Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

'Prezidentin çıxışında heç bir emosiya yox idi'


Səməd Seyidov
Səməd Seyidov

“Venesiya Komissiyasının rəyi siyasi sifarişdir...”

“BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Michel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”.

“Avropa Parlamentinin qətnaməsini biz Azərbaycanda çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik”.

“Freedom House” isə ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır”.

Bu son bir həftədə və ya son 10 gündə Azərbaycan rəsmilərinin, özəlliklə də prezident İlham Əliyevin, Prezident Administrasiyasının rəsmilərinin dilindən beynəlxalq qurumların tənqidlərinə verilən cavablardır.

Buna da bax:​ Prezident Administrasiyasından Venesiya Komissiyasının rəyinə cavab gəldi

Prezidentin köməkçisi Əli Həsənov həmin tənqidləri “bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsi”, “sifarişli kampaniya” adlandırmışdı. O, belə tənqidlərin, onun dili ilə desək, “bu cəhdlərin hansısa səmərə verəcəyinə” inanmadığını söyləmişdi.

Hətta o, yaxın günlərdə növbəti tənqidi bəyanatların olacağını da istisna etməmişdi. Doğrudanmı Azərbaycandan qıraqda hamı orkestr şəklində Bakını tənqid etməkdən ötrü növbəyə düzülüb?

“Xeyr! Çox təəssüf ki, hamı deyil”

“Xeyr! Çox təəssüf ki, hamı deyil”. Fransada mühacir həyatı yaşayan jurnalist, hakimiyyətə tənqidi münasibəti ilə seçilən “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilov sualımıza belə cavab verir.

Onun fikrincə, əksinə, bu tənqidlər azdır, Azərbaycan hakimiyyəti, əslində, daha çox və daha sərt tənqid edilməlidir: “Azərbaycanda siyasi vəziyyət elədir ki, hakimiyyətə qarşı bir xor, ansambl çıxış etməlidir. Fəqət, bu yoxdu”, – söyləyir Natiq Ədilov.

“Bir sıra Avropa ölkələri, bır çox təşkilatlar, siyasətçilər, çox təəssüf ki, idealist dəyərlərindən çox praqmatik maraqlarını üstün tutaraq avtoritar Əliyev rejimi barədə ya susur, ya da onu tərif edirlər”, jurnalist vurğulayır.

Həmsöhbətimizin fikrincə, bu, “ciddi problemdir” və Azərbaycan xalqını “geri atır”.

Buna da bax:​ Azərbaycana səfər edən M.Forst: 'Onlar xain yox, qəhrəmandırlar'

Bakını qıcıqlandıran səbəb

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, sadəcə, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü “demokratik açılımı” həyata keçirmək, insan haqları ilə bağlı öhdəliklərə əməl etmək istəmir. Ona görə də hər hansı təzyiqi, tənqidi “qıcıqla” qarşılayır.

“Ancaq digər tərəfdən, rəsmi Bakı gözəl anlayır ki, Qərb təsisatlarıyla əməkdaşlıq etməzsə, vəziyyət ağırlaşa bilər. Odur ki, son vaxtlar Azərbaycan hakimiyyətinin bəyanatlarında Avropaya qayıdış hiss olunur, o cümlədən ATƏT-in Bakı ofisinin açılma perspektivi də qüvvətlənir. Bütün bunlara baxmayaraq, Bakı anlayır ki, Avropa və Qərb təsisatlarının insan hüquqlarının pozulduğu, siyasi məhbusların olduğu, mətbuat azadlığının olmadığı bir ölkəylə əməkdaşlığı mümkün deyil”.

Azər Rəşidoğlu Azərbaycan hakimiyyətinin “siyasi maraqlar naminə” Qərblə əməkdaşlıq etmək istədiyini, amma demokratik islahatlara getmək fikrində olmadığını bildirir. Siyasi şərhçinin qənaətincə, indiki böhran vəziyyətində Azərbaycan hakimiyyəti seçim qarşısında qalıb.

Buna da bax:​ Venesiya Komissiyası: «Düzəlişlər QHT-lərin fəaliyyətini məhdudlaşdırır»

Səməd Seyidov: “Mühüm olan xalqın iradəsidir, nəinki hansısa...”

Təxminən 10 gün öncə, referendum öncəsi beynəlxalq qurumlardan tənqidi fikirlər gəldiyi bir vaxtda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla danışdıq. O zaman yayımlamadığımız telefon söhbətində cənab Seyidov beynəlxalq qurumların tənqidlərinin “qərəzli” saymış, hakimiyyət üçün xalqın iradəsinin “daha önəmli” olduğunu söyləmişdi, “nəinki hansısa beynəlxalq qurumdakı...” Cümlənin davamını gətirməmişdi.

Dövlət başçısının Avropa Parlamentinin nümayəndələri ilə görüşünə toxunan Səməd Seyidov demişdi: “Prezidentin çıxışında heç bir emosiya yox idi, o, yalnız faktla danışırdı. O yazıq, bədbəxt, rəhmətə getmiş jurnalistin prezidentə nə aidiyyatı var? Bunu necə özünə hörmət edən təşkilat hesabata sala və prezidenti bununla ittiham edə bilər? Bu çıxışda sərtlik yox idi. Əksinə, konstruktiv münasibətlər, yaranmış vəziyyəti faktlar əsasında təhlil var idi. Avropa Parlamentindən göndərilən missiya (özü də onlar bizim təşəbbüsümüzlə gəlməyiblər) etiraf etdilər ki, bu məsələ obyektivlikdən uzaqdır. Biz indi “Avronest”lə münasibətlərimizi bərpa edirik, ancaq yəqin, bu, sizə maraqlı mövzu deyil, siz tənqid, mənfi şeylər axtarırsınız”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabr 20-də Avropa Parlamenti missiyası ilə görüşündə xəstəxanada dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin ölümündə adının dolayısıyla hallanması, eləcə də bir sıra insan haqları pozuntularıyla bağlı tənqidlərə sərt şəkildə rədd edib.

Buna da bax:​ İlham Əliyev AŞPA-nın referendum missiyası ilə görüşüb

“O qurumların məsləhətlərini yerinə yetirənlər hansı vəziyyətdədirlər?”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov beynəlxalq qurumlardan gələn tənqidlər haqda sonda bunu demişdi:

“Venesiya Komissiyası, Avropa Şurası, AŞ Monitorinq Komitəsinin məsləhətlərini bitdə-bitdə yerinə yetirən ölkələr hansı vəziyyətdədirlər, hansı böhranla üz-üzədirlər? Bunu hamı yaxşı bilir. Bu gün onlar torpaqlarını, müstəqilliklərini itirə-itirə gedirlər. Siyasi xəritədən silinmək təhlükəsi ilə qarşılaşıblar”.

“Güzgünü sındırmaqdansa, yanlışı düzəlt”

Bu məşhur məsəli jurnalist Natiq Ədilov yada salır. Jurnalist Azərbaycan hakimiyyətinin onu tənqid edənləri “qərəzli”, “ermənipərəst” adlandırmasının “təhlükəli” olduğunu düşünür: “Hökumət vətəndaşlarımıza dünyaya qarşı kin, düşmənçilik aşılayır, bu da olduqca təhlükəlidir”. O, son illər bu mövzunun daxili problemlərdən yayınmaq üçün hədsiz istismar edildiyini bildirir. Natiq Ədilov hesab edir ki, Azərbaycan hakimiyyəti nəhayət güzgünü sındırmaqdan əl çəkib qüsurlarını düzəltməlidir.

“Səhvləri islah eləmək yerınə dünyanı özümüzə düşmən elan eləmək elə öz xalqına düşmən kəsilməkdir”, deyə jurnalist fikrini tamamlayır.

XS
SM
MD
LG