Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:24

İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'


Astara Gömrük Məntəqəsi
Astara Gömrük Məntəqəsi

Astara Gömrük Məntəqəsinin önündə İrana getmək istəyən Azərbaycan vətəndaşlarının sayı elə də çox deyil. Məntəqənin önündə danışırdılar ki, gün ərzində İrana 100 nəfərə yaxın adam keçir. Bir o qədər də adam qayıdır. Ayın sonunda isə İrana gedənlərin sayının iki dəfə azaldığı bildirilir.

Qaydaya görə, hər bir vətəndaş ayda bir dəfə 10 kiloqram yük aparıb-gətirə bilər. Ayın əvvəlində bu imkandan bir çoxlarının istifadə etdiyi söylənir. Ona görə də ayın sonunda İrana gedənlərin sayının azaldığı bildirilir.

«Yağı, pendiri qablara doldurub İrana aparırlar»

İran getməkdən ötrü növbəyə düzülən insanların əllərində bağlamalar da var. Adının çəkilməsini istəməyən bir Azərbaycan vətəndaşının deməsinə görə, əvvəllər İrana əliboş gediblər:

«İndi biz İrana aparırıq. Ərzaq məhsulları orda bahadır. Keçən ay dəfnə yarpağı aparırdım, bizim gömrükdə qoymadılar. Yağı, pendiri qablara doldurub İrana aparırlar. Azərbaycan tərəfi qoymur».

İrana gedənlərin qazancı azalıb

Onun yanında duran bir başqası isə deyir ki, İrana getmək artıq sərf etmir:

«Sərf etmir. 4-5 ay bundan əvvəl İrana bir dəfə gedirdim 40-50 manat qalırdı, indi 10 manat qalır. Elə-belə gedirik. İşsizik, gedirik də... Pul verib pasport almışıq. Heç olmasa, bir-iki dəfə gedək».

Astara Gömrük Məntəqəsi
Astara Gömrük Məntəqəsi

«Biz burdan İrana yumurta, toyuq əti aparırıq»

İrandan qayıdan Azərbaycan vətəndaşının deməsinə görə də, vəziyyət heç də yaxşı deyil:

«Hər ay İrana gedirəm. İndi əvvəlki kimi deyil. İran Astarasında sakitlikdir. Lakin əhali narazıdır. Kimə çatırsan, vəziyyətdən şikayət edir. Açıq deyirlər ki, vəziyyət belə çox davam edə bilməz. Orada da ərzaq məhsulları, demək olar ki, hər ay bahalaşır. Gör necə olub ki, biz burdan İrana yumurta, toyuq əti aparırıq. Bizdə də qoymurlar. Yaxınlarımız üçün azca aparırıq. Hətta burdan tərəvəz də aparırlar».

«Mən neçə illərdir ki, İrana gedib-gəlirəm, belə vəziyyət görməmişdim»

Onun deməsinə görə, İranda əhali arasında narahatçılıq var:

«Onların tələbi qiymətlərin qalxması ilə bağlıdır. Onlarda qiymətlər birdən birə 30-40 faiz qalxır. Deyirlər ki, qiyməti bilərəkdən qaldırırlar. Tacirlər, kasıblar, hamı narazılıq edir. Mən neçə illərdir ki, İrana gedib-gəlirəm, belə vəziyyət görməmişdim».

Sərhədyanı ticarətlə məşğul olan bir şəxs isə deyir ki, İrandan gələn malların qiymətində çox cüzi fərq var:

«Konfet, sabun, yuyucu toz, xurma, kişmiş gətirirlər. İran gömrüyü indi düyü qoymur. Zəruri ərzaq məhsullarının gətirilməsi çox çətindir».

İrandakı etirazlar haqda nə düşünürsünüz? [Tehranda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

İrana gedən və gələnlər azalıb

Bir taksi sürücüsü də vurğulayır ki, İrandan gələnlərin sayı həddindən artıq azalıb:

«Elə gün olur ki, beş-altı nəfər İran vətəndaşı bu taya keçir. Orada narazılıq artandan sonra gələnlərin sayı azalıb. Gələnlərin əksəriyyəti də Bakıya gedir».

Azərbaycana gələn bir İran vətəndaşına üz tuturuq. O, suallarımıza cavab verməkdə çəkinir. Ancaq bir qədər dayanıb deyir ki, ticarətlə məşğuldur, ölkəsində baş verənlərdən elə də məlumatlı deyil.

«Sanksiyalar da öz işini gördü»

İqtisadçı Vidadi Mirzəyev isə İranda baş verən etirazları təbii sayır:

«İran Astarasında 1 ABŞ dolları 43 min 380 riala satılır. 1 Azərbycan manatı isə 24 min 800 rialadır. Rial Azərbaycan manatından da zəif görünür. Bu rəqəmlər İranın iqtisadiyyatının hansı vəziyyətdə olduğunu göstərir. Sanksiyalar da öz işini gördü. Bazar tədricən çökür. Zərbə isə kasıb ailələrə və xırda tacirlərə dəyir...».

Xatırlatma

İran 2010-cu il fevralın 1-dən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycan vətəndaşları xarici pasportu göstərməklə İrana keçə bilirlər. İran vətəndaşları isə Azərbaycana gəlməkdən ötrü viza almalı olurlar.

Artıq ikinci həftədir İranin ən müxtəlif şəhərlərində etiraz aksiyaları keçirildiyi bildirilir. Bu aksiyalarda həm hakimiyyətin xarici siyasətinin tənqid edildiyi, həm də sosial tələblərin səsləndiyi deyilir. Verilən məlumatlara görə, indiyə kimi hökumət qüvvələri ilə toqquşmada 20-dən çox şəxs həlak olub.

XS
SM
MD
LG