Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:16

«Exchange»lər bağlanandan bəri banklar yaxşı pul qazanıb


Keçmiş valyutadəyişmə məntəqəsi
Keçmiş valyutadəyişmə məntəqəsi

Ciddi çətinliklə üzləşən banklar nə depozit qəbul edə, nə də kredit verə bilirlər...

Manatın məzənnəsindəki ikiqat azalma bankları çətin vəziyyətə salıb. İki əsas funksiya daşıyan banklar onların icrasında ciddi çətinliklərlə üzləşiblər: nə depozit qəbul edə, nə də kredit verə bilirlər.

Əmanətlərin sığortalanması barədə qərardan sonra banklar xarici valyutada cəlb etdikləri əmanətlərə 3; manatla əmanətlərə isə 12 faizlik gəlir müəyyənləşdiriblər. Burası diqqət çəkir ki, rəsmi məhdudiyyət olmasa da, indi heç bir bank bu faiz dərəcələrini aşan əmanətləri götürmür.

«Yüksək faiz banklara etimadı bir daha zəiflədə bilər»

Maliyyə sektoru bilicisi Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, kredit təşkilatları hətta əllərindəki vəsaiti yerləşdirməyə aciz qalmasaydılar, daha yüksək faizlə də vəsait cəlb edə bilərdilər. Səbəb – kredit bazarında baş verən proseslərdir:

«Başqa bir tərəfdən, əmanətlərin sığortalı dərəcədən (12 faizdən) yüksək faizlə cəlb olunması maliyyə bazarında neqativ prosesləri yenidən təkrarlada bilər. Ona görə də güman edirəm ki, bu barədə banklara qeyri-rəsmi göstəriş verilib. Yüksək faiz banklara «yerindən oynamış» etimadı bir daha zədələyə bilər».

Ekspertdə olan məlumata görə, indi Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yeni kreditləşmə siyasətinə dair sənəd üzərində çalışır. Palatanın ötücü qərarlarına əsasən, dollarla istehlak kreditlərinin verilməsi dayandırılıb, pensiyaçılara kreditlərin ayrılması da məhdudlaşdırılıb.

Ən optimal faiz dərəcəsi...

Əkrəm Həsənov, iqtisadçı
Əkrəm Həsənov, iqtisadçı

Təbii sual doğur: İndiki şəraitdə kredit faizlərinin hansı səviyyəsi sahibkarlara da əlverişli olar?

Əkrəm Həsənovun fikrincə, ölkədə bank kreditləşməsinin ən optimal faiz dərəcəsi Mərkəzi Bankın uçot dərəcəsinin (7 faiz) 2 mislini aşmamalıdır. Sahibkarlığın maliyyələşdirilməsinə isə ən yüksək faiz 10-12 faiz civarında ola bilər.

Bankların müəyyənləşdirdiyi alış-satış qiymətləri arasındakı nisbi böyük fərq vətəndaşları, özəlliklə «üzən məzənnə»dən bəri pulunu ABŞ dollarına çevirən şəxsləri narazı salır. Manatın məzənnəcə sabit vaxtlarında valyuta dəyişərkən hər 100 ABŞ dollarına qəpik-quruş qazanan banklar indi 1,5-2 manat irəli düşür.

Ekspert deyir ki, manatın məzənnəsinə inamsızlıq şəraitində bu durum hələ uzun müddət sürəcək.

Valtutadəyişmə məntəqələri qapandı, banklar qazandı?

Əkrəm Həsənovun təxminlərinə görə, maliyyə bazarlarına nəzarət qurumunun siyasəti xarici valyutanın alqı-satqı məzənnəsindəki 4 faizlik marjanı nəinki daraldacaq, əksinə, bir az da genişləndirəcək. Bu, əlində xarici valyuta saxlayan şəxsləri ondan «yaxa qurtarmaya» meylləndirəcək.

Bu arada qeyd etmək yerinə düşər ki, valyutadəyişmə məntəqələri bağlanandan bəri banklar bu işdən yaxşı pul qazana bilir. Məsələn, Caspian Development Bank 2015-ci ilin dördüncü rübündə 36 milyon manat qazanc əldə edib.

XS
SM
MD
LG