Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:59

Həbsdəki general: 'Bu, hansısa filmin ssenarisidir'


Rövşən Əkbərov, (hərbi geyimdə) 2015
Rövşən Əkbərov, (hərbi geyimdə) 2015

20 il öncə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevi öldürməkdə suçlanan general Rövşən Əkbərov bu ittihamın yalan olduğunu deyir.

"Bir nəfər deyə bilməz ki, bu hadisəni mən törətmişəm. Ötən 20 il ərzində bir dənə də sübut ortaya qoyulmayıb. İttihamda yazılanlar sanki hansısa filmin ssenarisidir", - Milli Qəhrəman Əkbərov iyulun 30-da öz məhkəməsində belə deyib.

Onun işinə Bakı Hərbi Məhkəməsində baxılır. Təqsirləndirilən general ifadə verməkdən imtina edib. Deyib ki, zərərçəkən və şahidlər dindiriləndən sonra o da ifadə verəcək.

Nazir müavini və keçmiş komitə sədri generalı qətldə suçlayıblar

Şahidlər sırasında Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov da var. Onlar istintaqa ifadələrində generalı qətldə suçlayıblar.

Mərhum Elçin Əliyevin atası Fəday Əliyev deyir ki, hadisədən sonra bir çoxları ona oğlunu generalın öldürdüyünü deyib:

"Mən yası yola verən kimi Kiyevə gedib, 3 il bu məsələni araşdırdım. Səfirliyin, kafenin işçilərinin hamısı mənə dedi ki, Elçini Rövşən öldürüb. Əgər oğlumun günahı olsaydı, burda olmazdım, qanını halal eləyərdim. Kafedəkilər dedilər ki, aralarında samovara görə mübahisə yaranıb. Kiçik mübahisəyə görə oğlumu öldürüb".

"...40 min dollar və Bakıda 3 otaqlı mənzil"

Bu ölüm işiylə əlaqədar olaydan az sonra Kiyevdə Qüdrət Əhmədov adlı azərbaycanlı həbs edilib. O, təxminən bir ay sonra azadlığa buraxılıb. Ardınca onun barəsində cinayət işinə xitam verilib. Prokurorluq belə nəticəyə gəlib ki, onun günahı yoxdur.

"Qüdrət azadlığa buraxılandan sonra mənə dedi ki, Rövşən cinayəti üstünə götürmək üçün ona 40 min dollar və Bakıda 3 otaqlı mənzil təklif edib. O isə razılaşmayıb", - zərərçəkmiş bu iddianı da ifadəsində səsləndirib.

Təqsirləndirilən general onun dediklərinə cavab verməyib. İfadəni isə gülərək dinləyib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham verilib.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

Ukrayna prokurorluğundan Azərbaycana gələn məktub

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı.

Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər.

1965-ci il doğumlu R.Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

XS
SM
MD
LG