Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:02

Seçkilər qapını kəsərkən, İranın dini hakimiyyəti 'legitimlik böhranı' ilə üzləşib


İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei yeni seçilmiş prezident İbrahim Rəisiyə rəsmi təsdiq möhürünü təqdim edir
İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei yeni seçilmiş prezident İbrahim Rəisiyə rəsmi təsdiq möhürünü təqdim edir

İrandakı dini hakimiyyət on illərlə seçkiyə qatılma səviyyəsini öz legitimliyinin sübutu kimi göstərməyə çalışıb.

Ancaq Kian Şərifinin yazdığı məqalədə deyilir ki, son illər baş qaldıran etirazlar fonunda getdikcə artan antihökumət ovqatı hakimiyyətin legitimliyinə ciddi ziyan vurub.

Son prezident və parlament seçkilərində seçici iştirakı rekord səviyyədə az olub. Martın 1-də keçiriləcək seçkilər ərəfəsində iştirak faizinin yenə aşağı olacağından ehtiyatlanan hökumət xalqı səsverməyə çağırır.

Londonda fəaliyyət göstərən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil deyir ki, klerikal hökumət legitimlik böhranı yaşayır. Onun sözlərinə görə, hökumət "artıq qutulara saxta bülleten doldurmadan bunu gizlədə bilmir".

Vəkil deyir ki, hakim klerikallarla İranın gənc əhalisi arasında get-gedə dərinləşən uçurumu, habelə dövlətin davam etməkdə olan repressiyalarını və iqtisadiyyatı bərbad yönəltməsini nəzərə alsaq, gələn həftə rekord aşağı səsvermə səviyyəsinin qeydə alınması hökuməti təəccübləndirə bilməz.

Bu seçkilərdə iranlılar həm parlamenti, həm də Ekspertlər Məclisini seçməlidirlər. Ekspertlər Məclisi ölkənin ali dini liderini seçən və nominal da olsa, onun fəaliyyətinə göz qoyan qurumdur.

Əli Vaez
Əli Vaez

Xameneinin 84 yaşının olması nəzərə alınsa…

Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaez deyir ki, "rejim artıq İran xalqının çoxundan əlini üzdüyü bir mərhələyə gəlib çıxıb, o çoxluq da öz növbəsində rejimdən əlini üzüb".

Daha sonra fikrini belə tamamlayıb: "Rəhbərliyi ancaq ali liderin hakimiyyətinin rahat ötürülməsi maraqlandırır: bu, sistemin legitimliyi bahasına başa gəlsə də".

Hökumət xalqı qarşıdan gələn seçkilərdə səsverməyə çağırsa da, o biri yandan da oyun sahəsini kəskin daraldıb, bir çox islahatçı və mötədil namizədi sıradan çıxarıb.

Bu trend hələ 2021-ci ildə, Ali Dini Lider Ayətullah Əli Xameneinin yaxın müttəfiqi ultramühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra başlayıb. O zamandan bəri İranda ifrat mühafizəkarlar hakimiyyətin hər üç qanadında – prezidentlik, parlament və məhkəmə sistemində dominantlıq edir.

"…Sistemin tənqidçilərdən təmizlənməsi yönündə aşağıya doğru mərhələli hərəkətin baş verdiyi danılmazdır", - Sənəm Vəkilin sözləridir.

Bu, özəlliklə Ekspertlər Məclisinə seçkilərdə aydın görünür. Qurumun 88 üzvü 8 illik müddətə seçilir. Media xəbərlərində 144 namizəddən 105-nin ifrat mühafizəkarlar tərəfindən dəstəkləndiyi, 39 nəfərinsə müstəqil namizəd olduğu bildirilir.

Keçmiş prezident, mötədil siyasətçi Həsən Ruhaninin Ekspertlər Məclisinə seçkilərdə namizədliyini verməsinə imkan verilməyib.

Məclisin əsas vəzifəsi yeni ali dini lideri təyin etməkdir. Xameneinin 84 yaşının olması nəzərə alınsa, növbəti məclisin onun varisini seçəcəyi ehtimal edilir.

Ekspertlər Məclisi İranın ali rəhbərini təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olan məsləhət orqanıdır.
Ekspertlər Məclisi İranın ali rəhbərini təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olan məsləhət orqanıdır.

"Daha yüksək iştirak faizinin olması məntiqə ziddir"

"Aydındır ki, sistem heç nəyi təsadüfün ixtiyarına buraxmaq istəmir", - Vaez deyir. Ancaq o, Xameneinin varisini Xameneinin ofisi və güclü İslam İnqilab Keşikçiləri Korpusundan (İİKK) ibarət "dərin dövlət"in seçəcəyini də söyləyir. İİKK İran silahlı qüvvələrinin elit qanadıdır: "Ekspertlər Məclisi sadəcə bu qərar üçün möhür rolunu oynayacaq".

Ekspertlər bildirirlər ki, 2020-ci ildəki parlament və 2021-ci ilin prezident seçkilərindən öncə mötədil və islahatçı namizədlərin kütləvi diskvalifikasiya edilməsi iştirak faizini azaldıb.

Ancaq bu, 2022-ci ildə başlanan, ölkəni cənginə alan və aylarla sürən misli görünməmiş etirazlardan əvvəl olub.

Hicabı düzgün taxmamaq bəhanəsi ilə 22 yaşlı Məhsa Əmininin saxlanıb polis nəzarətində ölməsindən sonra baş qaldıran hökumət əleyhinə etirazlar qısa zamanda məcburi hicab qaydasına qarşı hərəkata çevrildi. Məcburi hicab İslam respublikasının əsas sütunlarından biridir. Tezliklə etirazlar İrandakı teokratik rejimi hədəfə aldı. Bəzi etirazçılar klerikal rejimə son qoyulmasını, ictimai və siyasi azadlıqların gətirilməsini tələb etdi.

Etirazlar qəddarlıqla yatırılarkən, azı, 500 etirazçı öldürüldü, minlərləsi də həbsə atıldı. Nümayişlərə qatıldığına görə bugünədək doqquz etirazçı edam edilib. İnsan haqları qurumları onların məhkəmələrinin ədalətsiz keçirildiyini deyirlər.

Müşahidəçilər etirazların qarşıdakı seçkilərdə seçici fəallığına ciddi təsir göstərəcəyini bildirirlər.

"Fərqli düşüncənin qəddarlıqla boğulmasının ardınca gələn, azad və ədalətli olmayan seçkidə ötən parlament seçkilərindəkindən daha yüksək iştirak faizinin olması məntiqə ziddir", - Vaez belə deyir.

İranda səsvermə
İranda səsvermə

"Səsi eşidilməyən xalq"

Bu, mötədil və islahatçıların builki seçkilərdə iştirakına imkan verilsəydi də, fərq yaratmazdı. Çünki "artıq əksər iranlılar üçün əsas məsələ deyil", - Atlantika Şurasının aparıcı qeyri-rezident tədqiqatçısı Holli Daqresin sözləridir.

"O hal da seçki sonuclarında elə fərq yaratmayacaq, axı islahatçılar da daha öncə öz vədlərini yerinə yetirə bilməyiblər. …İranlıların çoxu onları problemin, yəni İslam respublikasının uzantısı kimi görür. Və bu belədir, çünki onlar bu sistemin bir hissəsidirlər", - yenə həmin tədqiqatçının fikridir.

Bütün bunlara baxmayaraq, hökumət xalqı seçkiyə çağırmağa davam edir.

"Hamımız seçkiyə qatılmalıyıq… Problemləri bilib çözməyin tək yolu seçkidən keçir", - Xamenei fevralın 18-də belə deyib. O, daha öncəki çıxışlarında da bənzər çağırışlar edib.

Dövlət rəsmiləri səsvermədə iştirak faizini artırmaq üçün seçkiyə getməməyin düşmənin dəyirmanına su tökmək olacağını da deyiblər.

İslahatyönlü "Hammihan" qəzeti bu çağırışların seçkiyə getmək istəməyənlərin fikrini dəyişə bilməyəcəyini və 2022-ci il etirazlarında "səsi eşidilməyən" xalqı indi hökumətin seçkiyə çağırdığını yazıb.

XS
SM
MD
LG