Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

'Human Rights Watch' Qarabağa qayıdışla bağlı şərt qoymağa çağırır


Minsk qrupunun keçmiş həmsədri: '90-cı illərdə azərbaycanlı köçü Ermənistanın nüfuzunu zədələmişdi'
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Minsk qrupunun keçmiş həmsədri: '90-cı illərdə azərbaycanlı köçü Ermənistanın nüfuzunu zədələmişdi'

Azərbaycanla Ermənistan arasında danışıqlara vasitəçilik edən hökumətlər rəsmi Bakının qarşısında Qarabağın etnik erməni sakinlərinin regiona qayıdışına sayqı, bu hüququn qorunması və gerçəkləşməsinə dair konkret öhdəlik qoymalıdır. Bunu "Human Rights Watch" insan haqları təşkilatı oktyabrın 5-də yaydığı bəyanatda bildirir.

Bakı sentyabrın 19-20-də birgünlük əməliyyatla Qarabağa nəzarətini bərpa edib, regiondakı separatçı rejim özünü buraxdığını açıqlayıb. Bundan sonra azı 100 min erməninin regiondan Ermənistana getdiyi bildirilir.

Müstəqil missiyaya şərait yaradılsın

"Azərbaycanın region və sakinləri üçün reinteqrasiya planında insan haqlarına, özəlliklə etnik azlıqların hüquqlarına qısa və uzunmüddətli sayqı aydın ifadə olunmalıdır; bu öhdəliklərin davamlı beynəlxalq monitorinqi üçünsə müstəqil missiyaya şərait yaradılmalıdır", – bəyanatda vurğulanır.

Prezident Administrasiyası (PA) oktyabrın 2-də Qarabağın erməni sakinləri üçün reinteqrasiya planını açıqlayıb. Plana görə, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə gerçəkləşdirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərdən bütün silahlar yığılır və onlar daxili işlər orqanlarına işə cəlb oluna bilər. Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

"Azərbaycanın tərəfdaşları ölkə rəhbərliyinə birmənalı mesaj verməlidirlər ki, qayıdış hüququna dair boş ritorikanı və yarımçıq tədbirləri qəbul etməyəcəklər", – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson (Hugh Williamson) deyib.

Qarabağa qayıtmaq istəyənlər var

"Human Rights Watch" Ermənistan sərhədində Qarabağdan getmiş 14 nəfəri və 7 ailəni, eləcə də 12 humanitar işçini, tibbi personalı, Ermənistan rəsmilərini və Qarabağdakı keçmiş rejimin bir təmsilçisini danışdırıb. Onlar evlərini qorxu və çaxnaşma içində tərk etdiklərini deyiblər. Müsahibə verənlərin çoxu şəxsi əşyalarını yığmaq üçün Qarabağa getməyi nəzərdən keçirəcəklərini, ancaq bunu yalnız beynəlxalq qoruma altında edə biləcəklərini söyləyiblər.

Xankəndidən bir kişi deyib ki, ailəsi ilə daha uzun müddətə qayıda bilərdi, "əgər Azərbaycan orada ermənilərə icma şəklində – erməni məktəbləri, erməni kilsəsi, icma üzvlərindən ibarət administrasiya ilə yaşamağa icazə versəydi".

Azərbaycanın açıqladığı reinteqrasiya planına görə, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunmalıdır. Eyni zamanda, erməni dilinin istifadəsinə imkan yaradılmalıdır.

Öncə baş verənlər

Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də isə tanınmayan qurum özünü buraxdığını elan edib. Separatçı qurumun liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG