Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Prezident: 'Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq'


İlham Əliyev
İlham Əliyev

"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq".

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev mayın 3-də Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransda bildirib.

O əlavə edib ki, bu, Azərbaycan üçün də yaxşı olmayacaq: "Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".

"Sülh sazişinin mətninə Dağlıq Qarabağı salmaq…"

Prezident İlham Əliyev çıxışında sülh sazişinin layihəsindən də bəhs edib: "Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini 40 gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər".

O vurğulayıb ki, Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddiaları var: "ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar".

Prezidentin sözlərinə görə, "sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".

Azərbaycan prezidentinin bu açıqlamasına, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma onlar buna qədər, bir qayda olaraq, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduqlarını bəyan ediblər. Bununla belə, onlar danışıqlarda Qarabağın təhlükəsizliyini də vacib saydıqlarını bəyan ediblər.

Azərbaycan SSR-nin tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini ölkə parlamenti 1991-ci ildə ( Azərbaycan müstəqillik əldə edəndən sonra) ləğv edib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları 20 ildən çox ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya və Fransa) vasitəçiliyi ilə aparılıb. Son illər isə Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Mayın 1-də isə Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Daha sonra Ceyhun Bayramov (Azərbaycan) və Ararat Mirzoyan (Ermənistan) Vaşinqton yaxınlığındakı Arlinqtonda ikitərəfli görüş keçiriblər. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparır. Müzakirələrin bir neçə gün çəkəcəyi gözlənilir.

Prezident: “Danışıqların növbəti raundunun Rusiyada keçirilməsi nəzərdə tutulub”

Prezident Əliyev həmçinin bildirib ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.

Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğunu deyən dövlət başçısı sonra da əlavə edib:

“Keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər”.

Prezident İlham Əliyev,habelə deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG