Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:59

'Hamımız 'korrupsiyadan qorunma maskası' ilə gəzməliyik'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Son aylarda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə miqyasında bir sıra həbslərlə müşahidə edilən əməliyyatlar keçirib. Həbs olunanlar arasında icra başçıları, nazir müavini, general və polkovniklər var. Onlar mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli sayılırlar.

Belə həbslər bundan sonra da davam edə bilərmi?

Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli "Turan" agentliyinə deyib ki, baş verənlər səbəbsiz deyil, ölkədə rüşvətxorluq, korrupsiya halları, məmur özbaşınalığı milli təhlükəsizliyə təhdid həddinə çatmışdı. Onun fikrincə, korrupsiya və rüşvətə, nəhəng bürokratiya aparatına qalib gəlmədən dövlət quruculuğu sahəsində qarşıya qoyulan hədəflərə çatmaq olmur. O hesab edir ki, Azərbaycan cəmiyyətində korrupsiya və məmur özbaşınalığı ilə mübarizənin zəruriliyini təkcə bu ağırlığı öz üzərində hiss edən sadə vətəndaşlar deyil, dövlətin siyasi rəhbərliyi də qəbul etməyə başlayıb: "Onlar görürlər ki, böyük işlər başlanır, tapşırıqlar verilir, kifayət qədər irihəcmli maliyyə vəsaitləri ayrılır. Amma nəzərdə tutulan hədəflərə çatılmır və üstəlik, maliyyə vəsaitlərinin bir qismi mənimsənilir".

Q.Hüseynli
Q.Hüseynli

"... Fəlakətli nəticələrə gətirib çıxara bilərdi"

Politoloq əlavə edib ki, ölkədə korrupsiya mühitinin bundan sonra da davam etməsi fəlakətli nəticələrə gətirib çıxara bilərdi. Onun fikrincə, buna görə də rüşvət və korrupsiya üzərinə hücum başladı.

Q.Hüseynlinin sözlərinə görə, 2018-ci ildən ölkədə bürokratik aparatın sadələşdirilməsi, ixtisar olunması, çevik və mobil qurumlarla əvəz edilməsi istiqamətində ciddi struktur, kadr islahatları başlayıb:

"...Xalqın qanını zəli kimi sorur"

"Belə görünür ki, ölkənin siyasi elitasında, idarəetmə aparatında oliqarxlaşmış, harınlamış təbəqə mövcuddur və bu təbəqə heç nəyi saya salmadan xalqın qanını zəli kimi sorur. Bunları aradan qaldırmadan irəli getmək mümkün deyil".

"Səmərəli saymaq olar"

Q.Hüseynliyə görə, aparılan bu mübarizəni səmərəli saymaq olar: "Amma etiraf etmək lazımdır ki, təkcə onlarla iş bitmir. Rüşvət və korrupsiya mərkəzdən tutmuş aşağılara qədər özünü büruzə verir. Ona görə də bunun kökünü kəsmək üçün ciddi mübarizə, kadr islahatı ilə vəziyyətdən çıxmaq olar".

H.Hacızadə
H.Hacızadə

"Bu, korrupsiya ilə mübarizə deyil"

Politoloq Hikmət Hacızadə isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, bu yolla korrupsiya ilə mübarizə aparıb qalib gəlmək mümkün deyil: "Bu, korrupsiya ilə mübarizə deyil. Rayonun icra başçısını tuturlar, prokuroru, məhkəməsi, polisi kənarda qalır. Onlar öz yerində qalaraq yenə "haq"larını tələb edə bilərlər".

H.Hacızadəyə görə, bu mübarizə ciddi deyil və bununla bağlı iki fərziyyə var:

"Müqavimət göstərmək istəyənləri isə "dənləmək" istəyirlər"

"Birincisi, guya payızda hakimiyyətin ötürülməsi, yeni prezident seçkiləri gözlənilir. Odur ki, hamını qorxutmaq, susdurmaq metodu işə salınıb. Müqavimət göstərmək istəyənləri isə "dənləmək" istəyirlər. İkinci isə, Azərbaycan Qərbdən kreditlər ala bilmək üçün görüntü yaradır. Bununla göstərirlər ki, korrupsiyaya ilə mübarizə, müxalifətlə dialoq gedir və ya başlandı".

H.Hacızadə belə əməliyyatların bundan sonra da davamı edəcəyini istisna etmir, amma bunu korrupsiya ilə əsaslı mübarizə saymır: "Ölkəni korrupsiyadan azad etmək üçün korrupsioner vəzifə sahibləri ilə birgə qanunvericilik də dəyişməli, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu sahədə isə hələ ki, heç nə edilmir. Korrupsiya isə Azərbaycanda "epidemiya" halındadır. Hamımız "korrupsiyadan qorunma maskası" ilə gəzməliyik. Amma o görünmür".

XS
SM
MD
LG