Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:27

Rusiya-İsrail: Qəzzadakı savaş qəliz münasibətləri bir az da dolaşdırıb


Rusiya prezidenti Vladimir Putin (sağda) 2020-ci ilin yanvarında Moskvada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür.
Rusiya prezidenti Vladimir Putin (sağda) 2020-ci ilin yanvarında Moskvada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür.

HƏMAS-ın İsrailə hücumundan üç həftə keçmədən qrupun liderləri Rusiya rəsmiləri ilə danışmaq üçün Moskvaya gəldi. Bu səfər Moskvanın siyasətini yaxından izləyənləri təəccübləndirmədi.

Oktyabrın 29-da isə Mahaçqalada Təl-Əvivdən gələn təyyarəyə hücum cəhdi olub.

Kremlin İsraillə onsuz da heç vaxt çox yaxşı olmayan münasibətləri bu olub-bitənlərdən sonra, özəlliklə İsrailin Qəzza üzərinə quru hücumuna başlaması və Fələstində dinc sakinlərin durmadan öldürülməsi fonunda daha da pisləşməkdədir.

Almaniya Marşall Fondu Brüssel ofisinin icraçı direktoru, Avropa və Yaxın Şərqdə güvənlik məsələləri eksperti Yan Lesser (Ian Lesser) deyir ki, Mahaçqaladakı zorakılığı dövlətin təşkil etməsi ehtimalı azdır: "Bu onu göstərir ki, Rusiyada [yəhudilərə qarşı] dərin [nifrət] və antisemitizm var. Özəlliklə əhalisinin çoxunun müsəlman olduğu bölgələrdə".

"Rusiyada antisemitizm heç vaxt bitməyib, həmişə zaman-zaman öz çirkin başını qaldırıb …İlk dəfə deyil ki, Rusiyada antisemit hərəkətlər baş qaldırır və bu, təkcə bir bölgədə baş vermir", - Vaşinqton İnstitutunun Rusiyanın Yaxın Şərq siyasətini araşdıran təqaüdçüsü Anna Borşevskaya belə deyir.

"İsrailin Rusiya ilə münasibətləri mürəkkəbdir. Bu, sirr deyil, yeni də deyil", - İsrailin baş naziri Benyamin Netanyahunun ofis sözçüsü Eylon Levinin sözləridir.

"Anlaşılmazlığın olmaması önəmlidir"

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin müəllifi olduğu məqalədə deyilir ki, İsrailin bölücü və ən sürəkli hakimiyyətdə olan baş naziri Netanyahu Rusiyanın ən uzun müddət hakimiyyətdə qalan prezidenti Vladimir Putinlə daha sıx münasibətlər qura bilib. Netanyahu ötən il yazdığı memuarında Putinin zəkasını tərifləyib və yəhudiləri dəstəkləyən siyasətinə görə ona təşəkkür edib.

Di gəl, Moskvanın İsraili məhv etməyə and içmiş ölkələrlə güclənən iqtisadi və hərbi bağları bu münasibətləri gərginləşdirib. Həmin ölkələrə İsrailə düşmən olan qrupları dəstəkləyən Suriya və İran daxildir.

Rusiyanın Suriyada dəniz bazası və başqa hərbi infrastrukturu var və bunlardan yalnız Bəşşar əl-Əsəd rejimini dəstəkləmək üçün istifadə edir. Ancaq Rusiya bu baza və infrastrukturdan Aralıq dənizindəki hərbi mövcudluğunu qoruyub saxlamaq və Suriyanın şimalında kürd silahlı qrupları ilə birlikdə vuruşan ABŞ qoşunlarını qıcıqlandırmaq üçün də yararlanır.

İsraillə Rusiya hətta İsrail hava qüvvələri Suriya ərazilərini, o cümlədən Dəməşq hava limanını aramsız hədəfə alanda belə münaqişədən yayına bilib.

Oktyabrın 30-da İsrailin hərbi təyyarələri Suriyanın güneyindəki Darya əyalətində olan Suriya bazasını bombalayıb. Bundan bir neçə gün öncə isə İsrail qırıcı təyyarələri başqa bir Suriya bazasında sursat deposunu vurub. Bu bazada "Hizbullah" döyüşçüləri və iranlı olduğu deyilən zabitlərin Suriya hərbçiləri ilə birlikdə çalışdığı bildirilir.

"İllər boyunca İsrailin Suriya içindəki hədəflərə hücumu zamanı Rusiyanın Suriyadakı hərbi iştirakı ilə koordinasiya mexanizmi olub. İran şimaldakı terrorçulara müasir silahlar göndərməyə çalışır. Özü də bizim aramızda anlaşılmazlığın olmaması önəmlidir", - Levi deyir.

Rusiya sualtı qayıqları Suriyanın Aralıq dənizindəki Tartus limanında
Rusiya sualtı qayıqları Suriyanın Aralıq dənizindəki Tartus limanında

Moskvanın Tehranla münasibətləri İsraildən ötrü daha da problematikdir

Rusiya İranın öz nüvə qabiliyyətini formalaşdırmasında vacib rol oynayıb. İranla əməkdaşlıq Rusiyanın dövlət nüvə şirkəti olan "Rosatom"un da mühüm gəlir yeridir. Moskva da, Tehran da deyir ki, bu səylər nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə - elektrik enerjisi almağa yönəlib. Ancaq bu iddialar İsrail və ABŞ-ın qorxularına son qoymayıb.

Avropa Beynəlxalq Əlaqələr Şurasının sentyabrda dərc etdiyi hesabatda deyilir ki, Rusiyanın ötən il Ukraynaya hücum etməsi onun İranla münasibətlərini kökündən dəyişdirib.

"Hər iki ölkə Qərbin sanksiya və siyasi təcridinə birgə dirənmək yönündə səylərini gücləndirib. İran eyni zamanda öz nüvə proqramını təlaşlandırıcı dərəcədə genişləndirməkdədir. Moskva buna etiraz etmir", - hesabatın müəllifləri Elli Qeranmaye (Ellie Geranmayeh) və Nikol Qrayevski (Nicole Grajewski) belə deyir.

"Rusiyanın müharibəsinə Tehranın hərbi töhfəsi də Rusiyanın bu çətin münaqişədə duruş gətirmə qabiliyyətində nəhəng fərq yaradıb. Bir zamanlar ikinci dərəcəli oyunçu olan İran indi Ukraynadakı müharibədə Rusiyanın ən mühüm iş ortağıdır", - yenə onların sözləridir.

Ən əsası, Rusiya özünün dron gücünü genişləndirmək üçün İrandan çox faydalanıb. Rusiya indi Ukrayna ordusuna qarşı minlərlə kamikadze və izləmə dronundan yararlanır. "Economist" dərgisi ötən həftə Ukrayna ordusunun bir yüksək rütbəli komandirinin bu haqda məqaləsini dərc edib.

Bütün bunlar azmış kimi, Qərb kəşfiyyatının hesabatlarında "Hizbullah"ın təyyarələrə qarşı Rusiya istehsalı olan silah sistemləri aldığı deyilir. Düzdür, bu məlumat hələ təsdiqlənməsə də, heç nə İsrailin diqqətindən yayınmır.

İsrail bütün bunlardan narahat olsa da, Rusiyanı Ukraynaya hücuma görə tənqid edərkən çox ehtiyatlı davranıb və Ukrayna ordusuna silah, yaxud ciddi önəm daşıyan avadanlıq göndərməyib.

Putin də daxil, Rusiya siyasətçilərinin çıxışlarında antisemit ritorikanın artması, Rusiya hökumətinin ötən il İsrail Naminə Yəhudi Təşkilatını (keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda daha çox "Soxnut" kimi tanınır) bağlaması da müşahidəçilərin diqqətindən yayınmayıb.

Bəzi israillilər qurumun Rusiyadakı fəaliyyətinin dayandırılmasını İsrailin Ukraynadakı müharibə ilə bağlı mövqeyi, daha çox da ozamankı baş nazir Yair Lapidin tənqidi ilə əlaqələndirirlər.

"Yaxın Şərqdəki böhran Moskva üçün… özünə yer etmək fürsətidir"

"HƏMAS-la yaxınlaşma tarixən olduğu şəkildə davam edir. Soyuq savaş dönəmində Moskva [fələstinliləri] silahlandırır və hər cür dəstəkləyirdi… Bununla yanaşı, Rusiyanın HƏMAS-a dəstəyini keyfiyyətcə artıracağı gözlənilmir… Reallıq budur ki, Yaxın Şərqdəki böhran Moskva üçün bölgədə və Qlobal Güneydə diplomatik tərəfdaş kimi özünə yer etmək fürsətidir", - Milan ÇerniDan Storyev Karneqi adına Beynəlxalq Sülh Fondu üçün hazırladıqları təhlil yazısında belə deyirlər.

HƏMAS-ın İsrailə hücumundan sonra Putin özünün ilk bəyanatından ABŞ-a hücum etmək və Vaşinqtonu günahlandırmaq üçün yararlandı.

Ekspertlər Rusiyanın Yaxın Şərqdəki toqquşmalardan necə mənfəət götürəcəyini müzakirə edirlər: məsələn, bu münaqişə dünyanın diqqətini Kremlin indi bir nömrəli xarici siyasi öncəliyi sayılan Ukrayna müharibəsindən yayındıracaqmı?

Borşevskaya deyir ki, indiki durum Rusiyaya çətinliklər törətsə də, onun bu məsələdə mənfəəti daha çoxdur: "Mən düşünürəm ki, Rusiya məhz xaosdan bəhrələnir və onlar bu xaos durumundan ABŞ və Qərblə qarşıdurmanı daha da artırmaq üçün istifadə edəcəklər. Bu, birbaşa da ola bilər, proksilər vasitəsilə də".

XS
SM
MD
LG