Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

«Evimizi söküb yerində villa tikmək istəyir»


Foto arxiv
Foto arxiv

-

«Bu il mayın 3-də Daşkəsəndə su və kanalizasiya xətlərini çəkən şirkətin işçiləri xüsusi mülkümüzün darvazasını qırıb, hasarını uçurub, meyvə ağaclarını dibindən çıxarıblar. Torpağı əkinə yararsız hala gətirməkdən ötrü kanalizasiya quyuları qazıb, borular düzüblər. Evin bünövrəsini qazıb yaşamağa təhlükəli hala salıblar».

«QƏSDƏN AVTOMOBİL QƏZASINA SALIBLAR»

Goranboy rayonunun Azad kəndində yaşayan Lətifə Qafarova yazır ki, rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyev anası və bacısının yaşadığı evi əllərindən almaq istəyir. Buna görə də icra hakimiyyəti və rayonda qurumun təsiri altında olan idarələr ailəyə hər yolla təzyiq göstərirlər ki, ailə könüllü şəkildə mülkü dəyər-dəyməzinə başçıya satsın:

«Ata evim Daşkəsən şəhərinin mərkəzində – Nizami küçəsi, ev 6 ünvanında yerləşir. Həmin evdə anam Ağca Məmmədova və bacım Şahnaz Məmmədova yaşayır. Kasıb insanlarıq. Atama məxsus, Daşkəsən şəhərinin mərkəzində 10 sot torpaq üzərində ikiotaqlı evimiz var. Əhəd Abıyevin gözü torpaq sahəmizin yerləşdiyi əraziyə düşdüyündən, sahəni zor gücünə əlimizdən alıb özünə villa tikdirmək istəyir».

Lətifə Qafarova yazır ki, qoca anası Ağca Məmmədova dəfələrlə icra hakimiyyətinə çağrılıb, ondan torpağı dəyər-dəyməzinə başçıya satması təklif olunub: «Anama deyirlər, «qoca arvadsan, bir qızındır, bir də özünsən. Sənə pul, ya başqa yerdə birotaqlı ev verək, get yaşa. Sən öləndən sonra qızın təkbaşına o boyda mülkdə yaşaya bilməz». Anamsa razılaşmayıb. Hətta 1 il əvvəl anamı qəsdən avtomobil qəzasına da salıblar. Sümükləri qırıq-qırıq oldu, yataq xəstəsinə çevrildi».

«BOŞ SÖHBƏTLƏRDİR»

Daşkəsən rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə deyilənləri təkzib ediblər: «Başçının yaşamağa evi var, əlavə ev tikməyə ehtiyacı yoxdur. İkincisi də, başçı çalışır ki, rayonda evsiz qalmasın, kiminsə evini əlindən niyə almalıdır? Boş söhbətlərdir. Həyətindəki qazıntıya gəlincə, şəhərdə abadlıq, quruculuq işləri aparılır, istifadə müddəti başa çatmış xətlər yenilənir. Ola bilsin, müəyyən xətlər həyətyanı sahənin bir hissəsindən keçib. Bu, o demək deyil ki, kiminsə onun mülkünə gözü düşüb».

İcra hakimiyyəti ittihamları əsassız sayır. Ailə isə prezidentə, baş prokurora və daxili işlər nazirinə məktub yazaraq kömək istəyib.

XS
SM
MD
LG