Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:47

'Kamera olanda müştərilər restorana gəlməkdən çəkinirlər'


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

"Jam.az" saytının baş redaktoru Fikrət İbişbəylidən (Fərəməzoğlu) şikayət yazaraq, onu həbs etdirmiş Mehman Həsənov dekabrın 27-də məhkəmədə ifadə verib.

Zığ şossesindəki "Antalya" ailəvi istirahət mərkəzini etibarnamə əsasında işlətdiyini deyən Mehman Həsənovun sözlərinə görə, təxminən aprel-may aylarında Fikrət Fərəməzoğlu "Antalya"yaya gələrək, ondan min manat pul alıb.

Buna da bax:​ Jurnalist Masallıda da mühakimə oluna bilər

“Mən pulu verməyəndə, yenidən yazılar başlandı”

"Müxtəlif saytlarda bizim restoranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi haqda yalan məlumatlar yayılırdı. O saytlardan bəziləriylə əlaqə saxladım. Dedilər ki, “jam.az”a istinadən veriblər. Fikrət müəllim özü bir gün bizim restorana gəldi, dedi ki, o saytların bir çoxu onun nəzarətindədir. Belə yazıların dayandırılması üçün min manat aldı, aylıq da 2 min manat tələb elədi. İyunun 20-dək vaxt verdi. Vaxt tamam oldu, mən pulu verməyəndə, yenidən yazılar başlandı. Axırıncı dəfə Nərimanovda (Bakıda “Nərimanov” metro stansiyası civarı – red.) görüşəndə 3 min manat istədi. Mən də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət elədim. Orada əməliyyat üçün nəzərdə tutulmuş vəsaitdən 3 min manat mənə verdilər. Mən də o pulu ona verəndə saxlanıldı", - Mehman Həsənovun sözləridir.

Buna da bax:​ Jurnalistin işgəncə şikayəti rədd olundu

“Bu, restoran biznesində qaydadır”

Vəkil Cavad Cavadov restoranın həyətində kamera və ya Fikrət Fərəməzoğlunun ora gəldiyini təsdiqləyən sübutun olub-olmadığını soruşanda, zərərçəkmiş sualı belə cavablayıb: "Videomüşahidə olan restoranlara müştəri gəlməyə çəkinir. Ona görə videokamera quraşdırmamışdıq. Bu, restoran biznesində qaydadır".

Fikrət Fərəməzoğlu zərərçəkmişin yalan danışdığını deyib: "Bunun dediklərinin hamısı yalandır, elə şey olmayıb. Mən bu adamdan pul almamışam. Üç min manatı da əliqandallı vəziyyətimdə cibimə qoyublar. Hətta istintaqda da pulun üzərində əl-barmaq izlərinin müəyyənləşdirilməsi barədə vəsatət qaldırdıq, təmin olunmadı".

Buna da bax:​ 'Məni aparanda deyirdilər: 'bu, arvadı həbs olunan jurnalistdir?''

Məhkəmə yanvarın 13-də davam edəcək.

Fikrət Fərəməzoğlu bu il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. O, həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.

XS
SM
MD
LG