Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:48

Metrodakı hadisədən sonra iranlı qızın xəstəxanaya yerləşdirilməsi Məhsa Əmini olayını xatırladır


Tehran metrosunda bir qızın başqa qızlar tərəfindən qatardan düşürülərək platformaya uzadılmasını göstərən CCTV görüntüləri
Tehran metrosunda bir qızın başqa qızlar tərəfindən qatardan düşürülərək platformaya uzadılmasını göstərən CCTV görüntüləri

Armita Qaravəndlə iki rəfiqəsi Tehranda metro stansiyasına daxil olarkən polis zabitləri onları hicab taxmadıqları üçün saxlayıb. Zabitlər 16-yaşlı Qaravəndi döyüblər. Qaravənd sonradan metro vaqonunda huşunu itirib və dərhal Tehranın kənarında yerləşən Fəcr Hava Qüvvələri hospitalına aparılıb. O, oktyabrın 1-dən bəri həmin xəstəxanada komada – bilincsiz durumdadır.

İnsan haqları qurumları və jurnalistlər deyirlər ki, Qaravənd İranda ziddiyyətli hicab qanunun qəddarca icrasının ən son qurbanıdır.

İranlı sosial media istifadəçiləri Qaravəndin polis hücumuna məruz qalması ilə ötən il Məhsa Əmininin polis nəzarəti altında həyatını itirməsi arasında paralellər aparıblar.

Fəcr Hava Qüvvələri Hospitalının təhlükəsizlik məqsədilə adının çəkilməsini istəməyən əməkdaşı Radio Fərda-ya Qaravəndin beyin qanaması keçirdiyini və durumunun ağır olduğunu deyib.

Hökumət rəsmiləri heç bir açıqlama verməyib

Həmin əməkdaşın sözlərinə görə, polis Qaravəndə keşik çəkir, mülki geyimli polis zabitləri də heç kimi onun müalicə edildiyi reanimasiya şöbəsinə daxil olmağa qoymurlar.

Hökumət rəsmiləri Qaravəndin durumu, ya da müalicə aldığı yerlə bağlı heç bir açıqlama verməyiblər.

İranın IRNA rəsmi xəbər agentliyi Qaravəndin qan təzyiqinin düşməsi nəticəsində huşunu itirdiyini və başının vaqonun divarına dəydiyini iddia edib.

IRNA-nın yaydığı, redaktə olunmuş təsiri bağışlayan CCTV görüntülərində bir qrup hicabsız qızın metro vaqonuna daxil olduğu görünür. Bundan dərhal sonra qızlardan biri yerə əyilir və huşunu itirmiş kimi görünən digər qızı vaqondan çəkib çıxarır.

Tehranda metro stansiyalarının girişini çox vaxt polis qoruyur və islami geyim qaydalarına əməl etməyən qadınları stansiyaya buraxmır.

"Bizə sübut etdilər ki…"

İranın aşırı mühafizəkar "Fars" xəbər agentliyi oktyabrın 3-də Qaravəndin valideynləri ilə müsahibə dərc edib. Onlar qızlarının metroda polis zabitlərinin hücumuna məruz qalmadığını deyiblər.

"Bütün videoları yoxladıq və bizə sübut etdilər ki, bu insident qəzadır. İnsanlardan övladımızın sağalması üçün dua etmələrini umuruq", - agentlik Qaravəndin atasının belə dediyini yazır.

Norveçdə fəaliyyət göstərən, İranda insan haqları pozuntularının monitorinqini aparan "Hengaw" təşkilatı hökumət rəsmilərinin bu versiyasını rədd edib. Təşkilat oktyabrın 3-də bildirib ki, Qaravənd məcburi hicab qanununa tabe olmadığından İranın qəddarlıqda ad çıxarmış əxlaq polisinin üzvləri tərəfindən "ağır" fiziki hücuma məruz qoyulub.

Oktyabrın 4-də isə təşkilat bildirib ki, hər hansı bilgi sızıntısının önünü kəsmək üçün güvənlik qurumları onun ailəsini ciddi nəzarətdə saxlayır və Armitanın ailə üzvlərinin mobil telefonlarını əllərindən alıblar.

"Bu cür insidenti işıqlandırmaq cinayət deyil"

Radio Fərda-nın əldə etdiyi bilgiyə görə, ailəsi ilə birgə Tehranda yaşayan Qaravənd əslən ölkənin qərbində yerləşən Luristan əyalətindəki Kohdəşt şəhərindəndir.

İranın gündəlik "Şərğ" qəzeti oktyabrın 2-də əməkdaşlarından birinin xəstəxanada Qaravəndi ziyarət etməyə gedəndən sonra qısa müddətə saxlandığını bildirib.

"Şərğ" qəzetinin müxbiri Milad Ələvi X sosial şəbəkəsində yazıb ki, hökumət rəsmilərinin Qaravəndin metro vaqonunda çəkilmiş görüntülərini açıqlamaq istəməməsi ictimaiyyət arasında inamsızlıq yaradır.

İranlı hüquqşünas Mohsen Borhani isə bir çox media qurumuna insidenti işıqlandırmağı hökumətin yasaqladığına diqqət çəkərək yazıb: "Bu cür insidenti işıqlandırmaq cinayət deyil".

XS
SM
MD
LG