Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:37

Hərbi cinayətlərdə suçlanan iranlının İsveçdə məhkəməsi başlanır


Həmid Nuri
Həmid Nuri

İttihamnaməyə görə, Nuri 1988-ci ilin iyul-avqust aylarında Kərəc şəhəri yaxınlığındakı Gövhərdaş həbsxanasında prokuror müavininin köməkçisi kimi çalışıb və orada edamlarda rolu olub

Avqustun 10-da İsveçdə 1988-ci ildə minlərlə siyasi dissidentin edamında əli olmaqda suçlanan keçmiş iranlı prokurorun məhkəməsi başlanır.

60 yaşlı Həmid Nuriyə isveçli prokurorlar hərbi cinayətlər ittihamı irəli sürüblər. 1988-ci ildə İranda rəsmi göstərişlə 5 minədək siyasi məhbus edam olunub.

İttihamnaməyə görə, Nuri 1988-ci ilin iyul-avqust aylarında Kərəc şəhəri yaxınlığındakı Gövhərdaş həbsxanasında prokuror müavininin köməkçisi kimi çalışıb və orada edamlarda rolu olub.

Özü təkzib edir

Nuri isə “iddia olunan edamlarla əlaqəsini təkzib edir”, – vəkili Tomas Soderqvist avqustun 10-da deyib.

İsveçin SVT televiziyasının məlumatına görə, Nuri 2019-cu ilin noyabrda İsveçə gedərkən saxlanıb, o vaxtdan həbsdədir.

1988-ci ildə İran Xalq Mücahidləri siyasi-hərbi təşkilatının üzvləri hədəfə alınıb. Bu qurum İran İslam Respublikası rəhbərliyini devirməyi, öz hökumətini qurmağı təbliğ edirdi.

Təşkilat o zaman İranla müharibə aparan İraq ordusu ilə əməkdaşlıq edirdi. İranın ozamankı ali dini lideri Ayətulla Xomeyni isə Mücahidin-ə rəğbət bəsləyən, yaxud onlara sadiq bütün məhbusların edam əmrini verib.

Prokurorlar 1988-ci il iyulun 30-dan avqustun 16-dək Gövhərdaş həbsxanasında xeyli sayda məhbusun qətlə yetirildiyini bildirir.

Beynəlxalq təhqiqat çağırışı

Bu ilin mayında Nobel mükafatı laureatları, keçmiş dövlət başçıları və keçmiş BMT rəsmiləri daxil olmaqla 150-dən artıq tanınmış şəxs 1988-ci il edamları üzrə beynəlxalq təhqiqat aparmağa çağırıb.

İsveçin universal yurisdiksiya prinsipi şəxsi törədildiyi yerdən asılı olmayaraq hərbi cinayətlərə görə mühakimə etməyə imkan verir.

Bu gün başlanan məhkəmənin gələn ilin aprelinədək davam edəcəyi gözlənir. Üçgünlük prosesə onlarla şahid dindiriləcək.

Bu iş İranda xüsusilə həssas sayılır, çünki yeni prezident İbrahim Rəisi daxil olmaqla hökumətin bəzi üzvləri 1988-ci il hadisələrində rolu olmaqda suçlanır.

Amnesty International insan haqları təşkilatı hələ 2018-ci ildə Ədliyyənin keçmiş rəhbəri Rəisini gizli edamları həyata keçirmiş “ölüm komissiyası”nın üzvü olmaqda ittiham edib.

Rəisi isə 2018 və 2020-ci illərdə bu məsələdə rolunu təkzib edib.

XS
SM
MD
LG