Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Gəncə işi: 'O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı'


Foto illüstrasiya
Foto illüstrasiya

Gəncə hadisələrinə görə həbs olunmuş daha 7 nəfərin cəzası azaldıla bilər. Prokuror məhkəmədə bu təkliflə çıxış edib. Söhbət Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Məmmədov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadəElvin Əliyevdən gedir.

Bir həftə öncə Gəncə hadisələriylə bağlı 11-nəfərlik başqa bir qrupun işində olduğu kimi, burada da prokuror ittihamın yüngülləşdirilməsini - CM-in 315.2 maddəsindən 315.1-ə tövsif edilməsini uyğun sayıb. Bu maddənin birinci bəndində hakimiyyət nümayəndəsinə (bu hadisələrdə polisə-red.) müqavimət göstərmə, zor tətbiq etməyə görə, ikinci bəndində isə həm də həyat və sağlamlıq üçün təhlükəli xəsarət yetirmə, zorakılığa görə məsuliyyət nəzərdə tutulub. Cəza müddətləri də fərqlidir.

«Hamımızın qanı bir-birinə qarışmışdı»

Prokuror CM-in 220.1 (kütləvi iğtişaşların təşkili, iştirak etmə) maddəsiylə verilən ittihamın isə olduğu kimi saxlanmasını istəyib. O iddia edib ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.

Bu 7-nəfərlik qrupdan Y.İsmayılzadə 9 il, Z.Məmmədov 8 il 6 ay, İ.Məhərrəmzadə 8 il, A.Yusifov və Q.Qarazadə 7 il 6 ay, E.Əliyev və A.Rüstəmov isə 6 il həbs cəzası alıb. Prokuror bu cəza müddətlərinin 4 il 6 ay-5 il 6 ay azaldılmasını təklif edib. Təqsirləndirilən şəxslərdən E.Əliyevə isə 1 il cəza istəyib.

Prokurorun çıxışı məhkəmə zalında olan valideynləri qane etməyib. Onlar prokurora etirazlarını bildiriblər. Deyiblər ki, övladları günahsızdır, nəinki 4-5 il, heç 1 il də həbsdə qalmamalıydı.

Təqsirləndirilən E.Əliyev də etiraz edib. Deyib ki, ittihamlar da, işdəki ekspert rəyləri də saxtadır.

Ekspert rəylərində Gəncə hadisələri zamanı öldürülən, xəsarət alan polislərin paltarlarında həbs olunan şəxslərin şalvar-köynəklərinə aid liflərin aşkarlandığı bildirilir.

«Bizi gecə-gündüz döyürdülər. O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı. Hamımızın qanlı paltarlarını eyni yerə tökmüşdülər. Sonra da ekspert rəy verir ki, filankəsin paltarında filankəsin paltarının lifi tapılıb», – təqsirləndirilən E.Əliyev belə deyib.

Bu iş üzrə məhkəmə avqustun 8-də davam edəcək.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG