Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:46

İranda bir etirazçıya 3 ölüm cəzası kəsilib


Sənəndəc, 17 yanvar, 2023-cü il
Sənəndəc, 17 yanvar, 2023-cü il

Ötən ay İranda dövlət təhlükəsizlik qüvvələrinin saxladığı etirazçı Cavad Ruhiyə məhkəmə üç ölüm çıxarıb. Onun vəkili isə ittihamların sübutsuz olduğunu deyir.

AzadlıqRadiosunun fars xidməti Radio Fərda-nın əldə etdiyi məhkəmə sənədinə görə, Ruhinin ictimai müdafiəçisi Süleyman Vətəndost iclasda deyib ki, hadisə yerindən video Ruhinin etirazlarda iştirakını təsdiqləyir, ancaq “Yer üzündə korrupsiya daxil olmaqla ittihamlara dəlil yoxdur”.

Üç ittiham

35 yaşlı Ruhi dekabrın 11-də İranın Novşəhr şəhərində etirazlarda saxlanıb. Sentyabrın ortasında Məhsa Əmininin polisdə ölümü ölkəboyunca etirazlara səbəb olmuşdu.

Mazandaran Vilayəti Ədliyyə Departamentinin kommunikasiya idarəsi Ruhinin üç cinayətdə ittiham olunduğunu bildirir: küfr və Quranın təhqiri; dövlət əmlakının yandırılması və dağıdılması; vətəndaşları təhlükəsizliyi pozmağa sövq etmək, dövlətin təhlükəsizliyinə qarşı cinayətdə əlbirlik.

Ancaq ictimai müdafiəçi Ruhinin dövlət əmlakının yandırılmasında iştirak etmədiyini, onun vətəndaşları təhlükəsizliyi pozmağa təşviqinə sübut, Quranın təhqiri maddəsinin isə korrekt olmadığını vurğulayıb.

Ancaq məhkəmə yenə də Ruhiyə hər bir ittiham üzrə ölüm cəzası kəsib.

Digər təqsirləndirilənə 2 ölüm cəzası

Eyni iş üzrə ittiham olunan Mehdi Məhəmmədifara isə iki ittihamla ölüm hökmü çıxarılıb.

Əmininin ölümündən sonra küçələrə çıxan iranlılar qadınların məcburi baş örtüyünə, rejimə etirazlarını dilə gətiriblər. Minlərlə etirazçının, o cümlədən jurnalistin, hüquqşünasın, fəalın, rəqəmsal hüquq müdafiəçilərinin saxlandığı bildirilir.

Bəzi deputatlar etirazçılara sərt cəzalar, ölüm hökmü çıxarmağa çağırıblar.

İndiyədək dörd etirazçı edam olunub, ikisinin ölüm hökmünü Ali Məhkəmə təsdiqləyib və cəzanın icrasını gözləyirlər.

İnsan haqları qrupları etirazlarda 500-dək insanın öldürüldüyünü, yüzlərlə yaralının olduğunu deyirlər.

Sənəndəcdə rejimə qarşı şüarlar

Qərbi Sənəndəc şəhərində isə etirazlarda öldürülmüş Homan Abdullahinin 40 mərasimində rejim dəyişikliyi çağırışları səslənib.

Sosial mediada yayılmış videolarda Abdullahinin məzarı üstünə yığılmış adamlar “Şəhidlər ölmür!”, Ali dini lider Ayətullah Əli Xameneyiyə eyhamla “Diktatora ölüm!” şüarları səsləndiriblər.

21 yaşlı Abdullahi dekabrın 7-də Sənəndəcdə etirazlarda güllələnərək öldürülüb.

İranın kürd vilayətlərində insan haqları pozuntularını monitorinq edən, Norveçdə yerləşən “Hengaw” təşkilatı şahidlərə istinadla bildirib ki, Abdullahi sinəsindən vurulub, bir neçə saat sonra xəstəxanada keçinib.

Sənəndəc İranın qərbi Kürdüstan vilayətinin paytaxtıdır. Məhsa Əmini Sənəndəcə yaxın Saqez şəhərindən idi.

XS
SM
MD
LG