Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:51

Köçkün: 'Hökumət papağını göyə atsın ki...'


Traktor
Traktor

«25 ildir ki, burda məskunlaşmışıq, 1998-ci ildən burda geniş fermer təsərrüfatları yaratmışıq, quraq torpaqları münbitləşdirib əkin sahələrinə çevirmişik. Buralar bizim daimi iş yerlərimizə çevrilib, yaşayışımızı təmin edirik. Beş ildir ki, canımızdan əl çəkmirlər, bu yaxınlarda da kotan salıb taxılımızı, yoncamızı məhv elədilər. Deyirlər, bu ərazilər satılıb, bir işadamı burda aqropark yaradacaq».

Füzuli rayonu, Harami düzündə məskunlaşmış Füzuli və Laçın köçkünlərinin uzun illər istifadələrində olan əkin sahələri məhv edilib. Bu barədə AzadlıqRadiosuna köçkün ailələr danışıb. Onların deməsinə görə, yerli icra hakimiyyəti polisin köməkliyi ilə fermerlərin yüz hektarlarla əkin sahələrinə kotan salaraq şumlatdırıb.

«GƏNCLƏRİ ŞƏRLƏYİB HƏBSƏ ATMAQLA HƏDƏLƏYİRLƏR»

Köçkün Vilayəddin Həsənov:

«Biz, əsasən, taxıl və yonca əkirik. Burda yaşayanların əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. 1998-ci ildən burda yüz hektarlarla sahələri əkirik, hökumət özü təsərrüfatlarımızı inkişaf etdirmək üçün uzun illər bizə subsidiyalar, əvəzsiz gübrə, dərman ayırıb. Bir tərəfdən o taydakı erməni bizə zülm edir, bir tərəfdən də yerli məmurlar canımızdan bezdirir».

***Buna da bax-Şamaxı sakini: 'Torpağımı hasara ala bilmirəm, 1000 manat istəyirlər'

Köçkün Lətif Bayramov:

«Buralar boş sahələr idi, buralara həyatı biz gətirmişik. Təsərrüfatlarımızı da dişimizlə, dırnağımızla qurmuşuq. Sonradan prezidentin göstərişi ilə subsidiyalar verilib, aqrotexnika üçün kreditlər ayrılıb. Biz də yüzlərlə hektar sahələrdə taxıl, yonca əkmişik, məhsul götürmüşük, gülləbaranın altında hələ dövlətə də xeyrimiz dəyib. İndi bir işadamı çıxıb, bütün torpaqları əlimizdən alıb veriblər ona... Ermənidən çəkdiklərimiz az idi, bir də üstümüzə polis salıblar, gənclərimizi şərləyib həbsə atmaqla hədələyirlər».

800 HEKTAR SAHƏDƏ YÜZLƏRLƏ İNSAN ÇALIŞIR

Burada uzun illərdir ki, 34 köçkün ailəsi ayrı-ayrı fermer təsərrüfatları yaradıb. Elə ərazidə də evlər tikib yaşayırlar. Uzun illər susuzluqla, şəraitsizliklə mücadilə edə-edə təsərrüfatlarını da inkişafdan saxlamayıblar. Təxminən 800 hektar sahədə həm bu ailələrdən, həm də kənar ailələrdən yüzlərlə insan çalışır. Bu sahələrdə 8 min baş xırda, min baş iribuynuzlu və digər növ heyvan da saxlanılır.

***Buna da bax-Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'

Sabir Novruzov deyir, heyvan yatağı dağıdılıb, yüzlərlə iri və xırdabuynuzlu heyvanını bir neçə hissəyə bölərək müvəqqəti olaraq ayrı-ayrı yataqlarda saxlamaq məcburiyyətində qalıb. Onun deməsinə görə, tikililərə 2 min, heyvan yataqlarına görə 5-10 min manat kompensasiya təklif olunur ki, bu məbləğlə də fermerlər razılaşmır:

«Biz bu yataqları yaratmaq üçün iri kreditlərə girmişik, hökumətin təklif etdiyi kompensasiyanın məbləğindən azı beş-altı dəfə çox xərc çəkmişik. «Qaçqınkom»un (Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi) başımıza qaxınc edə-edə verdiyi çörəkpuluya möhtac qalmamaq üçün təsərrüfatlarımızı yaradıb hələ üstəlik nə qədər köçkün ailəsinə də çörək veririk. Bunun nəyi pisdir ki?... Hökumət papağını göyə atsın ki, köçkün özü öz tələbatlarını ödəyir. Mən burda güllə altında taxıl əkirəm, «Qaçqınkom» sədri mənim hesabıma nəvəsinin altına bahalı maşınlar alıb qoyur. Heç olmasa, imkan versinlər, başımızı saxlayaq, qurub-yaratdığımızı da gəlib dağıtmasınlar. Elə etməsinlər ki, yüzlərlə köçkün boynunda plakatla «Qaçqınkom»un qabağına toplaşsın».

«BİR NEÇƏ DƏFƏ ÇOX PUL TƏLƏB EDİRLƏR»

Köçkünlərin iddiasına görə, vaxtilə buralarda əkdikləri 20 min yaşıl ağac da bu yaxınlarda qırılaraq məhv edilib.

Füzuli Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, torpaqların aqropark salınması məqsədilə və fermerlərə kompensasiya ödənilməklə götürülməsi nəzərdə tutulub. Fermerlərə kompensasiya təklif edilsə də, razılaşmırlar. Qurumun bildirməsinə görə, fermerlər heyvan yataqlarına və əkin sahələrinə görə dəyərindən bir neçə dəfə çox pul tələb edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Hafiz Kərimov deyir, əgər torpaqlar dövlət ehtiyacları üçün geri alınmırsa, hansısa işadamının maraqlarına görə fermerlərdən alınırsa, fermerlər şərtləri qəbul etmirlərsə, onlardan torpaqların geri alınması qanunsuzdur:

«Əgər torpaq işlək vəziyyətdədirsə və öhdəliklər yerinə yetirilirsə, torpaqlar istifadəsiz qalmayıbsa, dövlət ehtiyacı olmadan onu fermerin əlindən almaq olmaz. Bu halda fermerlər dəymiş mənəvi və maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər».

XS
SM
MD
LG