Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:06

İran Kannda mükafat almış filmi qərəzli sayır


 "Holy Spider" filmindən kadr
"Holy Spider" filmindən kadr

İran mayın sonlarında Kann film festivalında şiələrin müqəddəs şəhərində seks işçilərinə qarşı silsilə qətllər törədən qatil haqqında filmə verilmiş mükafatı "qərəzli və siyasi" adlandıraraq rədd edib.

İranlı Zər Əmir İbrahimi mayın 28-də "Holy Spider" (Müqəddəs hörümçək) filmində oynadığı rola görə Kann film festivalının "ən yaxşı aktrisa" mükafatına layiq görülüb. Filmin müəllifi İran əsilli danimarkalı rejissor Əli Abbasidir.

"Qərəzli, siyasi davranış"

Şəxsi həyatı ətrafında aparılan çirkli kampaniyadan sonra ölkəsini tərk etməli olan İbrahimi bu filmdə İranın müqəddəs şəhəri sayılan Məşhəddə seks işçilərinin silsilə qətlərini araşdırmağa çalışan jurnalisti canlandırır.

İranın Mədəniyyət Nazirliyinə bağlı Kino Təşkilatı aktrisanın mükafatlandırılması haqda qərarı qəzəblə qarşılayıb. Qurum festivalı "yalan və iyrənc" bir filmi təqdir etməklə qərəzli və siyasi davranmaqda günahlandırıb.

Qurum rəsmi açıqlamasında bildirib ki, bu film "İran cəmiyyətinin imicini təhrif olunmuş şəkildə təqdim edir və şiələrin inanclarını açıq təhqir edir".

Rüşdinin yolu

Bəyanatda deyilir ki, film Salman Rüşdinin "Şeytan ayələri" kitabında getdiyi yolu gedir. "Booker" mükafatına layiq görülmüş britaniyalı-amerikalı yazıçı Salman Rüşdi də vaxtilə İran islam rejiminin ciddi tənqidi ilə üzləşmişdi.

İranın keçmiş ali dini lideri Ayətulla Ruhulla Xomeyni 1989-cu ildə Rüşdinin kitabını "küfr" adlandıraraq yazıçının ölümünə çağıran fətva vermişdi.

"Holy Spider" filminin ideyası 2000-ci illərin əvvəllərində fəhlə sinfinə mənsub bir kişinin seks işçilərini qətlə yetirdiyi gerçək hekayəyə əsaslanır. Səid Hanai adlı həmin qatil, həqiqətən də, "Hörümçək qatil" kimi tanınırdı.

"Holy Spider" filmindən kadr
"Holy Spider" filmindən kadr

Filmdə iranlı aktyor Mehdi Bacestaninin canlandırdığı Səid Hanai ailə başçısı, Məşhəd sakini, dindar şiə və İran-İraq müharibəsi veteranı idi. Ancaq bu adam, eyni zamanda, cəmi bir neçə ay ərzində 16 qadını amansızlıqla qətlə yetirmiş cani idi.

Filmin başlanğıcında o, artıq qurbanlarının yarısını öldürüb. Film Hanainin qurbanlarından birinin həyatının son gecəsi ilə başlayır.

Evdə yaxşı ata...

Bəzənib-düzənmiş Somayə yatmış övladını öpərək evdən çıxır və həmişə dayandığı nöqtəyə gedir. Bir-iki müştəriyə "xidmət edir". Zəngin bir zəfəran tacirinin evində narkotik qəbul edir. Səid öz motosikleti ilə gəlib onu götürəndə o, narkotikin təsiri altında idi. Ancaq Səidin yaşadığı binanın pilləkənlərinə çatanda təhlükəni hiss edib getməyə çalışır. Səid ona güc gəlib baş örtüyü ilə onu boğur və cəsədini yaxınlıqdakı təpəliyə atır. Bu zaman Martin Dirkovun əsrarəngiz musiqisinin sədaları altında kamera gecə səmasına yüksəlib oradan Məşhədi (əslində isə film Əmmanda çəkilib) göstərir.

Evdə isə Səid balaca qızı və yeniyetmə oğluna yaxşı ata, arvadının hörmətini saxlayan ərdir. Ailəsinin Səidin tək olanda onların öz evlərindəcə nə etdiyindən xəbəri yoxdur. Tehranlı jurnalist Rahiminin fəaliyyəti olmasa, bəlkə, heç vaxt xəbərləri olmazdı.

"Holy Spider" filmindən kadr
"Holy Spider" filmindən kadr

Mizoqiniyanın təsviri

Rahimi real olmayan, ümumiləşdirilmiş bədii qəhrəmandır. O, Şərifi adlı yerli jurnalistlə birləşib qətlləri törədən caninin şəxsiyyətini araşdırmağa çalışır.

İordaniyada çəkilən film İranın ikinci ən böyük şəhərinin hörümçək torunu xatırladan, məbədə aparan yollarını nümayiş etdirir.

Filmdə bu hərəkətlərin Səidin özündən daha çox onu əhatə edən mühitdən qaynaqlandığı mesajı verilir. Hətta cəmiyyətin müəyyən hissəsi, o cümlədən onun öz yaxınları onun cinayətlərini qəhrəmanlıq kimi görüb bəyənirlər. "Variety" yazır ki, filmdə mizoqiniyanın (qadınlara qarşı nifrətin) İran cəmiyyətinin mühüm hissəsinə çevrilməsi əks olunub.

Filmin ulduzu İbrahimi karyerasına İranda başlayıb. Ancaq 2006-cı ildə ona və sevgilisinə aid olduğu deyilən seks videosunun yayılmasından sonra ölkəsini tərk etməyə məcbur olub.

XS
SM
MD
LG