Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:30

Etirazçılar heykəlləri niyə yıxırlar


Etirazçılar Edward Colston-un heykəlini yıxırlar
Etirazçılar Edward Colston-un heykəlini yıxırlar

ABŞ və Britaniyada irqi diskriminasiyaya qarşı etirazlar fonunda Christopher Columbus, qul taciri Edward Colston kimi adamların və Konfederasiya liderlərinin heykəllərin dağıdılması və sökülməsi maraqlı suallar doğurur. Ümumiyyətlə, heykəllər nəyə lazımdır? İnsanlar nə üçün kiminsə özünə bənzəyən heykəlini qoyurlar?

Son illərdə ABŞ-da 160 il bundan əvvəl baş vermiş Vətəndaş Müharibəsi nəticəsində məğlub edilmiş cənub ştatları Konfederasiyasının hərbi və siyasi liderlərinin heykəlləri sökülür. Son günlərdə isə Minneapolis və Bostonda Columbus-un heykəlini iplə çəkərək yerə yıxıb, daha sonra sürüyərək buxtaya atıblar. Bostondakı heykəlin başını da qoparıblar. Londonda Colston-un aqibəti də bunun kimi olub.

İlk heykəl

Britaniyada siyasətçilər bunun ardınca digər heykəllərin də söküləcəyindən ehtiyat etdiklərindən Colston-un heykəlinin məhvini tənqid ediblər. Ancaq Oksfordda toplaşan etirazçılar Afrikanın insanları və sərvətləri hesabına zənginləşmiş britaniyalı siyasətçi Cecil Rhodes-in heykəlinin götürülməsini tələb ediblər. BBC yazır ki, Rhodes-in heykəlini qoruyucu torlu örtüyə büküblər və o "tutulmuş vəhşi heyvan kimi" torun içindən baxır.

Tarixdə bizə bəlli ilk heykəl 2008-ci ildə Almaniyanın Şvab meşələrində tapılıb. 6 santimetr uzunluğu olan bu heykəlcik təqribən 40 min il bundan əvvəl mamont buynuzundan yonulub. "Hole-Fels Venerası" (Venus of Hohle Fels) adı verilmiş bu heykəldə qadın bədəninin hissələri qəribə bir tərzdə böyüdülüb. Onun məhsuldarlıq totemi olduğu ehtimal edilir.

Maraqlıdır ki, heykəli düzəldən qədim sənətkar onu başsız qoyub. Boyun yerində ip keçirmək üçün xüsusi dəlik qoyulub. Heykəlciyi taxan adamın başı fiquru tamamlamalı idi. Beləliklə, heykəl təkcə maddi yox, həm də konseptualdır. "O kiminsə təsvirindən çox, bizim özümüzü necə görməyimizi göstərir", - məqalədə deyilir.

Elə heykəllər var ki, cəmiyyət onların toksik enerji yaydığı qənaətindədir. Hökumətlər onlarla bağlı müxtəlif strategiyalar düşünüb tətbiq edirlər.

Liderlər qərar verir

London meri Sadiq Khan şəhərdəki heykəllərin sökülməsi, yaxud da yenilərinin qoyulması üçün xüsusi komissiyanın çağırıldığını elan edib. ABŞ-da isə Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Kapitoli binasındakı 11 Konfederasiya liderinin heykəlinin sökülməsinə çağırıb.

"Kapitolidəki heykəllər bizim amerikalı olaraq ən yüksək ideallarımızı tərənnüm etməli, bizim kim olduğumuzu, xalq olaraq kim olmağa can atdığımızı ifadə etməlidir. Bu qədər açıq-aşkar irqçi məqsədlərə çatmaq üçün qəddarlıq və barbarlığı təbliğ edən adamlara qoyulan heykəllər bu ideallara qrotesk dərəcəsində ziddiyyət təşkil edir. Onların heykəlləri irsi deyil, nifrəti yad edir. Onlar götürülməlidir", - kaliforniyalı demokrat öz qərarını əsaslandırarkən deyib.

"Bristolun ortasında boş postamenti nə edəcəyik?", - məşhur britaniyalı küçə rəssamı Banksy öz Instagram postunda sual edib. Daha sonra o, Colston-un heykəli üçün darıxanlar və darıxmayanları xoşbəxt etmək üçün belə bir ideya irəli sürüb: "Gəlin onu sürüyüb suya salaq, sonra qaytarıb postamentin üstünə qoyaq, boynuna ip bağlayaq və onu çəkib yerə yıxan etirazçıların bürünc heykəllərini qoyaq. Hamı xoşbəxt olsun. Məşhur gün də əbədiləşdirilsin".

Yazıda deyilir ki, Almaniyada nasizm dövründə insanlara əzab verənlərin heykəlləri söküləcəyi halda bu dövrün insanların yaddaşından silinəcəyi qənaətinə gəlinib. Bu səbəbdən şəhərlərin havasını nasizm xadimlərinin heykəlləri ilə korlamaqdansa, bu dövrü nasizm qurbanlarına qoyulmuş abidələrlə əbədiləşdiriblər.

XS
SM
MD
LG