Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

İranın sünni liderləri hakimiyyətə müraciət etdi


İranın Kamyaran şəhəri
İranın Kamyaran şəhəri

İranın cənubundakı Sistan-Baluçistan vilayətinin sünni liderləri video müraciət yayaraq hakimiyyəti etirazçılara zorakılıqla divan tutulmasını dayandırmağa çağırıb, bunun “əsası olmadığını” bildirib.

Noyabrın 29-da yayılmış videoda deyilir ki, Xaş, Taftan və Mircavə şəhərlərinin sünni ruhaniləri vilayət ağsaqqalları və mədəniyyət xadimləri ilə “milli həmrəylik” bildirir, Zahedan və Xaşda Qanlı Cümə repressiyasını pisləyir.

“Qanlı Cümə”

Sentyabrın 30-da cənub-şərqi Zahedan şəhərində “Qanlı Cümə” qırğınında 100-dək insanın öldürüldüyü, yüzlərlə etirazçının xəsarət aldığı bildirilir. Etirazlara 22 yaşlı Məhsa Əmininin polisdə vəfatı səbəb olub. Onun hicabı guya düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanan zaman döyüldüyü deyilir. Bundan başqa Zahedanda 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanması iddialarının da etirazların qızışmasında rolu olub.

Zorakılıq zamanı azı 96 etirazçının öldürüldüyü, 300-dən çoxunun yaralandığı xəbər verilir.

Bu ayın əvvəlində İranın sünni əhalisinin lideri sayılan Molavi Abdulhamid deyib ki, Zahedanda etirazçıların öldürülməsinə görə aparıcı rəsmilər, o cümlədən Ali dini lider Ayətullah Əli Xameneyi məsuliyyət daşıyır. O, “siyasəti xalqın arzusuna uyğun dəyişdirmək” üçün beynəlxalq müşahidəçilərin iştirakıyla dərhal referendum keçirməyə çağırmışdı.

Əmininin ölümü minlərlə iranlının küçələrə çıxmasına səbəb olub. Onlar azadlıq, qadın hüquqlarının təmin olunmasını tələb edirlər.

Fəalın ailəsi onun səhhətindən narahatdır

Müstəqil mənbələr indiyədək azı 445 etirazçının, o cümlədən 61 azyaşlının öldürüldüyünü bildirir.

Həbsdə olan fəal Araş Sadiqinin ailəsi isə onun səhhətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edib. Fəalın atası Hüseyn Sadeqi dünya ölkələrini oğlunun azadlığa buraxılması üçün Tehrana təzyiq göstərməyə çağırıb.

Bir neçə dəfə həbs olunmuş Sadiqi sümük xərçəngindən əziyyət çəkir. Atası deyir ki, həbsxana orqanları oğlunun dərman, müalicə almasına mane olur.

Sadiqi oktyabrın 12-də etirazlar vaxtı saxlanıb.

Sosial media kampaniyası

Son günlər sosial mediada fəala dəstək kampaniyası başladılıb. Noyabrın əvvəlindən Araş Sadiqinin adı Twitter-də 1.5 milyondan çox çəkilib.

Sadiqi xərçəngdən əməliyyat olunub. İnsan haqları qrupları, onu müalicə etmiş həkimlər deyirlər ki, əməliyyatdan sonra hər dörd aydan bir xəstəxanada müalicə olunmalıdır.

Sadiqi Tehranda təhsil aldığı universitetdən də siyasi fəaliyyətinə görə qovulub.

O, 2013-cü ildə dövlətə qarşı təbliğat ittihamıyla 19 illik həbsə məhkum edilib. Bir neçə dəfə aclıq aksiyası keçirib. Həbsdə beş ildən çox qalıb, xərçəng aşkarlanandan sonra, ilyarım öncə həbsxanadan buraxılıb.

Son etirazlarla əlaqədar İranda azı 116 jurnalist və köşə yazarının da həbs olunduğu bildirilir.

XS
SM
MD
LG