Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:15

İlham Əliyev 'mətbuat düşmənləri' siyahısında


Azərbaycanda mətbuata təzyiq azadlığı (Karikatura)
Azərbaycanda mətbuata təzyiq azadlığı (Karikatura)

«Sərhədsiz reportyorlar» hüquq müdafiə təşkilatı noyabrın 2-də 2016-cı illə bağlı «mətbuat düşmənləri»nin yeni siyahısını dərc edib.

Bu siyahıda 35 dövlət, hökumət başçısı, «İslam Dövləti», Yəmən husiləri, Banqladeşdə «Əl-Qaidə»yə yaxın islamçı qruplaşma, «Taliban» hərəkatı və Meksikanın «Los Setas» narkokarteli kimi qruplaşmalar var.

Dövlət başçıları arasında Eritreya, Sudan, Burundi, Qambiya, Suriya, Kuba, Çin, Şimali Koreya, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan və Azərbaycan prezidentləri yer alıb.

Siyahının yeni üzvləri arasına Türkiyə, Misir, Burunda və Venesuela prezidentlərinin adları daxil edilib.

Təşkilat hesab edir ki, ötən il ən çox Türkiyədə vəziyyət pisləşib. Türkiyədə kütləvi repressiyalar dalğası davam edir və ən az 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Hakimiyyət, demək olar ki, ölkənin bütün mətbuat məkanına nəzarət edir.

POLİS TƏQİBİ DAVAM EDİR

Hesabatda Azərbaycanla bağlı bildirilir ki, polis və təhlükəsizlik orqanları hökumət tənqidçilərinin təqibində bütün vasitələrdən istifadə etməyə davam edir. Bundan ötrü şantajdan, jurnalistlərin mənzillərində şəxsi həyatlarının videoçəkilişindən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.

«Eyni zamanda, hakimiyyət müstəqil KİV-i, məsələn, «Zerkalo» və «Azadlıq» qəzetlərini iqtisadi cəhətdən boğur, AzadlıqRadiosunun Azərbaycan xidməti isə zorla bağlanıb. Ötən ildən hakimiyyət xaricdə sığınacaq almış jurnalistlərin qohumlarının təqibi ilə bağlı yeni metodlar tətbiq edir», - sənəddə deyilir.

8 JURNALİST, BLOQQER HƏBSDƏ

Sənəddə qeyd edilir ki, hazırda Azərbaycanda 8 jurnalist və bloqqer həbsdədir. Onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətindədir.

2015-ci il ilə müqayisədə Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə düşüb.

Ümumilikdə siyahıda 180 ölkə var. Ən azad mətbuat Finlandiyada, ən qeyri-azad mətbuat isə Eritreya və Şimali Koreyadadır.

Mətbuat azadlığının səviyyəsinə görə Gürcüstan 64-cü, Ermənistan isə 74-cü yerdədir.

XS
SM
MD
LG