Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:43

Filip Riker: 'Real proqres əldə olunub'


İlham Əliyev Filip Rikeri qəbul edir. 28 noyabr 2022
İlham Əliyev Filip Rikeri qəbul edir. 28 noyabr 2022

İki gün Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker (Philip Reeker) video müraciət yayıb. Deyib ki, Bakıdan sonra Tbilisi və Yerevana gedəcək: "Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər".

O vurğulayıb ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir: "Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir".

Prezident Qafqaz üzrə baş müşaviri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri (Philip Reeker) qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər görə, ABŞ Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

Üç həftə öncə, noyabrın 7-də ABŞ-da E.Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də çözülməli olan bir sıra məsələlərin olduğunu qeyd ediblər.

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Bu formatda növbəti görüşün dekabrın 7-də keçirilməsi gözlənirdi. Amma Prezident İ.Əliyev noyabrın 25-də bu görüşün baş tutmayacağını vurğulayıb:

"Dünən (prezidentin köməkçisi) Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq".

Bundan əvvəl, oktyabrın 31-də isə Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi. Görüşdə tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul etmişdilər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilmişdi.

+++

Lakin uzun illər iki ölkə arasında vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirib. Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır. ABŞ administrasiyası bildirir ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir, Vaşinqton Azərbaycanla Ermənistan arasında tənzimləmədə yalnız Bakı və Yerevanla birbaşa əlaqələrlə məşğul olur.

ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə müşaviri Filip Riker deyib: "Məncə iş o həddə çatıb ki, biz bu mandata (Minsk qrupunun mandatı-red.) konsensusla son qoya bilərik".

Azərbaycan da hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyinin əleyhinədir. Amma Ermənistan, əksinə, danışıqların beynəlxalq vasitəçi ilə aparılmasını istədiyini bəyan edib.

Ceyhun Bayramov ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Noyabrın 28-də Azərbaycan prezidentindən sonra xarici işlər naziri Ceyhun Bayramov da bu ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.

Açıqlamaya görə, nazir "Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb."

Xəbərə görə, Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.

O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Ermənistanın dedikləri...

Görüşdə səslənən tənqidlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, onun ölkəsinin Silahlı Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:

“Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək”.

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.

Baş nazir Nikol Paşinyan da qeyd edib ki, Azərbaycan hakimiyyəti Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməklə "Laçın dəhlizini bağlamaq, Qarabağ ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".

Buna cavab olaraq Azərbaycan da Ermənistanı soyqırmıda ittiham edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG