Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:09

Prezident: 'Minsk qrupuna verilmiş mandat de-fakto etibarsız sayıla bilər'


 İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə. 12 aprel 2022
 İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə. 12 aprel 2022

"Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-fakto artıq etibarsız sayıla bilər". AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 12-də prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. O bu yaxınlarda Bakıda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünə toxunub. Onun vurğulamasına görə, bu görüş bir daha onu göstərib ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir: "Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana, bəlkə də, yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır".

Prezidentin sözlərinə görə, Azərbaycan bu münaqişəni özü həll edib: "Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik".

İ.Əliyev bununla belə əlavə edib ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti, media nümayəndələri, digər ictimai rəyə təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın.

Lavrovun Minsk qrupu haqqında dedikləri…

ATƏT-in Minsk qrupu mövzusu bir neçə gün öncə, aprelin 9-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvada Ermənistandan olan həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında da gündəmə gəlmişdi. S.Lavrov orada deyib ki, ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya ilə bu qrupda əməkdaşlıqdan imtina ediblər. S.Lavrovun sözlərinə görə, Qərb münaqişənin tənzimlənməsindəki maraqlarını Rusiya ilə fikir ixtilafına qurban verib: "Mən Minsk qrupunun gələcək taleyinin necə olacağını bilmirəm, çünki bizim bu qrupdakı, belə demək mümkündürsə, fransalı və amerikalı həmkarlarımız rusofob tozanağında Rusiya Federasiyasına aid nə varsa, hər şeyi ləğv etmək canatımında ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyünü də ləğv ediblər və bildiriblər ki, bu formatda təmaslarda olmayacaqlar".

Lavrova cavab

S.Lavrovun bəyanatından iki gün sonra, aprelin 11-də Minsk qrupunun Fransadan olan həmsədri Bris Rökföy Ermənistana səfər edib. Fransa hökuməti daha sonra da Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı Şurası və Minsk qrupu həmsədrliyi çərçivəsində tam sadiqliyini bildirib.

Rəsmi Vaşinqtondan isə bəyan ediblər ki, hərtərəfli, davamlı sülhün əldə olunmasından ötrü Ermənistanla Azərbaycan arasında ikitərəfli sülh danışıqlarında, eləcə də həmfikir-tərəfdaşlarla və Minsk qrupunun həmsədri kimi iştiraka hazırdırlar.

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra ABŞ, Fransanın daxil olduğu Avropa Birliyi və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Bundan sonra ABŞ rəsmilərinin Rusiya rəsmiləri ilə xüsusi təması olmayıb.

ATƏM, daha sonra ATƏT-in Minsk qrupu

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub. 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

Bu qurum Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda uzun illər vasitəçilik edib. 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG