Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:33

Gəncə hadisələri: 'Bir nəfərə görə hamını cəzalandırmaq nümunəsi idi'


E.Vəliyev/Y.Səfərov
E.Vəliyev/Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovun güllələnməsinin iki ili tamam oldu.


Hələ də bu hadisənin səbəbləri ilə bağlı birmənalı fikir yoxdur. Baş verənləri terror hesab edənlər də var, sabiq icra başçısının əhaliyə qarşı davranışlarına görə qisasçılıq kimi qiymətləndirənlər də...

İcra başçısını güllələməkdə suçlanan Yunis Səfərovun həbsindən az sonra onun sifətində qan, xəsarət izləri olan fotosu yayıldı. Sosial şəbəkələrdə yayılan həmin fotonun polis idarəsində çəkildiyi, Y.Səfərovun işgəncəyə məruz qaldığı iddia olunurdu. Bunun ardınca – iyulun 10-da Gəncənin mərkəzi meydanında aksiya keçirildi və orada iki polis polkovniki qətlə yetirildi.

Gəncə hadisələrinə görə həbs olunan 70-dən artıq adamın əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı həyat üçün təhlükəli zor tətbiq etmə və s. əməllərdə suçlanırdı. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsildi. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salındı, azadlığa buraxılanlar oldu.

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

"Özü isə bildirir ki, qisasçılıq zəminində törədib"

Meydanda polis polkovniklərini xəncərlə qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev isə hadisədən iki gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldü.

Konkret icra başçısı və mühafizəçisinin güllələnməsiylə əlaqədar isə hələ də məhkəmə araşdırmaları başlamayıb. Bu olayda suçlananların sayı 12 nəfərdir. Onlardan da ikisi saxlanılarkən öldürülüb. Amma təqsirləndirilən şəxs qismində tanınıblar. Qalanları isə Y.Səfərov və daha 9 nəfərdir.

Y.Səfərov açıq məhkəmədə ifadə verib, hadisənin başvermə səbəbi haqda danışmayıb. Heç sabiq icra başçısının də bu olayla bağlı mövqeyi məlum deyil. E.Vəliyev cinayət işində zərərçəkmiş qismində tanınsa da, istintaqa ifadə verməkdən imtina edib. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, E.Vəliyev səhhətinin dindirməyə imkan vermədiyini bildirib.

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, müvəkkili özünü qismən təqsirli hesab edir: "Cinayəti özünün törətdiyini etiraf edir. Amma cinayətin motivi barədə ittihamda yazılanlarla razılaşmır. İddia olunur ki, o, terror məqsədilə bu hadisəni törədib, başqalarıyla birlikdə dövlət çevrilişi hazırlayıb. Özü isə bildirir ki, qisasçılıq zəminində törədib. Şəxsən özünə qarşı münasibətə görə yox, Gəncədə əhaliyə qarşı davranışlara görə".

Ş.Hümbətova
Ş.Hümbətova

"Qəsdən adam öldürməyə cəhd ittihamı o qədər ağ idi ki..."

Gəncə hadisələrində suçlanaraq məhkum edilən dörd nəfərin hüquqlarını müdafiə etmiş Şəhla Hümbətova da hesab edir ki, rəsmi ittihamlarda yazılanlar əsassız idi. Məhkəmələrdə də sübuta yetirilmədi:


"Mən 10 iyul aksiyasına görə həbs olunan şəxslərin hüquqlarını müdafiə edirdim. Onlara qarşı iğtişaşların təşkili, qəsdən adam öldürməyə cəhd kimi ağır ittihamlar irəli sürülmüşdü. Amma məhkəmə araşdırmaları göstərdi ki, o adamların iğtişaşlara aidiyyəti yoxdur. Heç bir sübut ortaya qoymadılar. Qəsdən adam öldürməyə cəhd ittihamı o qədər ağ idi ki, məhkəmənin sonunda mənim vəkil olduğum qrupdakı 8 nəfərdən 6-na münasibətdə o ittihamdan imtina olundu".

Gəncə hadisələrinə görə həbs olunanların ağır işgəncələrə məruz qaldıqlarını vurğulayan vəkilin sözlərinə görə, bu barədə onların hər birinin yazılı ərizələri də var. Amma həmin şikayətlər obyektiv araşdırılmayıb, günahkarlar cəzalandırılmayıb.

"Mən bir vətəndaş olaraq, belə nəticəyə gəldim ki, bu qədər günahsız adamın həbsinin səbəbi göz qorxutmaq idi. Bir nəfər dövlət məmuruna qəsd etmişdi. Şəhər əhalisi həmin icra başçısından o qədər narazı idi ki, ona qarşı olanları pisləmədi. Hökumət də bunu görürdü. Ona görə belə elədilər ki, bundan sonra kimsə dövlət nümayəndəsinə qarşı bu cür hərəkətə cəhd eləməsin. Yəni, Stalin dövründəki kimi, bir nəfərə görə hamını cəzalandırmaq nümunəsi idi", - Ş.Hümbətova belə deyir.

F.Mustafa
F.Mustafa

"Orada bu bazanı yarada bilmişdilər"

Millət vəkili Fazil Mustafa isə Gəncədə baş verənləri xarici xüsusi xidmət orqanlarının, xüsusən cənubdan yönləndirilən bir şəbəkənin Azərbaycan dövlətini sarsıtmaq cəhdi hesab edir. Onun fikrincə, eyni şəbəkə ötən ay Yasamal hadisələrində (sərt həftəsonu karantini günlərində Yasamal rayonunda polisə zibil atılandan sonra aparılan zorakı əməliyyat nəzərdə tutulur – red.) də üzə çıxdı: "Bunlar bir-birilə əlaqəli məsələlər idi. Hesab edirəm ki, bu hadisələrlə bağlı kampaniyalara elə-belə, sadəlövh baxılmamalıdır. Məqsədli şəkildə yönləndirilən aksiyalar idi. Sadəcə, Gəncədə bunu edə bildilər, çünki orada bu bazanı yarada bilmişdilər. Yerli icra hakimiyyətinin özbaşınalıqları camaatı təngə gətirmişdi. Bundan istifadə etdilər. Yerli icra hakimiyyətinin özbaşınalığı nəticəsində yaranmış narazılıq terrorun həyata keçirilməsi üçün münbit şərait yaratdı".

F.Mustafa deyir ki, Gəncədə əhalinin incidilməsi, vətəndaşlara qarşı kobud davranış faktları var idi. Bu mənada, insanların icra başçısından narazılığı başadüşülən idi. Amma icra başçısına qarşı sui-qəsddən sonrakı olaylar da baş verənlərin yalnız ona yönəlmədiyini sübut etdi: "Yerli icra hakimiyyətinə qarşı aksiyanı başa düşmək olardı ki, kimlərsə narazıdır, ona görə baş verir. Amma proseslər göstərdi ki, bu addımları atanlar tamam başqa yerdə xüsusi təlim görmüş insanlar idi. Azərbaycanda belə bir insident olmamışdı ki, günün günorta çağı polisləri qətlə yetirsinlər. Bu, sistemli terror hadisəsi idi. Gəncədə əhalinin narazılığından başqa elementlər istifadə edərək bunu qətliama çevirdilər".

XS
SM
MD
LG