Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:28

Ərdoğan kürəkəninin dostunu maliyyə naziri təyin edir


İstanbul
İstanbul

Beynəlxalq münasibətlər oxumuş Nebati bundan öncə xəzinə və maliyyə nazirinin müavini vəzifəsində idi

Bu gün – dekabrın 2-də Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan Nurəddin Nebatini xəzinə və maliyyə naziri postuna təyin edib. Ənənəvi siyasət tərəfdarı sayılan Lütfi Elvan isə vəzifəsindən istefa verib.

Bu vəzifə dəyişikliyi lirənin təkcə ötən ay 27 faiz dəyər itirməsindən sonra baş verir. Xəbəri “Reuters” yayıb.

Nebati uçot dərəcəsinin aşağı olmasını dəstəkləyir

Beynəlxalq münasibətlər oxumuş Nebati bundan öncə xəzinə və maliyyə nazirinin müavini vəzifəsində idi.

“Allahım, nəticəni bizim üçün xeyirli et. Bizə işimizdə inam ver, işimizi uğurlu et. Allahım, mənə Prezidentimizin layiq gördüyü vəzifəni icra etmək gücü ver...” - Nebati tvitində yazıb.

Nebati ötən həftə deyirdi ki, Türkiyə illər boyu aşağı faiz dərəcəsi siyasəti yürütməyə çalışıb, amma güclü dirənişlə üzləşib.

“Bu dəfə onu həyata keçirməkdə qətiyyətliyik”, – Twitter-də yazan Nebati mövcud bazar şərtləri ilə uçot dərəcəsini aşağı saxlamaqda “problem olmadığını” söyləyib.

Keçmiş baş nazir müavini, uzun müddət hakim AKP-nin üzvü olmuş Elvan isə nazir vəzifəsində bir il qaldı. O, Ərdoğanın kürəkəni Berat Albayrakın yerinə təyin olunmuşdu.

Elvanın biznes cameəsində hörməti vardı

“The Financial Times” Ərdoğana sadiq şəxsin maliyyə naziri postuna gətirildiyini yazır.

“Vaxtilə biznesmen olmuş Nebati Ərdoğanın kürəkəni Berat Albayrakın dostudur. Albayrak 2018-ci ildən maliyyə naziri olub, 2020-ci ilin noyabrda istefa verib. Avqustda Albayrakla Nebati İstanbulda bir restoranda yemək yeyərkən görüntüləniblər.

59 yaşlı Elvanın biznes cameəsində hörməti vardı, amma son aylar getdikcə daha çox təcrid olunurdu. O, açıq şəkildə deyirdi ki, hökumət inflyasiyanı azaltmağa, valyutanı sabit saxlamağa çalışır. Bu arada mərkəzi bank faiz dərəcəsini azaldırdı”, – məqalədə deyilir.

Ərdoğan isə ötən ay Elvanın mövqeyini dolayısı ilə tənqid edib. “Hakim partiyadan yuxarı faiz dərəcələrini müdafiə edən dostlarımız üçün üzgünəm, amma mən onlarla bir yolu gedə bilmərəm və getməyəcəyəm”, – prezident vurğulayıb.

Lirə düşür, Türkiyədən Azərbaycana pul göndərmək olmur
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Aqbal gedəndən sonra...

Dünən – dekabrın 1-də bir dollar 13.87 lirəyə qədər yüksəlib, sonradan 13.40 səviyyəsində dayanıb. Lirə bu il dollara qarşı 44% dəyər itirib.

Son iki il yarımda Ərdoğan mərkəzi bank başçısını üç dəfə dəyişib ki, bunun da hökumətin siyasətinin etibarına zərbə vurduğu düşünülür. İqtisadi təhlilçilərin fikrincə, siyasətdə qeyri-müəyyənlik və pis idarəçilik inflyasiyanı ikirəqəmli edib, rəsmi xarici valyuta ehtiyatlarını azaldıb.

Elvan vəzifəyə təyin olunandan o vaxt mərkəzi bank rəhbərliyinə gətirilmiş Naci Aqbal ilə birlikdə bazara dostyana münasibəti olan texnokratlar sayılırdılar. Ancaq bu ilin martında Ərdoğan Aqbalı qəfil vəzifədən çıxardı. Bu, faiz dərəcəsi 19%-ə qaldırılandan sonra baş verdi.

Sentyabrdan faiz dərəcəsini azaltmağa başlayan mərkəzi bank indi onu 15%-də saxlayıb. Bir çox təhlilçilər bu addımı ehtiyatsız hesab edir. Valyutanın iflası isə türklərinin qazancını yeyir, ölkənin xarici borc ehtiyatlarını kəskin artırır. Müxalifət erkən seçki tələb edir.

Siyasi risk

“Reuters” Ərdoğanın uçot dərəcələrini salmaqla öz siyasi həyatına risk yaratdığını yazır. O, “yeni iqtisadi model”dən dəm vurur, iş yerlərinin çoxalacağını, artımın olacağını deyir.

Ancaq qiymətlərin artması, valyutanın devalvasiyası artıq türklərin büdcələrinə, gələcək planlarına təsirini göstərir.

“Ən kəskin məsələ yüksək inflyasiyadır. Seçicilərin hökumətə və Ərdoğana münasibətinin getdikcə pisləşəcəyini düşünürəm”, – İstanbul İqtisadi Tədqiqatlar konsultasiya firmasının baş meneceri Can Selcuki deyib.

XS
SM
MD
LG