Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

AXCP fəalına 7 il cəza istəndi: 'Qurulmuş plan tam icra edildi...'


AXCP üzvü Elxan Əliyev
AXCP üzvü Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyevə 7 il həbs cəzası istənilib. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyir ki, E.Əliyevə, eləcə də onunla birlikdə mühakimə olunan Vəfadar AxundovYusif Əliyevə verilmiş dələduzluq, saxta sənəddən istifadə ittihamları məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı digər təqsirləndirilənlərdən V.Axundova 6 il 6 ay, Y.Əliyevə isə 6 il həbs cəzası verilməsini istəyib.

Cinayət işinin materiallarında iddia olunur ki, adları çəkilən təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini mülkiyyət sənədi olmadan Ramo Şükürova 57 min manata satmaqla dələduzluq ediblər.

E.Əliyev özünü təqsirli bilmir, siyasi baxışlarına görə həbs olunduğunu deyir. Həbsindən öncə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğunu söyləyən AXCP fəalının sözlərinə görə, R.Şükürovun özü günlərlə zəng edərək israrla ondan torpaq sahəsi tapmasını istəyib: "Deyirdi ki, "sən torpaq tap, adamım var, sənədləşdirməyə kömək eləyəcək, özüm çıxarış alacağam". Bu torpaq sahəsi də sahibinə bələdiyyənin qərarı ilə verilmişdi, o da satırdı. Ondan beh istəniləndə pulun hamısını verməsi də sübut edir ki, bu, bir oyun imiş. Dərhal sonra da gedib şikayət etdi. Qurulmuş plan tam icra olundu".

"Zəng edir, əl çəkmir…"

E.Əliyevin vəkili Nemət Kərimli müvəkkilinin həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu məhkəməyə təqdim edib. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir: "Zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm, hakimiyyətin bir oyunudur, nədir...".

E.Əliyevin sözlərinə görə, videoda bəhs etdiyi adam hazırda zərərçəkmiş qismində tanınan R.Şükürovdur.

İş materiallarına əsasən, ondan alınmış 57 min manatdan E.Əliyevə 3 min 900 manat çatıb. Həmin pul da ona qaytarılıb və 57 min manat tam şəkildə zərərçəkmişə ödənilib. Buna baxmayaraq, R.Şükürov məhkəmədə deyib ki, pulu qaytarılsa da, yenə şikayətçidir, onların cəzalandırılmasını tələb edir.

Bu iş üzrə məhkəmə aprelin 1-də vəkillərin çıxışı, ardından təqsirləndirilən şəxslərin son sözü ilə yekunlaşacaq.

Xatırlatma

E.Əliyev daha öncə də bir neçə dəfə polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs edilib. Ona hər dəfə 20-30 sutka inzibati həbs cəzası kəsilib.

Hazırda AXCP-nin beşdən çox fəalı müxtəlif ittihamlarla həbsdədir. Onların heç biri özünü təqsirli bilmir, siyasi baxışlarına, etiraz aksiyalarında iştiraka və hökumətin ünvanına tənqidi fikirlərinə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə deyilənləri təkzib edir, siyasi fəalların konkret faktlar əsasında saxlandığını bildirir.

Hökumət rəsmiləri də ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG