Xəbərlər
İranlı nazir Azərbaycanla münasibətlərdən danışıb
Ekspertlər hesab edir ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasının bir neçə şərtləri var.
İyulun 5-də Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirdi və Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.
Son illər İran-Azərbaycan münasibətləri gərgindir. Münasibətlərin xüsusi gərgin fazası bu ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumundan sonra başlayıb.
Ekspertlər hesab edir ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasının bir neçə şərtləri var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, İranın xarici işlər naziri Azərbaycanın səfirliyinə hücum edən şəxsin cəzalandırılmasından qəti danışmadı: “O öz tvitter hesabında bildirdi ki, əgər belə bir şey varsa, tapılacaq. Yəni qeyri-dəqiq və şərti cümlələri qurdu. Ona görə də Azərbaycana gəlməmişdən əvvəl onun tvitterdə yazdığı fikirlər riyakarlıqdan başqa bir şey deyil. Çünki görüş zamanı o Azərbaycan Prezidentindən xahiş etdi ki, Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etsin, Azərbaycan Prezidenti isə dedi ki, biz terrorçuların cəzalandırılacağına ümid edirik. Ancaq İranın xarici işlər naziri həmin terrorçuların cəzalandırılması barədə heç nə deməyib”.
Deputat qeyd edib ki, başqa bir tərəfdən Azərbaycana gəlməmişdən bir neçə gün qabaq Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən deyil, Türkmənistan və Xorasan üzərindən çəkilməsi barədə müzakirələr aparılıb: “Belə olan halda biz İranın riyakar siyasətini 30 ildir tanıyırıq, bu gün də bu siyasət davam edir. Hesab efirəm ki, İranın xarici işlər naziri öz sözlərində səmimi deyildi”.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, münasibətlərin yaxşı olması həm Azərbaycana, həm İrana lazımdır: “İran istəmir ki, bu bölgədə İsrail güclü olsun, Azərbaycanda İsrailin güc potensialı olsun. Həmçinin İran sanksiyalar altındadır, ciddi iqtisadi problemləri var. Bu baxımından İran əlavə başağrısı və regionda əlavə düşmənin olmasını istəmir”.
Ekspertin fikrincə, Azərbaycanla İran arasında bir neçə problem var: “Biri Zəngəzur projesidir. İlham Əliyevin Zəngəzur ritorikası, keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması İranı narahat edir. İranın istəyi odur ki, onunla Ermənistan arasında olan sərhəd dəyişməsin və orada hər hansı bir dəhliz olmasın. İkinci məqam isə İsraillə Azərbaycanın arasında ilk növbədə hərbi sahədə münasibətlərin daha da dərinləşməsidir. Bu, İran üçün narahatedici faktordur”.
Onun fikrincə, Azərbaycan üçün isə narahatedici faktor o idi ki, İranın birbaşa Qarabağ erməniləri ilə bir kommunikasiyası var idi, İrandan Ermənistan vasitəsilə Qarabağa silah göndərilirdi:
“İndi bunun qarşısı alındı, Laçında nəzarət-buraxılış məntəqəsi quruldu. Azərbaycanın digər istəyi də odur ki, İran Zəngəzur dəhliz ( Ermənistanın Sünük bölgəsindən keçəcəyi gözlənən ) məsələsinə müdaxilə və Ermənistana bu mənada təzyiq etməsin. Digər problem İranın Azərbaycanda dini şəbəkəsinin qurmasıdır. Azərbaycanın istəyi odur ki, İran bu şəbəkələri yaratmasın, dini ekspansiyadan əl çəksin”.
A.Qasımlının sözlərinə görə, kəskin ritorikasına baxmayaraq, Azərbaycan İranla münasibətlərini heç vaxt tam kəsməyib. “İran tərəfi də bunu gözəl başa düşür. Azərbaycan elitasının və İran rejimin maraqları bir çox məqamlarda üst-üstə düşür və iki ölkə arasında ciddi gərginliyin olmasını zənn etmirəm”.
Yazida səslənən tənqidi fikirlərə, İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Yanvarın 27-dəAzərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs səfirlik əməkdaşlara atəş açıb. Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb. Daha sonra Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb.
Azərbaycan bu hücumu "terror aktı" adlandırıb. XİN isə vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. İran səfirliyə silahlı hücumun araşdırılacağını bəyan edib.
Bütün xəbərləri izləyin
Xalq Cəbhəsi üzvü beton döşəmədə ac-susuz saxlandığını deyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzovun polis bölməsində pis rəftardan şikayətləndiyi bildirilir. Bu barədə dekabrın 20-də onunla görüşən vəkil Nemət Kərimli məlumat verib.
Vəkilin bildirməsinə görə, Novruzov deyib ki, dekabrın 13-də saxlandıqdan sonra onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətiriblər və bütün gecə soyuq beton döşəmədə ac-susuz saxlayıblar, daha sonra barəsində inzibati protokol tərtib edərək məhkəməyə çıxarıblar.
Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
16 dekabr
Xalq cəbhəsi üzvü 10 sutka həbsə məhkum edilib
Dekabrın 14-də Bakının Səbail rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) eyni adlı rayon təşkilatının sədri Ceyhun Novruzovu 10 sutka həbs etdiyi bildirilir.
AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib
Partiyadan vurğulandığına görə, C.Novruzov dekabrın 13-də Səbail rayonunun "20 Sahə" adlanan ərazisində polisin taksi sürücülərini cərimələməsinə etiraz etdiyi üçün saxlanıb: "Məhkəmədə Ceyhun Novruzov saxlanmasının təfərrüatı barədə danışıb. Deyib ki, saat 20:00 radələrində o, deyilən ərazidə mağazalardan birinin qarşısında yol polisinin parklanmış maşınlara cərimələr yazacaqlarını görüb. Maşınlarda sürücü və sərnişinlər olmayıb. Ceyhun polislərə onların əməllərin qanunsuz olmasını deyib. Onun polis nəfərlərinə irad bildirməsi xoşlarına gəlməyib və Ceyhunu polis idarəsinə aparıblar. Səhərisi günü isə məhkəmə olub".
AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını qoruduğu üçün cəzalandırılıb.
Hələlik, bu fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
C.Novruzov bundan öncə də bir neçə dəfə oxşar ittihamla inzibati qaydada həbs edilib. Həmin vaxtlar da o, ittihamı qurama sayıb.
Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli, daha bir neçəsi isə inzibati həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bu gün ABŞ hökuməti işini dayandıra bilər
Federal hökumətin işinin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənməyib.
ABŞ federal hökumətinin maliyyələşdirilməsi dekabrın 20-də axşam saatlarında dayandırıla bilər. Həftənin sonunda hava nəqliyyatının, hüquq-mühafizə orqanları kimi bir sıra xidmət sahələrinin fəaliyyətinə ara verilməsi mümkündür.
Bu, Donald Trampın ilk prezidentliyi dövründə baş vermiş "şatdaun"dan (federal hökumətin işinin dayandırılması -red.) sonra ilk belə hal ola bilər.
Qanun layihəsi Trampın prezidentliyinin ilk iki ili üçün dövlət borc tavanının ləğvini nəzərdə tuturdu. Sənəd Tramp, onun vitse-prezident təyin etdiyi Vans və yeni Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə irəli sürülən milyarder İlon Maskın bir gün öncə qarşı çıxdıqları böyük ikipartiyalı paketin əvəzində təklif edilib. Tramp və vitse-prezident bunu "demokratlara hədiyyə" adlandırıb.
D.Tramp qanun layihəsini dəstəkləsə də, dövlət xərclərinə sərt yanaşmasıyla seçilən onlarla respublikaçı onun əleyhinə səs verib. Demokratlar da respublikaçılara gərəkli dəstək vermədiyindən qanun layihəsi sadə səs çoxluğunu belə toplaya bilməyib.
Co Baydenin sözçüsü Karin Jan-Pyer deyib ki, "indiki prezident respublikaçıların son anda milyarderlərə təklif etdiyi "hədiyyə"ni yox, işini davam etdirmək üçün hökumətə gərəkli ikipartiyalı razılaşmanı dəstəkləyir".
Bu da ABŞ-nin 875 minədək hökumət işçisinin ödənişsiz məzuniyyətə göndərilməsi anlamına gəlir. Çox önəmli personal da bayram günlərindəki işinə görə maaş almayacaq.
Çexiya Krım tatarlarının sürgün edilməsini soyqırımı kimi tanıyan 7-ci ölkə olub
Krım tatarlarının lideri Mustafa Cemilev xalqının SSRİ-də 1944-cü ildə sürgün edilməsini soyqırımı kimi tanıyan Çexiyanı alqışlayıb.
Dekabrın 18-də Çexiya parlamentinin 74 senatorundan 70-i müvafiq qətnamənin lehinə səs verib. Kanada, Estoniya, Latviya, Litva, Polşa və Ukraynadan sonra Çexiya oxşar qətnamə qəbul edən sayca 7-ci ölkədir.
"Bu qərar mənəvi baxımdan Krım tatarlarını və Ukraynanı dəstəkləyərək digər ölkələri də bu addımı atmağa həvəsləndirir", - Krım tatarların milli lideri və Ukrayna parlamentinin üzvü Mustafa Cemilev AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib.
"Bu, həm də… Ukraynaya dəstəkdir"
O, 2014-cü ildə Krımın işğalından sonra və Ukraynada 3 il sürsə də, hələ bitməyən savaşın fonunda bu qətnamənin önəminin həmişəkindən daha çox olduğunu bildirib: "Bu, özəlliklə indi işğal altında olan Krım tatarları üçün olduqca önəmli hadisədir, onlara mənəvi dəstəkdir. Bu, həm də çox da yaxşı olmayan qonşusuyla savaşan Ukraynaya mənəvi dəstəkdir".
Cemilev onu da deyib ki, Çexiya hökuməti digər ölkələri, özəlliklə Rusiyanın ənənəvi təsiri dairəsində olanları bənzər qətnamələr qəbul etməyə həvəsləndirmək üçün öz təsirindən yararlanmağa hazırdır.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin hazırda yarımadanı güc yolu ilə geri almaq üçün Kiyevin hərbi imkanların olmaması barədə son açıqlamasını anladığını da söyləyib.
Cemilev ümid edib ki, Almaniya və Fransa kimi ölkələr ABŞ-nin yeni administrasiyasını Rusiya qoşunlarının hücumlarını dəf etmək üçün Ukraynaya dəstəyi davam etdirməyə inandıracaqlar.
Xatırlatma
SSRİ lideri İosif Stalinin əmriylə 1944-cü ildə 200 mindən çox Krım tatarı Orta Asiyaya sürgünə göndərilib. Bu türk müsəlman xalqının yarımadadakı mədəniyyətini isə, əslində, məhv edib.
Deportasiya zamanı və sürgünün ilk illərindəki ağır ortamda on minlərlə Krım tatarı həlak olub. Onlar yalnız 1980-ci illərin sonlarında - sovet hökuməti deportasiyanı qınayıb cinayət kimi tanıyandan sonra geri qayıtmağa başlayıblar.
Putin Ukrayna savaşındakı başlıca məqsədə yaxınlaşdığını deyib
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna savaşında başlıca məqsədinə yaxınlaşır və ABŞ-ni Rusiyanın yeni hipersəs ballistik raketi "Oreşnik"lə raket duelinə çağırır. O, ənənəvi illik mətbuat konfransında bunları dilə gətirib.
Federal televiziya kanallarıyla yayımlanan mətbuat konfransında Rusiya prezidenti ölkə iqtisadiyyatındakı uğurlarla öyünsə də, Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyaların təsirindən söz açmayıb.
Mətbuat konfransının ölkədaxili məsələlərə aid olduğu deyilsə də, Ukrayna savaşı barədə suala cavabında o, Rusiya qoşunlarının irəlilədiyini və əsas məqsədlərinə yaxınlaşdığını bildirib.
"İndi bunu deyə bilmərəm"
Bunların hansı məqsədlər olduğunu deməsə də, Putin təcavüzün əvvəlində sülhə nail olmaq üçün Ukraynada "denasifikasiya", demilitarizasiya və ölkənin neytral statusunun təmin edilməsi kimi məqsədləri açıqlamışdı.
Kursk vilayətinin Ukraynanın avqustda işğal etdiyi hissəsində Rusiyanın nəzarətinin nə vaxt bərpa olunacağına dair sualı Kreml rəhbəri belə cavablayıb: "Biz onları oradan sıxışdırıb çıxardaçağıq. Tam şəkildə və bundan heç kəsin şübhəsi olmasın. Dəqiq tarixə gəlincə, indi bunu deyə bilmərəm".
Putin ABŞ-ni "Oreşnik"lə raket duelinə çağırıb. O, qarşı tərəfi hansısa bir hədəfi müəyyənləşdirib bütün hava hücumundan müdafiə sistemlərini oraya cəmləşdirməsini, ardınca da Rusiyanın "Oreşnik"lə həmin hədəfə zərbə endirməsini təklif edib.
"Biz belə bir sınağa hazırıq", - Putinin sözləridir.
Xatırlatma
Rusiya noyabrın 21-də Ukraynanın Dnepr şəhərinə "Oreşnik" hipersəs ballistik raketiylə zərbə endirib. Rəsmi Moskva bildirmişdi ki, bu, Ukraynanın Qərbin ATACMS və "Storm Shadow" raketləriylə Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrə cavabdır.
Putinin hakimiyyətə gəlişindən sonra avtoritarlaşan Rusiyada 2018-ci il seçkilərindən sonra bu meyl əvvəllər olmadığı qədər gücləndi. 2020-ci ildə qəbul edilən konstitusiya dəyişiklikləri Putinə daha iki dəfə altıillik müddətə prezident seçilməyə imkanı verdi.
Onsuz da marginallaşmış müxalifət darmadağın edildi. 2024-cü ilin əvvəlində isə Putinin ən tanınmış tənqidçisi Aleksey Navalnı Sibir həbsxanalarının birində şübhəli ortamda vəfat etdi.
72 yaşlı V.Putinin 2036-cı ilədək hakimiyyətdə qalacağı gözlənilir.
Tovuzda zəhərlənmə şübhəsi ilə 62 nəfər xəstəxanaya aparılıb
"Tovuz rayonunda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır".
Bunu Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər: "Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin iki sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır".
+++
Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən məktəbdə dəm qazından zəhərləndiyi ehtimal edilən şagirdlərin sayı artmaqdadır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub", - məlumatda bildirilir.
+++
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin tüstüdən zəhərləndiyi deyilir.
Verilən məlumatlara görə, ən azı 15 şagird zəhərlənmə şübhəsi ilə bağlı xəstəxanaya aparılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən də "Turan"a bildirib ki, sözügedən məktəbin iki sinfində sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib: "Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər".
Məsələ ilə bağlı səhhətləri pisləşən şagirdlərin valideynləri ilə danışmaq mümkün olmayıb.
'Həbsxanada Ələsgər Məmmədlinin səhhəti pisləşib'
Vəkil Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında "Toplum" İnternet Televiziyasının hüquqi təsisçisi Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy halsız olub. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətlənib. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb".
N.Məmmədlinin əlavə etməsinə görə, Ə.Məmmədlinin təcili cərrahi əməliyyat olunması lazımdır, son günlər ürəyində də problemlər yaranıb.
"10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib", - daha sonra o vurğulayıb.
Ə.Məmmədlinin yaxınları bundan əvvəl də bir neçə dəfə onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Medvedev rusiyalı generalın qətlindən sonra NATO rəsmilərinin 'legitim' hədəfə çevrildiyini bildirib
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO-nun və Ukraynayla müttəfiq ölkələrin rəsmilərini münaqişə tərəfləri adlandırıb və onların bu üzdən, "legitim" hərbi hədəflərə çevrildiklərini söyləyib.
Böyük Britaniyanın "The Times" qəzetində rusiyalı generalın qətli "təhlükə altında olan bir ölkənin qanuni müdafiə addımı" kimi dəyərləndirilib. Buna reaksiya verən Medvedev bildirib ki, rəsmi Moskva da eyni məntiqə dayanmalıdır.
"Ukraynaya hərbi yardımla bağlı qərarların qəbulunda iştirak edən bütün NATO rəsmiləri, eləcə də Rusiyaya qarşı hibrid və ya ənənəvi savaşa qatılanlar indi Rusiya dövləti və bütün rus vətənpərvərləri üçün qanuni hərbi hədəflər sayılır", - Medvedev belə deyib.
"The Times" yazıb ki, qətl Ukraynanın "ədalətli özünümüdafiə savaşı aparmaq üçün" Qərbin dəstəyinə ehtiyacı olduğunu göstərir.
"Ehtiyatlı olun"
Rusiyanın keçmiş prezidenti məqalə müəlliflərini də hədəf götürərək qəzetin "qanuni hərbi hədəflər" sırasına düşə biləcəyinə dair xəbərdarlıq edib: "Londonda çox şeylər baş verir... ehtiyatlı olun".
Medvedevin bəyanatına NATO-nun reaksiyası qısa olub: "Deməyə sözümüz olanda sizinlə əlaqə saxlayarıq", - alyansın mətbuat katibliyinin reaksiyasıdır.
Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 17-də bildirib ki, ABŞ-nin Kirillovun qətlinə heç bir dəxili yoxdur və bununla bağlı öncədən bilgisi olmayıb.
Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillovla köməkçisi dekabrın 17-də yaşadığı evin qarşısında bomba partlaması nəticəsində öldürülüblər.
Rusiyalı istintaqçılar qətli "terror aktı" adlandıraraq onu Ukrayna kəşfiyyatının törətdiyini bildiriblər. Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də adı çəkilməyən 29 yaşlı özbəkistanlını saxlayıb.
Moskvada yüksəkrütbəli generalın qətlində şübhəli bilinən şəxs yaxalanıb
Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı İqor Kirillovla köməkçisinin qətlində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb. Bu bilgini dekabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlayıb.
Heç bir şəxs və ya qruplaşma qətllə bağlı məsuliyyəti üzərinə götürməsə də, Ukrayna Təhlükəsizlik Xidmətindəki qaynaq AzadlıqRadiosuna bildirib ki, partlayış bu xidmətin özəl əməliyyatının nəticəsidir.
FSB bildirib ki, adı çəkilməyən şübhəli şəxs Ukrayna xüsusi xidmət orqanlarından təlimat alıb. Moskvaya gələn bu şəxs güclü əldəqayırma partlayış qurğusu əldə edərək onu Kirillovun yaşadığı evin qarşısında saxladığı elektroskuterə quraşdırıb.
Kirillovla köməkçisi binadan çıxarkən, şübhəli şəxs uzaqdan partlayıcı qurğunu işə salıb.
Bəyanatda o da deyilir ki, qətli törədən şübhəli şəxsə əvəzində 100 min dollar və Avropa ölkələrinin birində yaşamaq izni vəd olunub. Törətdiyi əməli etiraf edən həmin şəxsi ömürlük həbs cəzası gözləyir.
General-leytenant Kirillov Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşda öldürülən ən yüksəkvəzifəli Rusiya hərbçisidir.
Ukrayna prokurorluğu Kirillovu Ukrayna ordusuna qarşı kimyəvi silahdan yararlanmaqda suçlayıb. İndiyədək Rusiya ordusunun bu silahı Kirillovun nəzarətiylə 5 min dəfəyədək tətbiq etdiyi bildirilir. Müstəqil ekspertlər həmin iddianı təsdiqləyə bilməyiblər.
Rusiya şimali koreyalıların dəstəyi ilə Kursk vilayətində hücum sayını artırıb
Şimali Koreya hərbçilərin dəstəyi Rusiyaya Kurs vilayətində Ukrayna hərbçilərinə qarşı hücumları gücləndirmək imkanı verib.
"Ard-arda üçüncü gündür ki, düşmən Şimali Koreya ordusu hərbçilərindən fəal şəkildə yararlanmaqla Kursk vilayəti ərazisində hücum əməliyyatları gerçəkləşdirir", -. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Oleksandr Sırski belə deyib.
Onun sözlərinə görə, rusiyalılar son həftələrdə strateji təşəbbüsü ələ keçirəndən sonra cəbhədəki durum çətin olaraq qalır və düşmən strateji önəmli Pokrovsk şəhərini ələ keçirmək üçün səylərinə ara vermir.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, döyüşlər zamanı şimali koreyalıların itkisi bir neçə yüz nəfərə çatıb. Bunların arasında aşağı və yüksəkrütbəli əsgər və zabitlər var: "Onlar döyüş təcrübəsi az, ya da heç olmayan hərbçilərdir".
AzadlıqRadiosu sözügedən iddiaları müstəqil qaynaqlardan təsdiqlədə bilməyib. Rusiya rəsmiləri isə yayılan bilgilərlə bağlı hər hansı şərh verməyib.
Rusiya ordusuna çalışan şəbəkə ifşa olunub
Ukrayna Güvənlik Xidməti Qərbin ölkəyə verdiyi F-16 hərbi təyyarələri barədə düşmənə bilgi ötürən "genişmiqyaslı" şəbəkəni ifşa etdiyini açıqlayıb.
"Xüsusi əməliyyat nəticəsində 12 rusiyalı agent və onlara bilgi ötürənlər ifşa olunub. Bəziləri ordunu tərk etmiş fərarilərdir. Onlar qanundan gizlənərkən Rusiya xüsusi xidmət orqanlarına işləməyə başlayıblar", - bəyanatda belə deyilir.
Qərb Ukraynanı dəstəkləməkdə davam edir
Ukrayna prezidenti Volodimir Zenenski Qərbdəki müttəfiqlərinə Ukraynaya əlavə yardım göstərməyi tövsiyə edib. Onunla görüş keçirən Polşa baş naziri Donald Tusk rəsmi Kiyevin NATO üzvü olmaq istəyini bir daha dəstəkləyib.
Dekabrın 17-də Tallində Birgə Ekspedisiya Qüvvəsi ölkələri liderləri Ukraynaya dəstəklərini bir daha dilə gətiriblər. Onlar birgə bəyanatlarında Rusiya təcavüzünə birbaşa, yaxud dolayı yolla töhfə verən üçüncü ölkələrə, o sıradan Şimali Koreya, Belarus və Çini göstərdikləri dəstəyi dayandırmağa çağırıblar.
Dekabrın 16-da isə ABŞ prezidenti seçilmiş Donadl Tramp bildirib ki, "dəhşətli" savaşa son qoymaq üçün Putin və Zelenski razılığa gəlməyə hazır olmalıdırlar.
Rusiyalı vəkil AzadlıqRadiosuna danışdığına görə cərimələnib
Moskva məhkəməsi "OVD-İnfo"nun hüquqşünası Eva Levenberqi "arzuolunmaz təşkilatda iştirak etmək" maddəsi ilə 10 min rubl (97 ABŞ dolları) cərimələyib.
Səbəb Levenberqin AzadlıqRadiosunun siyasi motivli işlərə dair süjetindəki şərhidir.
Protokol dekabrın 3-də məhkəməyə daxil olub. "Bu, sözə görə təqib, düşüncə cinayətinə görə cəzaya aparan zəncirdə növbəti addımdır", - Levenberq o zaman deyirdi.
Rusiya hakimiyyəti AzadlıqRadiosunu və daha iki yüzə yaxın təşkilatı "arzuolunmaz" hesab edir. Onlarla bu cür əlaqələrə görə vətəndaşları 15 min rubla qədər cərimə, təkrar günahkar bilinərlərsə, 4 ilə qədər həbs cəzası gözləyir. Eyni zamanda, konkret olaraq nəyin iştirak və ya əlaqə sayıla biləcəyinin tərifi qanunda qeyri-müəyyəndir.
Bəhruz Səmədovun həbsi uzadıldı
Politoloq Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.
Məlumata görə, dekabrın 17-də Səbail rayon Məhkəməsində bununla bağlı istintaq orqanın vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edərək B.Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb.
Səmədov bu il avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib. O, ittihamı qəbul etmir.
Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) Səmədovun həbsini pisləyib.
Xatırlatma
B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.
Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib.
B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.
Separatçıların cinayət işi məhkəməyə göndərilir
Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun cinayət işi məhkəməyə göndərilib. Bu barədə dekabrın 17-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, "1987-ci ilin oktyabrından bu il aprelin 22-nə kimi törədilmiş cinayətlərin bir qismi ilə bağlı istintaqı aparılan 1389 cinayət işi bir icraatda birləşdirilib".
Vurğulanır ki, 2548 epizod üzrə 15 nəfər ittiham edilir. Onların arasında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın separatçı liderlərindən Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan da var. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, başlama...), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 214 (terrorçuluq) və başqa maddələr ilə ittiham edilirlər.
Cinayət işi üzrə ittiham aktı dekabrın 16-da baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Azərbaycan Baş Prokurorluğunun açıqlamasına, o cümlədən yekun ittihama, hələlik, təqsirləndirilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycan Qarabağa nəzarətini itirib. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatlarla ora nəzarətini bərpa edib.
Yerevan 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
Əsəd: 'Rusiya bazası hücuma məruz qalanda Suriyanı tərk etdim'
Bəşər Əsəd Rusiya bazasına hücumdan sonra dekabrın 8-də axşam saatlarında Suriyanı tərk edib. O, Telegram sosial şəbəkəsindəki paylaşımında belə deyib.
Əsədin dediyinə görə, qiyamçıların hücumu zamanı Moskvadan "dərhal təxliyə " əmri gələndən sonra bu qərarı verib və ölkəni tərk etməsi "nə əvvəlcədən planlaşdırılıb, nədə döyüşlərin son saatlarında baş tutub".
O bildirib ki, istefa vermək və ya sığınacaq axtarmaq barədə heç vaxt düşünməyib, heç bir insan və ya partiyadan belə təklif almayıb.
"Reuters"in bilgisinə görə, Əsəd və ailəsinin ölkəni tərk etməsi hətta qohum və yüksəkvəzifəli məmurlar üçün də gözlənilməz olub.
Suriyada 14 il sürən vətəndaş savaşında Rusiya Əsəd rejimini dəstəkləsə də, terrorçu təşkilat kimi tanınan "Həyat Təhrir əş-Şam"la (HTŞ) onların Türkiyəyə bağlantılı bir sıra müttəfiqinin qəfil hücumu nəticəsində hökumət ordusu darmadağın edilib.
Vladimir Putin Əsəd və onun ailə üzvlərinə siyasi sığınacaq verib.
HTŞ Dəməşqdə Riad əl-Əsədin başçılıq edəcəyi aralıq hökuməti qurub.
Avropa İttifaqı indən belə Rusiya və İranın Suriyanın gələcəyinə təsir göstərməsinin əleyhinədir. Blok Rusiyanın Suriyadakı hərbi hava və hərbi-dəniz bazalarının mövcudluğu barədə məsələ qaldıracaq.
Rusiyanın Suriyadakı ön cəbhədən ordusunu geri çəkdiyi və ağır texnikasının bir bölümünü ölkədən çıxardığı bildirilir.
AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəni azad etməyə çağırır
AzadlıqRadiosunun prezidenti Stiven Kapus radionun jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırır. Kapus bu bəyanatı dekabrın 17-də "AbzasMedia işi" üzrə başlanan məhkəmə öncəsi verib.
"Dekabrın 17-də AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə əsassız və absurd ittihamlarla məhkəmə qarşısına çıxarılacaq. Fərid Azərbaycan iqtisadiyyatı haqqında acı həqiqətləri yazdığına görə cəzalandırılır. Azərbaycan bu saxta məhkəməyə son qoymalı, Fəridi ailəsinin yanına buraxmalıdır", – bəyanatda deyilir.
25 noyabr
Məhkəmə Fərid Mehralızadənin şikayətini əsassız saydı
Noyabrın 25-də Xətai rayon Məhkəməsində iqtisadçı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin saxlandığı gün istintaq orqanın evində axtarış və götürülmə hərəkətindən şikayətinə baxılıb.
F.Mehralızadənin yoldaşı Nərgiz Muxtarova bildirib ki, iqtisadçı özü məhkəmə prosesində iştirak etməyib: "Fəridi məhkəməyə gətirməyiblər, halbuki gətirilməli idi. Məhkəmədə də bunu məqbul hesab etdi və bunu heç nə ilə əsaslandırmadılar".
Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və pozuntunun olmadığına dair qərar qəbul edib: "Axtarışda iştirak edən müstəntiq məhkəməyə gəlməyib, məhkəməyə qatılan müstəntiq isə sualların çoxunu cavablandıra bilmədi".
Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Fərid Mehralızadənin saxlanması
Bu il mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
İyunun 1-də məhkəmə F.Mehralızadə barəsində həbs-qətimkan tədbiri seçib. O, korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm "AbzasMedia", həm də Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırırdı.
Avqustda Mehralızadə və "AbzasMedia" jurnalistlərinə qarşı vergidən yayınma da daxil, əlavə ittihamlar irəli sürülüb. Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
O, özünü təqsirli bilmir və həbsini peşəkar fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıda bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Bakıdakı plazaların vitse-prezidenti özünü təqsirli bilməsə də, həbs qərarı dəyişmədi
Bakıda "Demirchi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda suçlanır.
AzadlıqRadiosunun bilgisinə görə, o, dekabrın 16-dakı məhkəmədə bu ittihamı qəbul etmədiyini söyləyib.
Bakı Apellyasiya Məhkəməsində Q.Dəmirçi haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Onun vəkili bildirib ki, Nərimanov rayon Məhkəməsinin işadamı haqqında qərarı əsassızdır, heç bir sübuta söykənmir və ləğv olunmalıdır.
Müstəntiqsə qərarı əsaslı sayaraq qüvvədə saxlanmalı olduğunu deyir.
Hakim Habil Məmmədov da qərarı dəyişməyib və Q.Dəmirçinin həbsdə qalmasına qərar verib.
Şəkidə ağaclar kəsilib, yerində fındıq bağı salınırmış
Q.Dəmirçini dekabrın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (keçmiş "bandotdel") əməkdaşları saxlayıb. Ona Cinayət Məcəlləsinin 259.3-cü (bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla ağacları kəsmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 6 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia edilir ki, "AQA Şirkətlər Qrupu"na daxil "Monte Ferro" şirkəti Şəkidə hektarlarla ərazidə ağacları qanunsuz kəsdirib, nəticədə təbiətə 8 milyon 300 min manata yaxın ziyan dəyib.
AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, Q.Dəmirçi ilə yanaşı, daha üç nəfər həbs olunub və onlardan biri də sözügedən şirkətin briqadiridir.
Şəki şəhər İcra Hakimiyyəti isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Monte Ferro" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayıb və fındıq bağı salınması məqsədilə Şəkinin Göynük meşəbəyliyi ərazisindən 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb: "Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir".
Bakıdakı böyük biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun prezidenti Q.Dəmirçinin atası Aydın Dəmirçidir.
Aİ Rusiyanın 'kölgə donanması'na qarşı sanksiyaları təsdiqləyib
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sayca 15-ci sanksiyalar paketini qəbul ediblər. Sanksiyalar Rusiya neftini daşıyan tankerlərə şamil ediləcək.
Kreml "kölgə donanma" kimi tanınan köhnə və sığortalanmamış neftdaşıyan gəmilərdən Qərbin sanksiyalarından yayınmaq və gəlir mənbələrini qorumaq üçün yararlanır. Bu gəmilərin indiki durumu həm də çevrəyə təhlükə və fəlakət qaynağı sayılır.
Sanksiyalar Kiyevdəki "Oxmadit" uşaq xəstəxanasına hücuma görə məsuliyyət daşıyan hərbi hissəyə, Rusiya enerji sektorunda aparıcı şirkətlərin top-menecerlərinə, ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyan şəxslərə, Şimali Koreyanın iki yüksəkvəzifəli məmuruna tətbiq edilib.
Aİ bu paketlə Rusiyanın bundan əvvəlki sanksiyalardan yayınmasını və Ukraynada savaşı sürdürməsini əngəlləmək istəyir.
"Bu sanksiyalar paketinin məqsədi Rusiya və savaşı dəstəkləyənləri, o sıradan Çin şirkətlərini zəiflətməkdir", - dekabrın 16-da Aİ-nin xarici siyasət rəhbəri Kay Kallas belə deyib.
"Bu, Aİ üzvlərinin Ukraynaya davamlı dəstək məsələsindəki birliyinə işarədir. Başlıca öncəliyimiz - Ukraynanı mümkün qədər güclü mövqeyə daşımaqdır. Biz Ukrayna xalqını humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə dəstəkləyəcəyik. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz", - yenə Kallasın sözləridir.
Aİ Şurası "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətməyə və ya təhdid yaratmağa görə məsuliyyət daşıyan" 54 fiziki və 30 hüquqi şəxsə qarşı önəmli tədbirlər paketini razılaşdırıb.
Aİ Ukraynaya, azı, 18 milyard avro ayıracaq
"Rusiyanın savaş qabiliyyətini daha da məhdudlaşdırmaq cəhdləri davam etdirilməlidir", - keçiriləcək Aİ sammitinin yekunlarına dair indi hazırlanmış işçi bəyanatda belə deyilir.
AzadlıqRadiosunun tanış olduğu bu sənəddə Aİ Şurası İran və Şimali Koreyanı Rusiyanın Ukraynaya qarşı təcavüzünü sürdürməyə kömək etdikləri üçün "qəti şəkildə qınayır".
Blok Moskva və Tehran arasında artan hərbi əməkdaşlığın və Şimali Koreyanın öz hərbçilərini savaş bölgəsinə göndərməsinin beynəlxalq sülh və güvənliyə ciddi fəsadlar doğuracağını bildirərək, hər iki ölkəni Rusiyaya yardımı dayandırmağa çağırıb.
Aİ Rusiya işğalına qarşı mübarizə üçün Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək. Blok gələn ilin yanvarından başlayaraq Kiyevə toplam 18.1 milyard avro ayırmağı planlaşdırır.
Aİ suriyalıları inklüziv hökumət qurmağa çağırıb
Aİ Suriyada Bəşər Əsədin "cinayətkar" rejiminin çökməsini müsbət qarşılayaraq tərəfləri azlıqların hüquqlarını qoruyan hökumətin yaradılmasından ötrü inklüziv və suriyalıların rəhbərlik etdiyi siyasi prosesə qatılmağa çağırıb.
Suriyaya dəstəyin müxtəlif variantlarını hazırlamaq məqsədilə blokun xarici siyasət rəhbərinə müraciət ediləcək.
Aİ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
Qəzzadakı savaşa gəlincə, blok dərhal atəşkəs elan olunmasını, Aİ və ABŞ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS-ın saxladığı əsirlərin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Aİ İsrail-Fələstin münaqişəsinin həlli, "ədalətli və davamlı" sülhün bərqərar edilməsi üçün "iki dövlətli" çözümlə bağlı mövqeyini bir daha vurğulayıb.
Aİ-nın sammiti dekabrın 19-da Brüsseldə keçiriləcək.
ABŞ səfiri: ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bunların heç biri mümkün olmazdı
"Azərbaycan regional nəqliyyat və logistikanın əvəzsiz habına çevrilmək üçün yaxşı mövqedədir. Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafını dəstəkləməkdən ötrü özəlliklə bu sektorlara daha çox ticarət missiyası gətirməyi planlaşdırırıq". Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Amerika Ticarət Palatasının (AmCham) tədbirində deyib.
Səfir palatanın ölkədəki fəaliyyətindən danışıb. O, ABŞ şirkətlərinin Azərbaycana növbəti-nəsil enerji və iqlim hədəflərini yerinə yetirməkdə kömək göstərməyə sadiqliyini vurğulayıb.
"Son bir ildə ABŞ-Azərbaycan əməkdaşlığının uğurlarından danışarkən kinli şübhə səslərini də xatırlayıram. Birləşmiş Ştatlara qarşı çox ittihamlar səslənib, Azərbaycana zərbə vurmaq niyyətli vəhşi, cəfəng qəsdlərdən danışıblar. Bu dezinformasiyaya cavab olaraq yalnız son bir ildəki uğurları göstərirəm. Ancaq eyni zamanda son onilliklərdə tərəfdaşlığımızın gücünü də hamıya xatırlatmaq istəyirəm", – səfir vurğulayıb.
O, Azərbaycanın bu il "Əsrin Müqaviləsi"nin 30 illiyini qeyd etdiyini yada salıb. Azərbaycanın liderliyi və təşəbbüsünün ABŞ sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını dəyişdiyini, Azərbaycanın qlobal enerji təhlükəsizliyində böyük və etibarlı iştirakçıya çevrildiyini vurğulayıb.
"Şişirtmədən deyim ki, "Əsrin Müqaviləsi"nin mərkəzində ABŞ-Azərbaycan tərəfdaşlığı durmasaydı, bunların heç biri mümkün olmazdı", – o əlavə edib.
Səfir Libbi bir həftə öncə ilin sonunda səhhətindəki problemlər səbəbindən səfir postundan gedəcəyini açıqlayıb.
Xatırlatma
Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Ötən il Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri M.Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.
ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Son günlər münasibətlərdə gərginlik daha da dərinləşib. ABŞ səfirliyi, dövlət katibi Antoni Blinken Azərbaycan hökumətinə çağırış edərək haqsız yerə həbs olunan jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri azad etməyə çağırıb. Azərbaycan XİN isə bu bəyanata sərt reaksiya verib, son dörd ili ABŞ-Azərbaycan münasibətlərində "itirilmiş illər" adlandırıb, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələrin bərpa olunacağına ümidini bildirib.
Soyuq havaya və qaz çatışmazlığına görə İranda dövlət müəssisələri qapadılıb
İranda havanın kəskin soyuması və qaz çatışmazlığı üzündən dövlət müəssisələri qapadılıb, 26 vilayətdə də dərslər onlayn rejiminə keçirilib.
AzadlıqRadiosunun "Fərda" xidmətinin bilgisinə görə, yaranmış durumda hökumət enerji tükədilməsini yönəltmək istəyir.
Son günlər İranın vilayətlərində 20 dərəcəyə şaxta var, qaz verilməsində də fasilələr yaranıb. Şərqi Azərbaycan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Ərdəbil və Mazandaran əyalətlərində qaz təzyiqinin azalması barədə bilgilər yayılıb.
Dövlət qaz şirkəti qaz nəqlini 850 milyon kubmetr artırıb. Bunun 601 milyon kubmetri ev təsərrüfatlarına, ticarət və kiçik sənaye obyektlərinə ayrıldığı deyilir. Ancaq qaz infrastrukturu çox köhnəldiyindən əlavə edilən qazın bir hissəsi hədər gedə bilər. Üstəlik, həmin qazın bir hissəsi Türkiyə və İraqa, eləcə də ölkənin əsas sənaye obyektlərinə və elektrik stansiyalarına göndəriləcək.
İran təbii qaz ehtiyatı baxımından dünyada ikinci yerdə olsa da, ölkənin köhnəlmiş qaz infrastrukturu qış aylarında əhalinin qaza artan tələbatını ödəyə bilmir.
Prezident Məsud Pezeşkian elektrik enerjisinə qənaət etmək üçün ölkə vətəndaşlarına üz tutaraq, qızdırıcılarda istiliyi 2 dərəcə endirməyə çağırıb. Digər hökumət nümayəndələrinin də bənzər videoçağırışları var.
DTX təxribat planlaşdıran qrupu tutduğunu deyir
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, mütəşəkkil dəstə halında Azərbaycanın dövlət sərhədində gömrük postunu ələ keçirmək, orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürməklə bağlı hazırlanan təxribat planının qarşısını alıblar.
Xidmətin dekabrın 16-da yaydığı məlumatda həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycanın üç vətəndaşının həbs edildiyi bildirilir. Onlardan biri Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), hər üçü isə 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma) maddələri ilə ittiham olunurlar.
Açıqlamada adları çəkilən şəxslərin və ya yaxınlarının ittihamlara münasibəti, hələlik, bəlli deyil.
İran mənşəli ABŞ jurnalisti 10 il azadlıqdan məhrum edilib
İran məhkəməsi AzadlıqRadiosu "Fərda" xidmətinin keçmiş əməkdaşı, ABŞ və İran vətəndaşı olan Reza Vəlizadəyə 10 il həbs cəzası verib. O, "düşmən hökumətlərlə əməkdaşlıqda" suçlanıb.
Həbs cəzası bitəndən sonra Vəlizadəyə Tehran və yaxınlıqdakı əyalətlərdə yaşamaq, ölkəni tərk etmək, eləcə də siyasi və ictimai təşkilatlara üzv olmaq yasaqlanıb.
O, "Fərda" radiosundan 2022-ci ilin noyabrında ayrılıb. Ailəsini ziyarət etmək üçün bu ilin əvvəlində İrana qayıdan Vəlizadəni sentyabrın 22-də həbs ediblər.
ABŞ Dövlət Departamenti daha öncə Vəlizadənin saxlanılmasını qınayaraq bunu "ədalətsiz" və beynəlxalq hüquq normalarına zidd olduğunu demişdi.
Jurnalisti azadlığa buraxmağa çağıran Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus da Vəlizadəyə qarşı irəli sürülən ittihamları, onun məhkum edilməsini və cəzasını ədalətsiz saydığını açıqlayıb.
"Rejim… müstəqil jurnalistikadan xoflanır"
"İran rejimi hər fürsətdə insan haqlarını tapdalayaraq ara vermədən öz zərərli təsirini bütün dünyaya yaymağa çalışır", - deyən Kapus ardınca əlavə edib: "Bəllidir ki, rejim azadlıq qüvvələrindən, o sıradan müstəqil jurnalistikadan xoflanır".
Vəlizadə sərt rejimli həbsxanada saxlanılır. Ailəsi və vəkilinin onunla görüş sayı da məhdudlaşdırılıb.
İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qanunsuz həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə basqı göstərməkdə ittiham olunur. İran ötən ilin sentyabrında mübadilə çərçivəsində beş ABŞ-lini azadlığa buraxıb. Vəlizadə bu mübadilədən sonra həbs edildiyi bildirilən ilk ABŞ vətəndaşıdır.
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF), Jurnalistlərin Müdafiəsi Komitəsi və digər təşkilatlar onun dərhal azadlığa buraxılmasını tələb edib. RSF-in 2024-cü il Dünya Mətbuat Azadlığı İndeksində İran 180 ölkə arasında 176-cı yerdə qərarlaşıb.
Gələn ilin büdcə layihəsi parlamentdən keçdi
Dekabrın 16-da Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edib.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat (+5.4 faiz), xərcləri isə 41 milyard 407.6 milyon manat (+4.2 faiz) proqnozlaşdırılır.
Artım, əsasən, Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin artırılması hesabına olacaq.
Büdcədə, əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Həmin xərclər 8 milyard 555 milyon manata çatdırılıb. Bu il bundan 1 milyard manatdan çox az idi.
Gələn il büdcədə neftin proqnoz qiyməti bu il ilə müqayisədə aşağı salınıb – 70 ABŞ dolları. Bu il 75 dollardan götürülmüşdü. Hazırda dünya birjalarında neftin bir bareli təqribən 75 dollardır.
Sənəd prezidentin təsdiqindən sonra qüvvəyə minəcək.
Suriyada qalan Rusiya hərbçiləri ərzaq və su sarıdan əziyyət çəkirlər
Suriyadakı Rusiya qoşunlarının canlı qüvvə və texnikasının ölkədən çıxarılması davam edir. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, Rusiya hərbçiləri ərzaq və su sarıdan əziyyət çəkirlər. Bu bilgi dekabrın 15-də Telegram sosial şəbəkəsindəki paylaşımda əksini tapıb.
Həmin paylaşımda Tartus və Hmeymimdəki hərbçilərlə Aralıq dənizində lövbər salmış hərbi gəmilərin şəxsi heyətinin problemlərlə üzləşdiyinə diqqət çəkilib.
Suriyadakı hərbçilər azuqə çatdıracaq hərbi-nəqliyyat təyyarələrinin gəlişini gözləyirlər. Suriyanın ucqar bölgələrindəki Rusiya qoşunlarının çıxarıldığı bildirilir: "Əsəd rejiminə qarşı döyüşən qüvvələrin bir neçə marşrutda Rusiya qoşunlarını müşahidəsi davam edir".
İddialara görə, rəsmi Moskva iki hərbi bazada xidmət aparacaq 3 minədək hərbi qulluqçu saxlamağa razıdır.
Rusiya hələ şərh verməyib
AzadlıqRadiosunun təsdiqləyə bilmədiyi bilgini Rusiya hələ şərh etməyib.
Dekabrın 15-də Rusiya XİN Telegram-dakı paylaşımında diplomatlarının bir bölümünü təxliyə etdiyini bildirib. Onlar Rusiya HHQ-nin Hmeymim hərbi hava bazasından özəl reyslə çıxarılıblar.
"Həyat Təhrir əş-Şam"ın (HTŞ) sürətli hücumu nəticəsində Bəşər Əsədin rejiminin çöküşündən sonra Rusiyanın hərbi-nəqliyyat təyyarələri Hmeymim bazasını tərk edib.
Dekabrın 13-də yayılan peyk görüntülərinə əsasən, Rusiya bazadan hərbi texnikasını çıxarmaq üçün ölkəyə gətirilən iki "An-124" yük təyyarəsindən yararlanıb. Suriyaya bir neçə desant və mülki gəmilər də göndərilib.
HTŞ Dəməşqdə Riad əl-Əsədin başçılıq edəcəyi aralıq hökuməti təyin edib. Bu şəxs dekabrın 15-də AFR-ə bildirib ki, Əsədin çökdürən silahlılar birləşib vahid qüvvəyə çevriləcək və aralıq hökuməti bütün suriyalıların hüquqlarını qoruyacaq.
ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 15-də britaniyalı həmkarı Devid Lemmiylə Suriyadakı durumu müzakirə edib. Müzakirə gedişində keçid dönəminə, aralıq hökumətinin formalaşmasında ABŞ və bölgə ölkələrinin təsdiqlədiyi prinsiplərə də toxunulub.
Blinken dekabrın 14-də İordaniyada Ərəb ölkələri Liqası və Türkiyənin xarici işlər nazirləri, Avropa İttifaqı və BMT-nin yüksəkvəzifəli nümayəndələri ilə fövqəladə görüşə qatılıb.
Görüşün yekunlarına dair birgə bəyanatda Suriyadakı keçid dönəmində ölkələrin görmək istədiyi prinsiplər də yer alıb. Bunların arasında inklüzivlik, azlıqlara və qadınlara sayqı, terrorçu qruplarla mübarizə də var.
Görüşdən sonra ABŞ HTŞ və digər tərəflərlə birbaşa əlaqə saxlayıb.
Detalları açıqlamayan Blinken deyib ki, ABŞ üçün keçid dönəmində qruplaşmaya özünü necə aparacağı və ölkəni necə yönəldəcəyi barədə fikirlərini çatdırmaq önəmli idi.
İranda hicabsız oxuyan müğənni saxlanılıb
İranda polisin saxladığı müğənni Parastu Əhmədi dekabrın 15-də səhər buraxılıb. O, məcburi sayılan baş örtüsü olmadan oxuyandan sonra qısa müddətə saxlanmışdı. Xəbəri onun vəkili təsdiqləyib.
Əhmədi ötən həftə sosial şəbəkədə başıaçıq performansının videosunu yayıb. Onun kişi musiqiçilərin müşayiəti ilə yazdığı mahnı YouTube platformasına yüklənib.
Polis dekabrın 14-də bildirib ki, qadın "operativ" iclasdan sonra buraxılıb. Amma ailəyə yaxın mənbə AzadlıqRadiosunun "Fərda" xidmətinə müğənninin saxlanıldığını deyib. Onun vəkili Milad Panahipur da polisin dediyini yalanlayıb, qadının buraxılması barədə yalan söylənildiyini deyib.
Vəkil Əhmədinin ertəsi gün səhər 3-də buraxıldığını deyib. Qadın Mazandaran vilayətində saxlanılmışdı.
Onun iki musiqiçi həmkarı da qısa müddətə saxlanılıb.
Əhmədinin Instagram hesabı artıq aktiv deyil, YouTube hesabı isə açıqdır.
İranda qadın müğənnilər izləyicilər qarşısında solo konsert verə bilməzlər. Əhmədinin performansı dekabrın 11-də yüklənəndən sonra YouTube-da 1.6 milyon baxış yığıb.
Hüquq-mühafizə orqanları dekabrın 12-də bildiriblər ki, Əhmədi və həmkarlarına qarşı "qanunsuz konsert" ittihamı ilə hüquqi araşdırma başladılıb.
Əhmədi 2022-ci ildə etirazlarında nümayişçilərə dəstək mahnısı oxuyandan sonra populyarlaşıb.
Həmin etirazlardan sonra İranda məcburi hicabdan imtina edən qadınların sayı artır.
Hakimiyyət hicab örtməməyə görə ağır cərimələr tətbiq edib.
Cənubi Koreya prezidenti impiçment edildi
Cənubi Koreya parlamenti dekabrın 14-də ölkə prezidenti Yon Sok Yolun impiçment olunmasını dəstəkləyib.
İmpiçmentin lehinə 300 deputatdan 204-ü, əleyhinə 85-i səs verib. Səsvermə gizli keçirilib.
Səsvermənin nəticələri onu göstərir ki, prezidentyönlü partiyadan bəzi deputatlar da prezidentin hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyiblər.
Hakim “Xalqın gücü” partiyasının lideri Xan Don Xun prezidentin impiçment olunmasına çağırıb. Daha əvvəl isə buna qarşı çıxırdı.
Bu artıq ikinci impiçment cəhdidir, birinci səsvermədə prezidenti kənarlaşdırmağa yetərincə səs yığılmamışdı.
İndi prezident müvəqqəti olaraq vəzifədən kənarlaşdırılır. Konstitusiya Məhkəməsi 180 gün ərzində onun səlahiyyətlərini tamamilə almaq, yaxud bərpa etməyə qərar verməlidir.
İndilik, prezident səlahiyyətini baş nazir icra edəcək.
Parlamentdə impiçment məsələsi prezidentin ölkədə hərbi rejim elan etməsindən sonra qaldırılıb. Yon Sok Yol dekabrın 3-də “Şimali Koreyanın tərəfdarları ilə mübarizə məqsədilə” hərbi rejim elan edib. Altı saat qüvvədə olan fərmanla siyasi partiyaların fəaliyyəti, etirazlar, tətillər qadağan edilib, senzura, ölüm hökmü çıxarmaq hüququ verilən hərbi-səhra tribunalları tətbiq olunub. Bu qərar həm Seulda, həm də parlamentdə irimiqyaslı etirazlara səbəb olub. Deputatlar prezidentin qərarının ləğvinə səs veriblər. Bundan sonra prezident fərmanı ləğv etməli olub.
Prezident dekabrın 7-də teleefir vasitəsilə üzr istəyib. Müdafiə naziri Kim Yon Xyon daxil olmaqla əsas vəzifəlilər istefa verib. Kim həbs olunub, dövlət çevrilişi üzrə təhqiqat başlayıb. Dövlətə xəyanət və hakimiyyətdən sui-istifadədə ittiham olunan prezidentin isə ölkədən çıxışı yasaqlanıb.
Zelenski cəbhəyə baş çəkərkən, Rusiya ordusu Ukraynanın strateji önəmli şəhərinə yaxınlaşıb
Avropada son onilliklərin ən böyük savaşına son qoymaq üçün diplomatik səylər artıb. Rusiya ordusu isə strateji önəmli Pokrovsk şəhərinə yaxınlaşıb.
"Deep State" onlayn platformasının bilgisinə görə, dekabrın 12-də rusiyalılar şəhərdən 3 km aralıda mövqe tutublar. Önəmli nəqliyyat və tədarük məntəqəsi olan Pokrovskda Ukrayna sənayesindən ötrü böyük önəm daşıyan koks kömür yataqları yerləşir.
Son bir neçə ayda ən şiddətli döyüşlər cəbhənin Pokrovsk hissəsində baş verir.
"Müdafiəmizin dözümlülüyünü artırmaq və işğalçıları daha effektiv məhv etmək üçün qeyri-ənənəvi qərarlar qəbul etmək zəruridir", - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Facebook sosial şəbəkə paylaşımında belə deyib.
Dekabrın 12-də prezident Volodimir Zelenski cəbhənin Zaporojye vilayətindəki hissəsində olub. O, cəbhə xəttini əlavə canlı qüvvəylə gücləndirməyə çağırıb.
Döyüşlərin intensivləşməsi hər iki tərəfin yaxın aylarda mümkün atəşkəs və sülh danışıqları fonunda mövqelərini möhkəmləndirməklə bağlı ola bilər.
Dekabrın12-də Polşanın baş naziri Donald Tusk Varşavada Fransa prezidenti Emmanuel Makronla savaşsonrası addımları müzakirə edib. D.Tusk deyib ki, sülh danışıqları qışda - Polşanın Avropa İttifaqındakı sədrlik dönəmində başlaya bilər.
Görüşdən öncə Ukraynaya 40 minlik sülhməramlı qüvvələrin göndəriləcəyi iddia edilsə də, Polşanın baş naziri Ukraynaya qoşun göndərilməyəcəyini bildirib.
Avropalılar Ukraynaya güvənlik zəmanəti verir?
Dekabrın 12-də Berlində Fransa, Almaniya və Polşa xarici işlər nazirlərinin Ukraynaya yardımla bağlı görüşü də keçirilib.
Almaniya, Fransa, Polşa, İtaliya və Böyük Britaniya xarici işlər nazirləri və Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas rəsmi Kiyevə dəyişilməz dəstəklərini dilə gətiriblər.
"Biz Ukraynanı çox güclü güvənlik zəmanətləri, o sıradan etibarlı uzunmüddətli hərbi və maliyyə dəstəyi ilə təmin etməyə söz veririk", – açıqlamada belə deyilir.
Parisdə gerçəkləşən Makron-Tramp-Zelenski görüşünə dayanan "The Wall Street Journal" dekabrın 12-də bildirib ki, Tramp Ukraynada sülhü təmin etmək yükünü Avropanın daşımalı olduğunu deyib. O, Ukraynaya sülhməramlıları ABŞ-nin deyil, Avropa ölkələrinin göndərməli olduğunu da söyləyib.
Zelenski dəfələrlə ölkəsinə güclü güvənlik zəmanətləri tələb edib. O, ölkəsinin NATO üzvü olmasını istəsə də, yanvarın 20-də prezident yetkilərinin icrasına başlayacaq Tramp bu istəyi dəstəkləməyəcəyini bildirib.