Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:22

Sakin: "İki qurumun mübahisəsinə görə çimə bilmirik"


Foto arxiv
Foto arxiv

1 aydan çoxdur ki, Neftçilərin binalarına isti su verilməsi dayandırılıb.

"Deyir, "Azəristilik" pulu ödəsin, qazı buraxaq... Başınıza dönüm, hansısa qurumun hansısa quruma borcu var deyə, mən susuz qalmalıyam? Bu nə xidmətdir axı?.."

Bunu AzadlıqRadiosu-na Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində neftçilərin yaşadığı yeni inşa olunmuş binaların sakinləri deyir.

Lökbatan qəsəbəsi
Lökbatan qəsəbəsi

“DİRƏŞİN, BORCU ÖDƏTDİRİN”

3 binada yaşayan azı 250 ailə bir aydan çoxdur ki, isti suya həsrətdir. Bina sakini Əlibaba Məlikovun deməsinə görə, qazanxanaya qaz verilməsi dayandırılıb, evlərə isti suyun gəlməməsinin səbəbi də budur:

"Biz neftçi babalarıq, rahatlıq istəyirik. Gedib dənizin ortasında həftələrlə qalıb gəlirik. Evə girəndə də məlum olur ki, ən vacib kommunal xidmətlərdən birini – isti suyu kəsiblər. Araşdırmışıq, məlum olub ki, "Azəristilik” ASC-nin ''Azəriqaz'' İstehsalat Birliyinə borcu yığılıb. İndi nə qədər borcdur, niyə ödənilməyib, onu deyən yoxdur, ancaq bizə açıq-aşkar dedilər ki, ‘gedin, dirəşin, borcu ödətdirin, qazı buraxaq’. Deməli, iki qurumdan biri o birinə borcu ödəmir, vətəndaş gedib döyə-döyə borc ödətdirməlidir ki, üzr istəyirəm, hamamda çimə bilsin".

“BORC ÖDƏNMƏSƏ, QAZ VERİLMƏYƏCƏK”

Sakinlərin deməsinə görə, qaz və işıq ödənişlərini vaxtında edirlər. Buna baxmayaraq, hökumət hər dəfə bir bəhanə ilə onlara kommunal problemlər yaradır.

Foto arxiv
Foto arxiv

Ləman Vəliyeva:

"Bura təzə köçəndə istədik ki, evimizə suqızdırıcı quraşdıraq. Tökülüşüb gəldilər, aparatı heç binaya da buraxmadılar ki, olmaz... Başa düşdük, olmaz, olmasın, bəs bu nə oyunlardır başımıza açırlar? Vətəndaşa az qala çəkdiyi nəfəsə görə də "olmaz" deyirlər, ancaq özlərinin qurduqları iş bir qəpiyə dəymir".

Qaradağ rayonu Qaz İstismar İdarəsindən "Qaynar xətt"ə bildirilib ki, qazanxanaya qazın verilməməsinə səbəb borcdur. "Azəristiliktəchizat" ASC borcu ödəməsə, qaz verilişi bərpa olunmayacaq. "Azəristiliktəchizat"dan isə bildirilib ki, "Azəriqaz"a yığılan borc tezliklə ödəniləcək.

XS
SM
MD
LG