Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:57

Bakı Formula 1-i…gücü çatmasa da keçirəcək


Aparıcı Formula 1 jurnalisti Bakının bu növ yarış üçün münasib şəhər olduğuna şübhə edir. Bu da bəlli olub ki, Azərbaycan Formula 1-i də “cibə ziyanla” keçirməyə hazırlaşır

“Azərbaycan Formula 1 təqviminə gələn il, lakin heç bir avtoötüş mədəniyyəti olmadan və çox məhdud bilet satışı ilə daxil olur” – yazır Britaniyanın Motorsport məcmuəsində Kate Walker.

Britaniyada “Formula 1 jurnalisti” kimi tanınan Walker Azərbaycanın belə bir yarışı keçirməyə nə dərəcədə hazır olduğunu və olmadığını araşdırıb.

Məqalədə deyilir ki, Formula 1, 2000-ci illərin əvvəllərindən “çoğrafiyasını genişləndirməyə çalışır” və Bakı-2016 seçimi də bu baxımdan edilib.

Bəs Bakının küçələri bu məşhur avtomobil ötüşməsi üçün nə dərəcədə uğurlu olacaq?

Kate Walker yazır ki, məsələn, Sinqapur ən uğurlu nümunələrdən biridir, lakin uğursuz ölkələr daha çox olub: Hindistan, Cənubi Koreya, Türkiyə, Valensiya və sair…

Bu bazar başqa bazardır

Məqalədə deyilir ki, son illərdə ölkələr özlərini dünyanın bahalı avtotrass xəritəsinə qoymağa çalışırlar, bu isə həm də stasionar eskalatorları ilə bahalı yol tikintisi kontraktlarının imzalanması deməkdir.

Bakının küçələri bu məşhur avtomobil ötüşməsi üçün nə dərəcədə uğurlu olacaq?

Jurnalist Dubaydakı “Yas Marina” avtomobil cıdırında Bakı yarışının təşkilatçısı Arif Rəhmovla söhbət etdiyini yazır. Cənab Rəhimov deyib ki, “Azərbaycan artıq “Eurovision” və Avropa Oyunları keçirməklə “özünə xəritədə yer edib”, amma Formula 1 ölkələrə fərqli təcrübə qazandırır”.

"Əlbəttə, bütün bu böyük tədbirlər müxtəlif bazarlardır və F1 bazarı təkrarsızdır – bura çox yüksək səviyyəli tamaşaçılar gəlir…”

"Bunlardan başqa F1-in verdiyi görkəmlilik, Eurovision və Oyunlarla müqayisə olunmazdır. Biz Oyunları qonaqlamaq və brend kimi inkişaf etdirmək sahəsində uğurlu iş gördük, çünki belə bir şey əvvəllər keçirilməmişdi” – deyib Rəhimov.

Təqdirəlayiq sadəlövh plan

Onun fikrincə, Formula 1 yaxşı tanındığından onun reklama ehtiyacı yoxdur.

“Sən yalnız elə etməlisən ki, ölkən bunun nə olduğunu başa düşsün...” – deyib rəsmi.

Arif Rəhimov
Arif Rəhimov

Rəhimovun sözlərinə görə, F1-i keçirməkdə əsas məqsəd şəhəri müxtəlif baxımdan, turizm və ya investisiya baxımından reklam etməkdir.

Kate Walker yazır ki, belə bir plan təqdirəlayiq olsa da, bir qədər sadəlövhdür.

Müəllif qeyd edir ki, Grand Prix yarışı, hər il onlarla milyon dollarlıq xərc tələb edir, o da hələ qapalı küçə trekinin tikintisi nəzərə alınmadan. Məqalədə deyilir ki, cəmi 9500 mehmanxana otağı olan Bakı gözlənilən turist axının, sadəcə olaraq, öhdəsindən gələ bilməz.

Qonaq özünə yer tapsın

Walker yazır ki, şəhər mərkəzinin quruluşu və trekin özü oturaq və ümumi biletlərin sayının məhdud olmasını tələb edir.

Otaq qıtlığını Rəhimovun özü də etiraf edib və hətta deyib ki, bu 9500-dən 2500 otaq, şəksiz Formula 1-in səhmdarlarına düşür və deməli, əslində yerdə 7000 otaq qalır.

Paytaxtın mərkəzi daha bir təntənəli tədbirə hazırlaşır
Paytaxtın mərkəzi daha bir təntənəli tədbirə hazırlaşır

Lakin o inanır ki, bu qədər otaqla 10 min qonağı birtəhər yola vermək olar.

“Biz çox əminik ki, beynəlxalq biletləri satıb qurtara biləcəyik, çünki məhdud sayda bilet var və ona görə də bu biletlər tez satılacaq – deyib Rəhimov. - Biz xaricilərə bilet satışını 10 minlə məhdudlaşdırmırıq, lakin fakt budur ki, adamlar F1 biletini sifariş etməzdən əvvəl, qalmağa yerləri olacağından əmin olmalıdırlar. Dediyim kimi, otel otaqlarımızın sayı məhduddur və bundan artığını etmək heç cür mümkün deyil”.

Pul qazanmaq mühüm deyil

“Bizim oturacaqlı tamaşaçı tutumumuz 20 mindən bir qədər azdır. Bizim ümumi biletlərimiz də olacaq, deyək ki, ümumilikdə 28 min. Bu, çox, çox azdır. Amma biz şəhərin qoyduğu məhdudiyyətlərdən çıxış etməliyik”, – Formula 1-in Azərbaycan təşkilatçısı söyləyib.

Düzünü desəm, biz hazırda tamaşaçı tribunasını qoymaq üçün hər qarış yeri nəzərdən keçiririk

"Düzünü desəm, biz hazırda tamaşaçı tribunasını qoymaq üçün hər qarış yeri nəzərdən keçiririk və hazırda bacardığımız tutum (28 min) budur. Biz günbəgün bunu genişləndirməyə çalışırıq, amma hazırda, belə görünür ki, realist olaraq tutum bu qədər ola bilər” – deyib Arif Rəhimov.

O bildirib ki, “ola bilsin, gələcəkdə, yeni tribunalar, qonaq sahələri üçün bəzi imkanları tapdıq”.

Jurnalistin “ötüşmənin təşkilatçıları Formula 1 yarışından pul qazanmağa ümid bəsləyirlər, belə olduğu halda məhdud tamaşaçı tutumu narahatlıq doğurmurmu” sualına Rəhimov “Narahatlıq doğurmur” cavabını verib.

O deyib ki, məhdudiyyətlər qazancı da məhdulaşdıracaq, lakin bu, narahatlığa səbəb deyil.

Yenə də pop ulduzları?

Rəhimov deyib ki, Formula 1 yarışına təzə sahiblik edənlərin çoxları dövlət maliyyələşdirməsinə ümid edirlər, lakin Bakı yarışı özəl tədbir olacaq.

Təşkilatçı deyib ki, buna baxmayaraq, hökumət bu tədbiri hər bir sahədə dəstəkləyəcək.

Arif Rəhimov bunu da deyib ki, "Baku City Circuit Operations Co” şirkəti yalnız və yalnız Avropa Grand Prix yarışının təşkilatçılığı üçün yaradılıb.

"Biz bol əyləncəsi, çoxsaylı sürprizləri və ulduz çıxışları olan böyük tədbir keçirmək istəyirik…Bu, çox əyləncəli bir ötüş olacaq, burada həm trekdə, həm də ondan kənarda çox şeylər olacaq” – deyib Rəhimov.

Bakıda bu ilin iyununda keçirilən 1-ci Avropa Oyunları xərcləmələr baxımından xeyli mübahisə doğurub. Müstəqil iqtisadçılar yarışmaya sərf olunan büdcə pullarının rəsmi açıqlandığından bir neçə dəfə yüksək olduğunu hesablayıb, bu vəsaiti sosial layihələrə xərcləməyi daha məqsədəuyğun sayıblar.

XS
SM
MD
LG