Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:51

İranda etirazların idmançıların ‘ölüm oyunu’na çevrilməsi


Həbib Xabiri
Həbib Xabiri

İranın ruhani rəhbərliyi, idmanın xalqı bir araya gətirməyə necə təsir göstərməsindən tez-tez danışır. Amma təriflər bəlli xətti keçməyə cəsarət edən idmançılar üçün qınağa da çevrilə bilir.

1979-cu il İslam İnqilabından bəri, dini qurumlara tam sadiq olmayan bir çox idmançı yarışlardan kənarlaşdırılıb, həbs olunub və hətta edam edilib. Son illər hökumət əleyhinə kütləvi etirazlar fonunda səsini ucaldan idmançılar yenidən hakimiyyətin hədəfinə çevrilib.


İnqilabi dəyişiklik

Ali Rəhbər Ayətullah Ruhullah Xomeyni 1979-cu ildə bir qrup İran idmançısı ilə görüşərkən deyib: "Mən idmançı deyiləm, amma idmançıları sevirəm. Onlardan biri olmasam da, yaxşı iş görənləri sevirəm. Müqəddəs və əzəmətli Allahdan diləyirəm ki, bu ölkənin sərvəti, millətin və İslamın ümid mənbəyi olan siz gənclərə, idmanda daha böyük uğurlar qazanmağı nəsib etsin”.

Amma İranın bütün idmançıları bu qəlibə uyğun gəlmir. Həmin görüşdə şəkil çəkdirməyən görkəmli idmançılar arasında, 1978-ci il dünya çempionatında əsas rol oynamış futbol ulduzu Həbib Xabiri də var idi. Xabiri 1980-ci ildə milli komandanın kapitanlığına qədər yüksəlsə də, sonda inqilaba iddia olunan sədaqətsizliyin bədəlini ödəyəcəkdi.

Xabiri əvvəlcə inqilabı alovlandıran küçə etirazlarında iştirak edib, sonradan onun İran Xalq Mücahidləri Təşkilatına (İXMT) qoşulduğu iddia olunub. Bu qurum şahın devrilməsi ilə nəticələnən İslam İnqilabında iştirak edib, amma tezliklə yeni dini isteblişment onu təhlükə sayıb.

Xabiri 1982-ci ildə oyundan əvvəl çəkilmiş komanda fotosunda Xomeyninin portretini əlində tutmayan yeganə futbolçu idi.

Fotodakı komanda yoldaşı Ebrahim Kian Təhmasebi AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-ya hadisənin təfərrüatları haqqında danışıb: "Həbib geyinib-soyunma otağında Xomeyninin şəklini tərsinə çevirdi. Digər oyunçular ona qarşı çıxanda, Həbib həmişəki kimi sakit tərzdə dedi ki, inqilab, şəkli tərsinə çevirməklə məhv olmayacaq".

1983-cü ildə hökumət Xomeyniyə qarşı çıxan və İran-İraq müharibəsində Bağdadı dəstəkləyən İXMT-nın şübhəli tərəfdarlarına təzyiqə başlayanda Xabiri həbs edildi. Həbsxanada işgəncələrə məruz qalan Xabiri 1984-cü ilin iyulunda müxalif olduğu iddia edilən 40 nəfərlə birlikdə, 29 yaşında edam edilib.


Ölümcül tendensiya

Son aylar hakimiyyət əleyhinə etirazlardan dolayı tanınmış idmançılara da divan tutulması Xabirini yada salır. Beynəlxalq qınağa baxmayaraq, iki idmançı edam edilib, digərləri isə etirazlar zamanı öldürülüb, həbs edilib və ya hakimiyyətin tələblərini yerinə yetirmək üçün təzyiqlərə məruz qalıb. İdmançıların ailələri də təzyiqlərə məruz qalıb.

Navid Əfkari

Bir vaxtlar İranın yuxarı dərəcəli yunan-Roma güləşçilərindən biri olan Navid Əfkari, 2018-ci ildə Şiraz şəhərində mühafizəçini qətlə yetirməkdə təqsirli bilinib. O, 2020-ci ilin sentyabrında, 27 yaşında edam edilib. Bütün dünyada Əfkarinin əfv olunması üçün çağırışlar edildi və onun edamı hüquq müdafiə qrupları tərəfindən pisləndi.

Navid Əfkari
Navid Əfkari

Əfkarini müdafiə edən vəkil onun təqsirini sübuta yetirəcək dəlil olmadığını, güləşçinin ailəsinin edamdan əvvəl onunla görüşməsinə icazə verilmədiyini, bunun İran qanunlarının pozulması olduğunu bildirib. Əfkarinin qardaşları Vahid və Həbib də eyni iş üzrə 54 və 27 il müddətinə azadlıqdan məhrum ediliblər.

2021-ci ilin sentyabrında, Əfkarinin edam olunmamışdan qabaq işgəncələrə məruz qaldığını iddia edən məhbus Şahin Naseri də edam edilib.


Məhəmməd Mehdi Kərəmi

Ötən sentyabrda 22-yaşlı Məhsa Əmininin hicab qanununu pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbsi və 3 gün sonra ölməsi ilə bağlı kütləvi etirazlar başladı. Bu etirazları dəstəkləyən idmançılar da həbs olunub, bəziləri artıq həyatda yoxdur.

Gənclər arasında karate üzrə üçqat çempion və milli komandanın üzvü Məhəmməd Mehdi Kərəmi, Tehranın qərbindəki Kərəc şəhərində nümayişdə yarım hərbi Bəsic qüvvələrinin bir üzvünün ölümündə təqsirli bilinərək yanvarda edam edilib.

Məhəmməf Mehdi Kərəmi məhkəmədə
Məhəmməf Mehdi Kərəmi məhkəmədə

Kərəminin edamı, həbsindən cəmi 65 gün sonra baş verib. 22-yaşlı Kərəmi özünə vəkil seçmək hüququndan məhrum edilib və buna etiraz olaraq quru aclıq aksiyasına başlayıb.

Fəallar Kərəminin həbsxana mühafizəçiləri tərəfindən ölümcül döyüldüyünü və təcavüzlə hədələndiyini iddia edib, insan haqları təşkilatları məhkəmənin məcburi etiraflara əsaslandığını bildirib.

Bəsic zabitinin öldürülməsi ilə bağlı saxlanılan 16 nəfərdən Kərəmi və daha bir nəfər edam edilib. Digərləri, o cümlədən azyaşlılar, uzun müddətə azadlıqdan məhrum ediliblər.


Hesabı qorumaq

İran milli futbol komandasının ən böyük ulduzlarından biri olan Əli Daei etirazlara dəstək verdikdən sonra problemlə üzləşib. 53-yaşlı keçmiş oyunçu və məşqçi dekabrda Qətərdə keçirilən dünya çempionatına qatıla bilməyib. Onun ölkədən çıxışına icazə verilməyib. Etirazlara dəstək verdiyi üçün hakimiyyət orqanları onun biznesini də bağlayıb.

Əli Daei
Əli Daei

Eyni zamanda, milli komanda üzvləri, İngiltərə ilə oyundan əvvəl İran himnini oxumamaqla etirazlara dəstək verdikləri üçün İnqilab Keşikçiləri tərəfindən xəbərdarlıq alıb.

Güləşçi Məhəmməd Namjoo-Motlağ yanvarda Azadlıq Radiosunun fars xidməti Radio Fərdaya müsahibəsində "daimi təhdidlər və psixoloji təzyiq"lə üzləşdiyini deyib. O, Almaniyadan sığınacaq istədiyini bildirib.

Ölüm hökmü ləğv olunsa da...

Elə həmin ay xəbər gəldi ki, İranın ali yerli liqasında bir sıra klublarda çıxış edən və qadın hüquqları uğrunda mübarizə aparan futbolçu Əmir Nəsr-Azadaniyə kəsilən ölüm hökmü ləğv edilib. Amma ötən ay etirazlar zamanı üç Bəsic zabitinin öldürülməsində iştirakına görə təqsirli bilinən Nəsr-Azadani hələ də 16 il həbs cəzası gözləyir.

Etiraz edən idmançıların cəzalandırılması tendensiyası şahmat taxtasına qədər uzanıb və böyük zirvələrə çatıb.

Elnaz Rekabi
Elnaz Rekabi

Oktyabrda idman dırmanması çempionu Elnaz Rekabi Cənubi Koreyada hicabsız çıxış edib. Bu, beynəlxalq yarışlar zamanı İranın sərt qaydalarının pozulması demək idi. Rekabinin bu hərəkəti etirazlara dəstək kimi qiymətləndirilib. Rekabi İrana qayıdandan sorna üzrxahlıq edib, amma həmkarları buna məcbur edildiyini deyiblər. Onun apreldə İspaniyadakı təlimlərini davam etdirmək üçün ölkədən çıxmasına icazə verilmədiyi bildirilir.

İranlı qadın şahmatçı Sara Xadem dekabrda Qazaxıstanda keçirilən beynəlxalq turnirdə hicabsız mübarizə aparıb. Xadem cəzalandırılacağından qorxaraq İrana qayıtmaqdan imtina edib və əri ilə birlikdə İspaniyaya köçüb. O, bu yaxınlarda orada keçirilən turnirdə deyib ki, etdiklərinə görə peşman deyil.

Sara Xadem
Sara Xadem


Getdi, amma unudulmadı

Tehran bu günə qədər Həbibin həbsinin səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və ya məhkəmə prosesinin təfərrüatları ilə bağlı heç bir açıqlama verməyib. O vaxtlar milli komada ilə səyahət edən Fəridun Şibani Radio Farda-ya bildirib ki, vaxtıyla futbolçu haqqında yaza bilmədiyi şeylər olub.

O deyib: “Mən bu gəncin əxlaqına aşiq oldum. Həbib İslam Respublikasını tanıyan və ona qarşı çıxan liderlərdən biridir. O, başqalarının gözünü açdı".

Həbib vaxtilə gizlicə, naməlum məzarda basdırılmışdı. Rəsmilər isə axır ki, xalqın könlünü alıb. Tehrandakı Beheşt-e Zəhra qəbiristanlığında, futbol əfsanəsinin adını daşıyan sadə məzar daşının qoyulmasına icazə verib.

XS
SM
MD
LG