Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:38

'Xəstəxana işçilərinin hamısını pambıq yığımına aparıblar'


Pambıq yığımı (arxiv fotosu)
Pambıq yığımı (arxiv fotosu)

“Göyçay səhiyyə işçiləri pambıq yığımında həvəslə iştirak edirlər. Onlar rayon təşkilatları arasında yığım üzrə yaxşı nəticələr əldə edirlər. Çevik və zirək işçilərimizə ölkəmiz üçün əhəmiyyətli olan bu işdə uğurlar arzulayırıq. Yorulmayasınız!!!”

İlk baxışdan ötən əsrin, sovet dövrünün şüarına bənzəsə də, bu mətn bu günlərdə Göyçay rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində yerləşdirilib. Amma mətbuat bu haqda yazmağa başlar-başlamaz mətn səhifədən yığışdırılıb.

Bəs işi xəstələri müalicə etmək olan səhiyyə zəhmətkeşlərinin pambıq tarlasında nə işi var?

Xəstəxananın baş həkimi Famil Zeynalovla danışmaq istədik, katibəsi məzuniyyətdə olduğunu söylədi. Onun mobil telefonuna isə zəng çatmır. Dəfələrlə zəng etsək də baş həkimin müavini Ləman Hacıyevanın iclasda olduğunu dedilər.

Buna da bax:​ Saatlı pambıqçıları: 'Bu, qul əməyidir...'

Katibə: 'Xəstəxanada hamını pambıq yığımına aparıblar. Burda bir işçimiz var, onu da aparıblar'
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

Famil Zeynalovun katibəsi isə əvvəlcə texniki işçilərin pambıq yığımına cəlb olunduğunu söyləsə də sonradan əlavə etdi:

– Xəstəxana işçilərinin hamısını pambıq yığımına aparıblar. Burda bir işçimiz var, onu da aparıblar. Hamı gedib.

– Siz də getmişdiz?

– Yox, mənim işim elədir ki, getmirəm.

– Kimin göstərişidir bu? İcra başçısının?

– Bəli.

– Bəs buna görə sizə pul ödəyirlər?

– Vallah, mən çox məlumatlı deyiləm.

“Demişik, pambığınızı yığın, pulunuzu alın”

Göyçay rayon icra başçısının birinci müavini İkram Vəliyev AzadlıqRadiosu-na deyir ki, heç kimi məcburi pambıq yığımına aparmırlar:

– Kim istəyir, könüllü gəlsin, pambığını yığsın, pulunu alsın.

Göyçay icra hakimiyyətindən: 'Kim istəyir, könüllü gəlsin, pambığını yığsın, pulunu alsın'
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00
Direct-ə keçid

Buna da bax:​ Ekspert: Pambıq 'təbliğat bitkisi'nə dönüb

– Yəni büdcə təşkilatlarında çalışanlar da?

– Bütün əhaliyə müraciət olunub. Kim istəyir iş vaxtı, işdən sonra, bazar günü gəlsin, pambığını yığsın, həmin gün də pulunu alıb getsin.

– Amma Göyçay Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində yazılıb: “Göyçay səhiyyə işçiləri pambıq yığımında həvəslə iştirak edirlər. Onlar rayon təşkilatları arasında yığım üzrə yaxşı nəticələr əldə edirlər”. Belə çıxır ki, rayondakı büdcə təşkilatlarının əməkdaşları da pambıq yığımına cəlb olunub.

– Səhiyyə işçiləri deyil onlar. Texniki işçilərdir. Üç gündən bir işə çıxırlar. İşləməyən vaxtı onlara deyirik ki, pambığınızı yığın, pulunuzu alın.

– Amma söhbət “rayon təşkilatların”dan gedir, axı.

– Yox, yox... Rayon təşkilatlarının işçiləri var ey, amma texniki işçilərdir. Kim istəyir getsin, kim də istəyir getməsin, özləri bilər. Kimisə məcbur edib pambığa aparan yoxdur. Bizdə maşın var. Pambığı maşınla yığacağıq. İstəsələr də daha pambıq yığımına qoymayacağıq. Elə böyük sahəmiz yoxdur, axı. Cəmi 200 hektar sahə var. O da 16 kəndə 16 hektar düşür. İstəsə, kəndin əhalisi də yığa bilər. Biz maya dəyəri ucuz başa gəlsin deyə saxladıq ki, maşın yığsın. Hamının məcburi aparılması haqda deyilənlər tamamilə yalandır. Heç kimi məcbur etmirik. O iməcilik başqa şeydir, deyərəm “məcburi pambıq yığın”. Yox, bizdə “iməcilik” deyilən şey yoxdur. Kim istəyirsə, gedib könüllü yığa bilər.

İcra nümayəndəsi: “Sağ olsun icra hakimiyyəti...”

Qaraməryəm kəndinin icra nümayəndəsi Seymur Qasımov deyir ki, maşınlar təşkil olunub və arzu edənlər kiloqramı 15 qəpikdən pambıq yığımında iştirak edə bilərlər. “Maşinlari kim təşkil edib” sualını cavablandırmaq istəmir.

'Maşınlar təşkil olunub və arzu edənlər kiloqramı 15 qəpikdən pambıq yığımında iştirak edə bilərlər'
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Buna da bax:​ Azərbaycanda pambıq yığımı sürət götürüb...

Qaraman kəndinin icra nümayəndəsi Vüqar Bəkirovla belə bir dialoqumuz olur:

– Pambıq yığımı gedirmi?

– Bu gün yağışdır, yığmırıq.

– Havalar yağışlıdır, vaxtında yığa biləcəksinizmi? Rəsmi qurumlar sizə yardım edirmi?

– İcra hakimiyyəti sağ olsun kömək verir.

– Yəni pambıq yığımına adam göndərir?

– Bəli.

– Kimlərdir? Büdcə təşkilatlarından köməyə gəlirlər?

– Bəli.

– Bəs tarlalarda maşından istifadə etmirsiz?

– Kiçik ərazilərdir, ora maşın girməsi çətindir.

Rayondakı müxalifət fəallarından aldığımız məlumata görə, həqiqətən də büdcə təşkilatlarında çalışanlar pambıq yığımına cəlb olunurlar. "Bağça müəllimələrini, xəstəxanalarda texniki işçiləri və tibb bacılarını pambıq yığımına aparıblar. Hər bir idarəyə plan qoyulub, adam sayı düzəlməyəndə tibb bacılarını da sıraya qoşurlar. Məktəblərdə müəllimləri olmasa da, xadimələri pambıq yığımına cəlb ediblər. Əvvəlcə kiloqramı 10 qəpikdən pul ödəyiblər. Sonra məbləğ 12, indi də 15 qəpiyə qaldırıblar" – adının açıqlanmasını istəməyən məktəb işçilərindən biri deyir.

Kənd Təsərrüfatı Nazirliyi bu günlərdə AzadlıqRadiosu-na açıqlamasında büdcə işçilərinin pambıq yığımına məcburi cəlb edilməsi barədə yazılanları təkzib etmişdi.

Oktyabrın 10-na olan məlumata görə, plantasiyalardan 27 min ton - ötən ildəkindən 43,4 faiz çox məhsul yığılaraq, emal müəssisələrinə təhvil verilib. Azərbaycanda bu il 24 rayonda – bütövlükdə 52 min hektar sahədə pambıq əkilib. Əvvəlki ilə nisbətdə belə sahələr 2,8 dəfə genişlənib. Emalçılar bu il 100 min ton məhsul qəbul etməyi planlaşdırırlar. Amma iqtisadçı ekspert Qubad İbadoğlu bu günlərdə “Facebook” səhifəsində yazırdı ki, “hətta yığıma hazır olan sahələrdə də pambıq tarlalarda qalıb çürüyür”. Ekspert indi Azərbaycanda pambığın «təbliğat bitkisi»nə döndüyünü vurğulayırdı.

XS
SM
MD
LG