Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:55

Əmanət Fondu borclanmağa məcbur oldu


Manat
Manat

-

Sığortalı əmanətlərin qaytarılması bağlanan bankların öncədən bilinən başağrısıdır. Axı banklar ard-arda qapansa da, sığortalı əmanətləri qaytarmalı olan Əmanətlərin Sığortalanması Fondunun yetərli vəsaiti yox idi. Ekspertlər lap əvvəldənfondun borclanacağını əminliklə söyləyirdilər. Gözlənilən borclanma gerçəkləşdi – fond ötən həftə Mərkəzi Bankdan (MB) 22 milyon manat vəsait cəlb etdi.

Sığortalanmış əmanətləri qaytarmaq üçün sözügedən fonddan banklara indiyədək 110 milyon manat kompensasiya ödənilib. Ödənilməli kompensasiyanın toplam məbləği təxminən 148 milyon manatdır.

Son aylarda bankların bağlanması nəzərə alınmazsa, sığorta olayı ilk və son dəfə 2012-ci ildə «Royal Bank»da baş vermişdi. Sual doğur: Fond banklardan yığdığı pulu necə idarə edib ki, indi borclanmağa üz tutur?

«BELƏ ÇIXIR Kİ, SƏMƏRƏSİZ İDARƏ EDİLİB»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bir neçə autsayder bankın ləğvi fondu MB-dən kredit götürməyə məcbur etdi: «Yəni pulu çatmadı. Bu isə ötən illər ərzində fondun banklardan yığdığı pulların necə idarə edilməsi barədə suallar doğurur. Belə çıxır ki, səmərəsiz idarə edilib, ən azı».

Ekspert bağlanmalı olan xeyli bankınbağlanmamasına da təəssüflənir: «Çünki onların əmanətlərini qaytarmaq üçün MB fonda daha çox kredit verməli olacaqdı, amma o qədər kredit ayırmaq iqtidarında deyil. Valyuta ehtiyatları günbəgün əriyir. MB-nin fonda kredit verməsi etimadı bərpa etmək baxımından doğrudur, lakin hələ çox iş görmək lazımdır».

«BANKLARIN BAĞLANMASI BİR MÜDDƏT TƏXİRƏ SALINACAQ»

Ekspert Samir Əliyevin fikrincə, ilk vaxtlar – «Əmanətlərin tam sığortalanması haqqında» qanunun qəbulunadək, zəif bankların bağlanması planlaşdırılırdı: «Elə buna görə də 6 bankın lisenziyası geri alındı. Ancaq bağlanan bankların kompensasiyasını tam ödəməyə fondun imkanı çatmadı. Bu üzdən bankların bağlanması prosesi dayandırıldı. Bağlanmaq potensialı olan bankların əmanət portfelinin böyüklüyü prosesin dayandırılmasında əsas rol oynadı».

S.Əliyev fondun əmanətlərin qaytarılmasına tam zəmanət verə bilməyəcəyini deyir: «MB fonda müəyyən həddədək dəstək verəcək. Buna görə də yaxın zamanlarda bankların bağlanması ideyası bir müddət təxirə salınacaq».

XS
SM
MD
LG