

Görməəngəllilərin binasında yaşayan əlil Fatma İsmayılova qazıntı işlərinə müdaxilə edə bilmədiklərini söyləyir:

“Polis işçiləri, gecə-gündüz, burdadılar. Heç yaxına da buraxmırlar ki, gedib bir maraqlanaq görək, ağaclarımızı kəsən kimdir, qazan kim… Düz binamızın dibini qazırlar. Deyilənə görə, çoxmərtəbəli bina tikəcəklər. O gün polislə üz-üzə qalmışdıq. Deyirəm, a balam, axı bu bina bizim eyvanın, işığın, havanın qarşısını kəsəcək, deyir ay xala, neynirsən işığı, onsuz da kor adamsan…”.

Deyirlər, əlil adamlarsınız, oturun evinizdə. Sizin o vaxtınız deyil ki, aparaq və hərənizə 10-15 sutka verib, salaq qoduqluğa. Mane olmayın, camaat işini görsün.

Bina sakininin sözlərinə görə, hasarlanmış əraziyə yaxın gələnləri polis şöbəsinə aparmaqla hədələyirlər:

“Deyirlər, əlil adamlarsınız, oturun evinizdə. Sizin o vaxtınız deyil ki, aparaq və hərənizə 10-15 sutka verib, salaq qoduqluğa. Mane olmayın, camaat işini görsün”.

Nərimanov rayon icra hakimiyyətindən Faiq Yusifov küçəsi, 125-131 saylı ünvanda qazıntı işlərinin aparıldığını təsdiqlədilər. İşlərin qanuni olduğunu bildirsələr də, qazıntının hansı məqsədlə və kim tərəfindən aparıldığını bildirmədilər.

Görməəngəllilər qazıntı işlərinin dayandırılması üçün yaşadıqları ərazidəcə toplaşıb etirazlarını dilə gətiriblər. Onlar, tədbir görülməsə, daha sonra Prezident Administrasiyasının önünə toplaşacaqlarını bildirirlər. İstədikləri odur ki, yeni kölgələndirməyə başlayan söyüdlər qaytarılsın və ağır texnika bu ərazidən uzaqlaşdırılsın.

XS
SM
MD
LG