Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:05

'Azərbaycanı da konfliktə çəkməyə çalışırlar'


İsfahanda hərbi zavodda partlayış. 29 yanvar 2023
İsfahanda hərbi zavodda partlayış. 29 yanvar 2023

Azərbaycanın da yerləşdiyi bölgədə gərginlik artır. Üç gün öncə, yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Amma gərginlik tək Azərbaycan və İran arasında müşahidə edilmir.

Yanvarın 28-dən 29-na keçən gecə İranın İsfahan şəhərindəki hərbi zavod pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. İran Müdafiə Nazirliyi itki olmadığını, hərbi zavoda ciddi ziyan dəymədiyini bildirir. Amma hökumət PUA-ların hansı ölkəyə aid olması ilə bağlı məlumat vermir.

E.Nəsirov
E.Nəsirov

"İran… "xarici düşmən" obrazı yaratmağa çalışır"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, hazırda İranın daxilində vəziyyət qeyri-sabitdir və belə olan halda, bu ölkə rəhbərliyi "xarici düşmən" obrazını yaratmağa çalışır: "Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanda daxildən heç bir təhdid və təhlükə yoxdur. Belə təhlükə mənbələri xaricdən çıxış edir, xüsusilə də bölgəmizdə vəziyyət o qədər də ürəkaçan deyil. Bölgəmizdə gərginlikdən danışanda İran önə çıxır. Bu ölkənin bu gün daxili qaynayır, xalq kütlələrinin ölkədəki molla rejiminə qarşı etimadsızlığı ən yüksək səviyyədədir. Belə olan vəziyyətdə İran düşmən axtarmağa, ictimaiyyətdə onun obrazını şişirtməyə başlayıb".

Keçmiş diplomat: Tehrandakı səfirliyi bağlamaq lazımdır
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Deputatın sözlərinə görə, bununla İran hakimiyyəti daxili problemlərdən diqqəti yayındırmağa çalışır: "İranın bu sahədə xeyli təcrübəsi var və molla rejimi son 50 il ərzində bu sahədə ixtisaslaşıb. Ona görə də faktiki olaraq İran İslam Respublikasının xeyir-duası ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücum təşkil edilib. Bu cinayəti məişət hadisə kimi təqdim etməsi, cinayətkarın açıq mətbuatın qarşısına çıxarılması onun molla rejiminin xeyir-duası ilə baş verdiyini göstərir".

Amma İran rəsmiləri belə ittihamları qəbul etmirlər. IRNA xəbər agentliyinin məlumatına görə, yanvarın 28-də İran prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək həmin olayla bağlı başsağlığı verib. Rəisi həmçinin bəyan edib ki, "İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər". Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

Ə.Oruclu
Ə.Oruclu

"Bölgədə müharibədə maraqlı olan ölkələrdən biri də…"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, İran ətrafında baş verənlər - istər Azərbaycan səfirliyinə, istərsə də həmin gün Şərqi Qüdsdə sinaqoqa hücum müəyyən konflikt yaratmaq cəhdlərinin olduğunu göstərir. O hesab edir ki, İran ətrafında vəziyyət gərginləşir və bu, müharibəyə gətirib çıxara bilər: "Digər tərəfdən isə, bölgədə müharibədə maraqlı olan ölkələrdən biri də Rusiyadır. Çünki Rusiyanın planında çoxdan Yaxın Şərqə çıxmaq var. Bunun üçün də Rusiya Azərbaycan və İran üzərindən keçərək bu addım atmalıdır".

Ə.Oruclu qeyd edib ki, Azərbaycanı da konfliktə çəkməyə çalışırlar. Onun sözlərinə görə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bir sıra məsələlərdən məsafəli davranmalıdır: "Birmənalı bildirməlidir ki, Azərbaycan nə İrana qarşı öz ərazisindən istifadəyə icazə verir və verməyəcək, nə də İranla hər hansı konfliktə girməkdə maraqlıdır. Digər tərəfdən, Azərbaycan istər şimaldan, istərsə də cənubdan sərhədləri möhkəmləndirməlidir".

XS
SM
MD
LG