Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:09

'Həm Paşinyan, həm də Əliyev Qərblə Moskva arasında qalıb'


Prezidentlərin Soçi görüşü. 2022
Prezidentlərin Soçi görüşü. 2022

Mayın 25-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü oldu. Görüş Avrasiya İqtisadi İttifaqının Forumu çərçivəsində baş tutub.

Rusiyanin "Kommersant" nəşri görüşdən əvvəl yazmışdı ki, Moskvada iki sənədin imzalanması gözlənilir. Lakin nəinki hər hansı sənəd imzalandı, üç ölkə lideri ənənəvi qaydada heç mətbuata bəyanat da vermədi. Üstəlik, görüşdən öncə Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında polemika yaşandı. Paşinyan Əliyevin üçtərəfli razılığa əsasən, Ermənistanın Sünik bölgəsindən keçməli olan "Zəngəzur dəhlizi" (sənəddə yol kimi göstərilir) barədə sözlərini "ərazi iddiaları" adlandırdı. Əliyev isə bildirdi ki, "Zəngəzur dəhlizi" ərazi iddialarını nəzərdə tutmur, nəqliyyat kommunikasiyası mənasını daşıyır.

Paşinyan da bildirib ki, Azərbaycan Laçın dəhlizini qanunsuz bağlayıb. Əliyev isə vurğulayıb ki, bu yolda nəzarət-buraxılış məntəqəsi dövlət sərhədində quraşdırılıb və heç də yol bağlanmayıb.

R.Musabəyov
R.Musabəyov

"Görüşün heç bir nəticəsi yoxdur"

Deputat Rasim Musabəyov da "Turan"a deyib ki, görüşün heç bir nəticəsi yoxdur: "Heç bəyanat da səslənməyib. Əvvəl belə görüşlərin nəticəsi kimi bəyanatlar səslənirdi. Bu dəfə isə hansısa balaca da olsun, razılaşdırılmış mətn olmayıb. Bu isə o deməkdir ki, görüşdə, demək olar ki, heç bir nəticə əldə olunmayıb".

Deputatın sözlərinə görə, yeganə deyilib ki, baş nazirlərin müavinləri bir həftədən sonra görüşüb dəmir yolu ilə bağlı hansısa razılaşma elan edəcəklər: "Ancaq baş nazirlərin müavinləri artıq çoxdandır işləyirlər və nəticə olmayıbsa, bir həftədən sonra görüşəndə nə olacaq? Hiss olunur ki, Paşinyanın məqsədi ondan ibarət idi ki, hansısa irəliləyiş olsa belə, bunu Kişinyov görüşünə saxlasın".

İyunun 1-də Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənir. Bu görüşün isə Avropa Siyasi İcmasının ikinci sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb.

A.Qasımlı
A.Qasımlı

"Bu da olmadı"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu görüşdən əvvəlcədən gözləntisi olmayıb: "Sadəcə onu gözləyirdim ki, tərəflər bir səhifəlik hansısa sənəd imzalasınlar, - necə ki, iki il əvvəl Soçidə imzalamışdılar, - həmin sənəddə də 10 noyabr bəyanatına əməl edəcəklərini bildirsinlər. Ancaq bu da olmadı".

Ekspertin fikrincə, nəticə əldə olunmamasının səbəbi ondan ibarətdir ki, həm Paşinyan, həm Əliyev Qərblə Moskva arasında qalıb: "Hər iki tərəf platforma yaradıb onları öz tərəfinə çəkir. Belə olan təqdirdə burada hansısa bir irəliləyişə nail olmaq mümkün deyil".

O deyib ki, Rusiyanın sülhməramlı kontingenti Azərbaycanda, Rusiya hərbi bazası isə Ermənistanda olmasaydı, daha rahat olardı: "Rusiya hər iki ölkədə varkən, Qərb platformasından hər hansı nəticəni gözləmək dəyməz".

Paşinyan: 'Ermənistan kadastr sənədi olmayan torpağa bənzəyir'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Politoloq hesab edir ki, liderlər arasında polemika çox şeydən xəbər verir: "Paşinyan bu mövzunu açdı və İlham Əliyev ona cavab vermək məcburiyyətində qaldı. Əslində orada Paşinyan Ermənistanın Rusiyadan narazı olduğunu dolayısı yolla çatdırdı. Onun oradakı demarşı Azərbaycana yox, Rusiyaya qarşı idi ki, biz Ermənistan olaraq bu təşkilatdayıqsa və Azərbaycan Avrasiya İttifaqında yoxdursa, niyə Azərbaycan prezidenti gəlib burada iştirak edir, siz də mənə dəstək vermirsiniz?".

A.Qasımlının fikrincə, bu, ondan xəbər verir ki, tərəflər arasında anlaşma yoxdur: "Azərbaycan Qarabağı öz ərazi bütövlüyü çərçivəsində görür. Ermənistanın və yaxud da başqasının onun haqqında nəsə deməsini daxili işə qarışmaq kimi qəbul edir. Ermənistan tərəfi də Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib, amma oradakı ermənilərin təhlükəsizliyi və hüquqlarının qorunmasını görməzdən gələ bilməz. Bu, iqtidarın imicidir və Ermənistanın daxilində ciddi problemlər vəd edir. Rusiya bu situasiyadan istifadə edir".

Yerevanın sülh qərarı: Araik Arutyunyan Paşinyana qarşı çıxdı
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Daha sonra da bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasının zəruri sayılması ilə bağlı bu formatda daha bir neçə bəyanat imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG