Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:04

Qara dəniz limanı Gürcüstanın geosiyasi gələcəyini müəyyənləşdirə bilər


Gürcüstanın Anakliya limanının "Anakliya" otelinin damından görüntüsü. Mərkəzdən solda görünən baxış qülləsi ləzzətli yemək restoranı olmaq üçün nəzərdə tutulmuşdu, lakin struktur boş olaraq qalır.
Gürcüstanın Anakliya limanının "Anakliya" otelinin damından görüntüsü. Mərkəzdən solda görünən baxış qülləsi ləzzətli yemək restoranı olmaq üçün nəzərdə tutulmuşdu, lakin struktur boş olaraq qalır.

Data Qabeliya "Anakliya" otelində çalışdığı 20 ildə 1500 nəfərlik sakini olan bu kiçik Qara dəniz şəhərinin zənginləşməsini də görüb, yoxsullaşmasını da.

"İşlər irəli getməkdənsə geri gedir"

2000-ci illərdə ozamankı prezident Mixeil Saakaşvili Anakliyanı yüksək səviyyəli kurort məkanına çevirməyə çalışırdı. O, 2012-ci ildə hakimiyyətdən gedəndən sonra yeni hökumət bu cəsarətli planı yarımçıq qoyaraq yarıtikili binaları, eləcə də çimərlik sahilindəki otel və restoranları başlı-başına buraxıb.

Daha bu şəhərdə əvvəlki kimi musiqi şənlikləri və yay tədbirləri də keçirilmir.

"Mən burada olduğum müddətdə işlər irəli getməkdənsə geri gedir", - Qabeliyanın sözləridir.

Ancaq indi Anakliya özünə yeni kimlik qazana bilər. Bu dəfə o, Gürcüstanı ticarət yolları və infrastruktur uğrunda qlobal rəqabətin mərkəzinə çevirə və geosiyasi intriqanın mövzusu ola bilər.

Hökumət Anakliyada dərin dəniz limanı tikmək kimi iddialı bir planını açıqlayıb. Rusiyanın Ukraynaya tammiqyaslı hücumu və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların ardınca dünyadakı daşıma şirkətləri və hökumətlər də yeni ticarət yollarının axtarışına çıxıb.

Uğurlu olsa, bu plan Gürcüstanın Avropa və Asiya arasında əsas tranzit məntəqəsi rolunu kəskin artıra və ölkənin qlobal ticarətdə "darboğaz" statusunu yumşalda bilər.

Brüssel nədən təlaşlanır?

Meqalayihəni kimin tikəcəyi ölkəiçi və xarici siyasi ziddiyyətlərin mövzusuna çevrilib. Avropa Birliyi üzvlüyünə namizəd olmağa çalışan Gürcüstan eyni zamanda son illərdə Rusiya ilə bağlarını möhkəmləndirərək Brüsseli təlaşlandırır. Ölkə özünün irimiqyaslı infrastruktur layihələrini gerçəkləşdirməkdən ötrü get-gedə daha çox Çin şirkətlərinə üz tutur.

Bu layihənin tenderi sayəsində Anakliya Gürcüstanın Qərb və Avropa Birliyinə inteqrasiya yolunda qaldığını, yoxsa Rusiya və Çinə daha çox yaxınlaşdığını göstərən lakmus kağızı olacaq.

"Rusiyanın hücumuna görə Qara dəniz ətrafında anormal geosiyasi dövrün içindəyik. İşlər bu qədər dəyişkən olanda nəyisə planlaşdırmaq çətindir, ancaq bilirik ki, bizim etmədiklərimizi başqaları edəcək", - Alman Marşall Fondunun qonaq təqaüdçüsü və AB-nin keçmiş emissarı Romana Vlahutin AzadlıqRadiosuna belə deyib.

Rusiyadan keçən tranzit yollarından yan ötməyin əsas alternativi "Orta Dəhliz"dir. Bu yol Azərbaycan və Gürcüstandan keçərək Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir. Rusiyanı dünya ticarət şəbəkələrindən təcrid edə bilən strateji infrastruktur axtarışında olan Brüsselin də bu yola marağı çoxalıb. Orta Dəhlizin Çinin Kəmər və Yol Təşəbbüsü (BRI) ilə rəqib olma potensialı da var. BRI Pekinin yüz milyardlarla dollar yatırdığı nəhəng qlobal inkişaf layihəsidir. Çin bu infrastruktur layihələrinə maliyyə ayırmaqla dünyada öz nüfuzunu möhkəmləndirməyə çalışır.

Limanın tikintisinə 2018-ci ildə başlaya bilmək üçün Anakliya sakinləri bu ərazidən köçürülüb. Limanın tikintisi üçün ilk tender 2020-ci ildə ləğv edildikdən sonra o, boş qalıb. Gürcüstan hökuməti layihəni canlandırmaq üçün hərəkətə keçib və hazırda yeni təklifləri qəbul edir.
Limanın tikintisinə 2018-ci ildə başlaya bilmək üçün Anakliya sakinləri bu ərazidən köçürülüb. Limanın tikintisi üçün ilk tender 2020-ci ildə ləğv edildikdən sonra o, boş qalıb. Gürcüstan hökuməti layihəni canlandırmaq üçün hərəkətə keçib və hazırda yeni təklifləri qəbul edir.

Anakliyasız mümkün deyil?

"Əgər [Brüssel] Orta Dəhlizin reallaşması məsələsində ciddidirsə, bunu Anakliyasız etmək mümkün deyil", - yenə R.Vlahutinin sözləridir.

Düzdür, Gürcüstanın yüksək keyfiyyətli infrastrukturunun olmaması onun tranzit potensialının reallaşmasını çətinləşdirir. Sərhədlərdə, eləcə də Batumi və Poti limanlarında yük maşınlarının yaratdığı uzun növbələr ötən ildən bəri artıb.

Nəticədə Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı kimi qurumlar Gürcüstanda dərin dəniz limanı tikilmədən nə ölkənin, nə də Orta Dəhlizin qlobal ticarət yolu kimi rəqabətli ola biləcəyi barədə xəbərdarlıq edib. Dərin dəniz limanı daha iri gəmilərin daha iri həcmdə və daha səmərəli qiymətə mal daşıya bilməsinə imkan yaradardı.

Əsas və iddialı öncəlik?

Baş verənlər fonunda Gürcüstan hökuməti ötən ildən bəri layihəni canlandırmaq barədə danışmağa başlayıb. 2021-ci ildə yenidən hökumət başçısı olan Baş nazir İrakli Qaribaşvili deyib ki, Anakliyada liman tikmək onun hökumətinin əsas və iddialı öncəliyidir. Bu ilin əvvəlində isə o, tender elan edib. Baş nazir gəlirin 51 faizini hökumətin özünə saxlayacağını da deyib.

Bu hərəkət bəzi müşahidəçiləri təəccübləndirib, axı Gürcüstanın TBC Bankı ilə ABŞ-da yerləşən "Conti International" şirkətinin yaratdığı konsorsium Anakliyada dərin dəniz limanı tikməyə cəhd göstərsə də, 2020-ci ildə hökumət həmin layihəni ləğv edib. Bu addım illərlə sürən ziddiyyətlər doğurub.

Sözügedən konsorsiumu 2017-ci ildə öncə bankir, daha sonra müxalif siyasətçi olan Mamuka Xazaradze yaradıb. O, 2019-cu ildə "Lelo for Georgia" (Gürcüstan üçün çalış) partiyasını qurub və az sonra partnyoru, Gürcüstanın ən iri bankı olan TBC Bankın həmtəsisçisi Badri Caparidzeyə qarşı pulyuma ittihamları irəli sürülüb.

Bu ittihamların ardınca amerikalı investor konsorsiumdan geri çəkilib, layihə dayandırılıb və hökumət 2.5 milyard dollarlıq liman sazişini ləğv edib. Ötən il məhkəmə Xazaradze və Caparidzeni dələduzluqda suçlu bilsə də, onlara həbs cəzası kəsilməyib.

Baş nazirlə şəxsi münaqişə də mane olub?

Xazaradze iddia edib ki, hökumət rəsmiləri layihəni sabotaj etməyə çalışıblar və bu mübahisənin arxasındakı gerçək məsələ onun keçmiş baş nazir və hakim "Gürcü Arzusu" partiyasının rəhbəri milyarder Bidzina İvanişvili ilə şəxsi münaqişəsidir.

Gürcüstan mediasında Rusiyanın roluna dair də spekulyasiyalar yayılıb. Bu versiyaya görə, Rusiya layihənin dayandırılması üçün Tbilisiyə təzyiq göstərib, axı Moskva Qara dənizdə Amerika şirkətinin dəstəyi ilə tikilən, üstəlik, onun Novorossiysk limanı ilə rəqabət apara biləcək başqa limanın istifadəyə verilməsini xoş qarşılamır.

Xazaradze AzadlıqRadiosunun müsahibə xahişini qəbul etməyib. O, hökuməti Londonda yerləşən arbitraj məhkəməsinə verir, ancaq layihənin yenidən dirçəldilməsinə də qarşıdır. Xazaradze düşünür ki, onun işinə görə törədilən leqal əngəllər, eləcə də hökumətin limanın 51 faizini hökumətin özünə saxlamaq istəyi layihəyə yetərli sərmayə cəlbinə imkan verməyəcək.

Bütün bu ziddiyyətlərə baxmayaraq, Anakliya layihəsi ilə bağlı tender davam edir. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin tərkibində fəaliyyət göstərən LEPL Anakliya Dərin Dəniz Limanı Tikintisi Agentliyinin direktoru David Cavaxadze AzadlıqRadiosuna bildirib ki, müraciətlər üçün son tarix iyunda keçib və hazırda müraciətlər nəzərdən keçirilir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Pekində çinli həmkarı Li Çian ilə görüşür.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Pekində çinli həmkarı Li Çian ilə görüşür.

Limanı tikəcək şirkətin seçilməsindən sonra milyardlarla dollara başa gələcək bu layihənin bir neçə ilə tamamlanacağı bildirilir. Eyni zamanda, hansı şirkətlərin seçiləcəyi və onların hansı ölkələri təmsil etdiyi diqqət mərkəzindədir.

Gürcüstanla çinli investorların bir-birinə qarşılıqlı marağı artmaqdadır. Baş nazir Qaribaşvili iyulda Çenduya səfər edib və Gürcüstanın Pekinlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bu, tenderdə Çin şirkətinin qalib olacağı ilə bağlı spekulyasiyaları gücləndirib.

Bu, baş verərsə, xüsusən də dekabrda AB-nin Gürcüstana namizədlik statusu verilməsi ilə bağlı qərarını elan etməsi ərəfəsində Tbilisinin Brüssellə münasibətləri soyuya bilər.

Son illərdə Tbilisinin artan antiqərb ritorikası, qanunun aliliyi ilə bağlı narahatlıqlar, hökumətin Ukrayna müharibəsi ilə bağlı neytral mövqe tutması, Rusiya ilə münasibətlərin dərinləşməsi, hakim partiyanın demokratiyanı gerilətməsi onsuz da Brüssel və Vaşinqtonla münasibətləri xeyli gərib.

Fevral ayında hökumət qalmaqallı "xarici agent" qanununu parlamentdən keçirməyə çalışıb. 2012-ci ildə Rusiyada qəbul edilmiş ziddiyyətli qanundan köçürülmüş bu qanun layihəsi maliyyələrinin 20 faizindən çoxunu xarici mənbələrdən alan media, QHT, vətəndaş cəmiyyətini təmsil edən qurumlar və fərdlərin "xarici təsir agentləri" adlandırılmasını nəzərdə tutur. Davamlı küçə etirazları və xarici beynəlxalq aləmin qınağı sayəsində hökumət mart ayında qanun layihəsini geri çəkməli olub. Brüssel də bu qanun layihəsinin AB dəyərlərinə zidd olduğunu demişdi.

AB-nin Gürcüstandakı nümayəndəliyinin missiya rəhbərinin müavini Asunsyon Sançes Ruis deyir ki, Anakliya dərin dəniz limanı tenderində kimin qalib olması bir növ lakmus kağızı rolunu oynayacaq. O deyir ki, AB bu işdə Avropa şirkətlərinin iştirakını görməkdə çox maraqlıdır.

XS
SM
MD
LG