Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:38

YAP-çı deputat: 'Dövlətimizə harada hörmət var, biz oradayıq'


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev İstanbulda 23-cü Dünya Enerji Konqresində. 2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev İstanbulda 23-cü Dünya Enerji Konqresində. 2016

Martın 29-u və 30-da Birləşmiş Ştatların (ABŞ) təşkilatçılığı ilə növbəti Demokratiya Sammiti keçiriləcək. Amma Azərbaycanın bu sammitə də, hələlik, dəvət edildiyi açıqlanmayıb.

ABŞ Prezidenti Co Bayden administrasiyasının artıq 120 dünya liderinə dəvət göndərdiyi bildirilir. "Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik. Həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", - ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski (Rob Berschinski) bildirib.

Azərbaycan bundan əvvəlki sammitə də dəvət edilməmişdi.

A.Hüseynov
A.Hüseynov

"Azərbaycana ikili standartlarla yanaşılır"

Hələlik, məsələyə Prezident Administrasiyasından münasibət bildirilməyib. Amma Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Hüseynov "Turan"a deyib ki, Azərbaycana hər zaman ikili standartlar mövqeyindən yanaşıblar: "Bütün ictimaiyyət bilir ki, Azərbaycana ikili standartlarla yanaşılır. Azərbaycan dövlətinin milli və dövlətçilik maraqları haradadırsa, dövlətimizə harada hörmət və ehtiram var, biz oradayıq".

Deputat deyib ki, Azərbaycan həm Qoşulmama Hərəkatının sədridir, həm də bir çox nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur: "Yəni Azərbaycan bu gün demokratik prinsiplərə sadiq, insan haqlarının yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Azərbaycanı hər hansı subyektiv şəkildə yanaşılan tədbirlərə dəvət etmirlərsə, bu, bizdən ötrü o qədər də qorxulu deyil".

Onun fikrincə, Azərbaycan dünyada etibarlı bir tərəfdaş, demokratik prinsiplərə söykənən bir dövlət olduğunu sübut edib: "Kim bizimlə əməkdaşlıq edirsə, lap gözəl, biz də onlarla əməkdaşlıq edirik, kim isə subyektiv fikirləri ortaya qoyursa, problem onun özündədir".

"İlham Əliyevi ötən illərdən fərqli olaraq…"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının AzadlıqRadiosuna bildirməsinə görə isə, həmin sammit bir yana, ABŞ Prezidenti Co Bayden azərbaycanlı həmkarını ötən illərdən fərqli olaraq bu il Novruz bayramı münasibətilə təbrik də etməyib: "Bu, çox önəmli məqamdır. Bu o deməkdir ki, Azərbaycanla ABŞ arasında hazırda münasibətlər yaxşı deyil. Baydenin və onun administrasiyasının İlham Əliyevin iqtidarına münasibəti olduqca mənfidir. Bunun yanında da bir ildən çoxdur ki, ABŞ Azərbaycana səfir göndərmir".

A.Qasımlı
A.Qasımlı

Siyasi şərhçinin fikrincə, Azərbaycanı Demokratiya Sammitinə demokratik ölkə olmadığına görə dəvət etməyiblər: "İldən-ilə də demokratiya prinsiplərindən tamamilə uzaqlaşır. Belə olan təqdirdə necə çağıra bilərlər? Azərbaycanda demokratiya ilə bağlı, heç olmasa, hər hansısa müsbət bir trend olsaydı, çağıra bilərdilər. Müəyyən ölkələr var ki, demokratiya standartlarına tam uyğun olmasalar da, ən azı addım-addım irəli gedirlər, müəyyən dəyişikliklər edirlər. Azərbaycanda isə tam əksinə - trend onun üzərindədir ki, olan-qalan demokratik institutları da boğurlar".

Qasımlı daha sonra sual edir: "Sən bu platformada olsaydın, müsbət tərəflər olmazdımı? Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu, Azərbaycana nə verir ki? Heç nə vermir. Amma çıxıb deyirlər ki, bu, mötəbər bir platformadır və biz orada iştirak edirik. Halbuki Demokratiya Sammitində iştirak edəcək ölkələrin sayı Qoşulmama Hərəkatının üzvlərindən çoxdur. Biz bu platformada olsaydıq, daha yaxşı olardı".

Xatırlatma

2021-ci il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə dünyanın bir çox liderləri çağırılsa da, Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni "açıq ayrıseçkilik" adlandırmışdı.

XS
SM
MD
LG