Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:31

Gəncə məhbusunun xanımı: 'Ağrılardan huşunu itirir, müalicə etmirlər'


Həbsxana
Həbsxana

Gəncə hadisələrinə görə həbs olunanlardan Elvin Nəzərovun sağlıq durumunun kəskin pisləşdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Şəbnəm Nəzərova danışıb.

Xanımının sözlərinə görə, E.Nəzərov şiddətli başağrılarından əziyyət çəkir, az qala, hər gün qusur: «Ağrılardan huşunu itirir, müalicə eləmirlər».

Ş.Nəzərova həyat yoldaşına lazımi tibbi yardım göstərilmədiyini iddia edir. Deyir ki, saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları ona ancaq ağrıkəsici verməklə kifayətlənirlər.

«Onun ətraflı müayinə və müalicəyə ehtiyacı var. Amma eləmirlər. Bundan ötrü dəfələrlə rəhbərliyə müraciət etmişik. Amma faydası olmayıb. Əslində, Elvin başağrılarına görə MRT olunmalıdır, bilinməlidir ki, səbəb nədir. Bu da cəzaçəkmə müəssisəsinin daxilində mümkün deyil. Həm müayinə, həm də indiki vəziyyətdən çıxa bilməsi üçün Müalicə Müəssisəsinə köçürülməlidir. Amma köçürmürlər», – Ş.Nəzərovanın sözləridir.

Həyat yoldaşının sağ gözünün görmə qabiliyyətini itirdiyini deyən Ş.Nəzərova düşünür ki, bütün bunlar E.Nəzərovun həbs olunarkən məruz qaldığı işgəncələrin fəsadlarıdır.

M.Sadıqov
M.Sadıqov

«Mütləq tibbi göstəriş olmalıdır»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov E.Nəzərovun ehtiyacı olduğu halda ona tibbi yardım göstərilməməsi, Müalicə Müəssisəsinə köçürülməsinə imkan verilməməsi iddialarıyla razılaşmır. Deyir ki, köçürülmə həkim rəyi əsasında həyata keçirilir: «Əgər həkim hesab etsə ki, köçürülməlidir, bunun qarşısını heç kim ala bilməz. Penitensiar Xidmət bunda maraqlı da deyil, əksinə, məhkumun müalicə olunub sağalmasında maraqlıyıq. Həkimlər də Penitensiar Xidmətə yox, Tibb Baş İdarəsinə tabedirlər».

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da sağlıq durumunda problem olan məhkuma ehtiyacı olan tibbi yardımın göstərilməməsi barədə deyilənləri həqiqətəuyğun saymır. AzadlıqRadiosuna bildirib ki, səhhətindən şikayətlənən istənilən məhkuma dərhal cəzaçəkmə müəssisəsindəki tibb-sanitar hissənin həkimi kömək edir:


«Ehtiyac varsa, kənardan konsultant, mütəxəssislər də dəvət olunur. Stasionar qaydada müalicə zərurəti yaranıbsa, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülür. Bunun üçün mütləq tibbi göstəriş olmalıdır».

Konkret E.Nəzərovun durumuna gəlincə, İ.Qurbanov deyir ki, bu məsələ ilə maraqlanacaq. Çünki indiyədək nə onun özündən, nə də qohumlarından Tibb Baş İdarəsinə şikayət daxil olub: «İstər telefonla, istər məktubla bizə müraciət edə bilərlər. Bəzən elə hal olur ki, məhkumun Müalicə Müəssisəsinə köçürülməsinə zərurət yoxdur, amma qohumları istəyir ki, orada hərtərəfli müayinə olunsun. Biz qohumların bu narahatlıqlarını da nəzərə alırıq».

«Su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər»

E.Nəzərov 2018-ci il iyulun 10-da Gəncədə keçirilən etiraz aksiyasından sonra həbs olunub. O, məhkəmədə bildirib ki, həbs olunarkən və ondan sonra bir neçə gün ərzində işgəncələrə məruz qalıb:


«Məni polis şöbəsinə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər. Boğazımın altında, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vururdular. Bu çox dəhşətli ağrı verirdi. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıqca, ağrının şiddətindən bayılırdım. Bütün bədənim göyərmişdi, qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim...».

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

E.Nəzərov CM-nin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə suçlanaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi onun cəzasını 2 il 6 aya endirib.

XS
SM
MD
LG