Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

AzadlıqRadiosu jurnalistinin Rusiyada məhbusluğunun 100 günü tamam oldu


Myu Yorkun Tayms meydanındakı küçə monitorunda Alsu Kurmaşeva
Myu Yorkun Tayms meydanındakı küçə monitorunda Alsu Kurmaşeva

Yanvarın 25-də AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın Rusiyanın Kazan şəhərində həbsdə saxlanmasının 100-cü günü tamam olub.

AzadlıqRadiosu prezidentinin səlahiyyətlərini icra edən Stiven Kapus bu münasibətlə yeni müraciətlə çıxış edib.

O deyib ki, “ədalətsiz olaraq barmaqlıq arxasında keçən bir gün belə faciədir, amma ABŞ vətəndaşının Rusiya həbsxanasında 100 gün müddətində saxlanması sadəcə olaraq hiddət doğurur”:

"Alsu anadır, həyat yoldaşıdır və təşkilatımızın sevimli əməkdaşıdır. Rusiya onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmalıdır. Biz ümid edirik ki, ABŞ Dövlət Departamenti Alsunu ən qısa müddətdə “ədalətsiz saxlanan şəxs” kimi tanıyacaq”.

“Qanunsuz saxlanan şəxs”

AzadlıqRadiosu yazır ki, bütün çağırış və təzyiqlərə baxmayaraq ABŞ Dövlət Departamenti hələ ki Alsu Kurmaşevanı “qanunsuz saxlanmış şəxs” kimi tanımayıb.

Dövlət Departamentinin sözçüsü Vedant Patel yanvarın 24-də keçirdiyi brifinqdə bu barədə deyib:

"Mən bu məsələ barəsində yeni heç nə deyə bilmərəm. Amma bizim üçün xaricdəki ABŞ vətəndaşlarının salamatlığı və təhlükəsizlyindən daha yüksək prioritet yoxdur”.

Kurmaşevaya belə bir statusun verilməsi ABŞ hökuməti üzərinə onun azadlığa buraxılması üçün əlavə öhdəlik qoyardı. Rusiyada saxlanmış başqa amerikalılar - Wall Street Journal qəzetinin müxbiri Evan Greşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilanın belə bir statusu var.

Buna baxmayaraq Patel deyib ki, Dövlət Departamenti Kurmaşevanın məsələsini yaxından izləyir, amma dekabrın 20-də jurnalistə baş çəkilməsi üçün ABŞ-ın sorğusu rədd edilib.

38 dildə “Alsunu azad edin!” çağırışı

Alsunun həbsdə saxlanmasının 100-cü günündə onun həmkarları və yaxınları xüsusi olaraq hazırlanmış videoda 38 dildə “Alsunu azad edin!” söyləyirlər. Bu dillərin arasında AzadlıqRadiosunun yayımlandığı 27 dil də var.

Alsu Kurmaşevanın Rusiya vətəndaşlığından başqa, həm də ABŞ vətəndaşlığı var.

O həbsinə qədər Praqada əri və uşaqları ilə yaşayırdı.

Kurmaşeva ötən ilin may ayında ailə şəraiti ilə bağlı doğma Kazan şəhərinə gəlmişdi.

Alsu yanvarın 18-də saxlandığı təcridxanadan yazmışdı:

"Siz mənim cəsarətimə heyran olmusunuz ki, “belə bir vaxtda” öz evimə gəlmişəm. Amma biz indi yaşayırıq və bizim “başqa bir vaxtımız” olmayacaq. “Vaxt” əlbəttə, olacaq. Amma bugün köməyə ehtiyacı olan hansısa yaxınımız üçün vaxt olmayacq. Mən öz ailəm üçün məsuliyyət daşıyıram. Azyaşlı uşaqlar üçün, yaşlı anam üçün”.

Uzun məhbusluğun başlanğıcı

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

O bundan əvvəl istintaq müddəti üçün dekabrın əvvəlinə qədər həbs olunmuşdu.

Xarici agent ittihamı

Kurmaşeva Rusiya Cinayət Məcəlləsinin 330.1 maddəsinin üçüncü bəndini pozmaqda ittiham edilirdi.

Bu maddədə Rusiyada hərbi, hərbi-texniki sahələrdə məqsədyönlü şəkildə informasiya toplayan şəxslərin xarici agent kimi qeydiyyatdan keçməli olduğu qeyd edilir.

Maddəyə görə belə informasiya xarici mənbələr tərəfindən istifadə olunduqda Rusiyanın təhlükəsizliyi üçün hədə yarada bilər.

İstintaq hesab edir ki, jurnalist adının xarici agent reyestrinə daxil edilməsi üçün özü müvafiq sənədləri orqanlara təqdim etməyə borclu idi.

Rusiya Ədliyyə Nazirliyi Kurmaşevanın adını reyestrə daxil etməmişdi. Bu, Rusiyada bu maddə ilə qaldırılmış ilk cinayət işidir.

Bundan ayyarım sonra Kurmaşevaya qarşı daha bir cinayət işi qaldırılıb.

O “siyasi nifrət motivi ilə Rusiya ordusu barədə saxta məlumatlar yaymaqda” ittiham olunur.

Buna səbəb AzadlıqRadiosunun Idel.Реалии redaksiyasının buraxdığı “Müharibəyə yox. Ukraynaya müdaxilə əleyhinə çıxış edən 40 rusiyalının hekayəti” kitabıdır.

Bu ittihamla Kurmaşeva 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Jurnalist özünü təqsirli bilmir.

AzadlıqRadiosundan başqa məhbuslar

Kurmaşeva hazırda AzadlıqRadiosunun həbs edilmiş dörd jurnalistindən biridir.

İnsan haqları təşkilatları və AzadlıqRadiosu dəfələrlə Andrey Kuzneçik, İqor Losik, Vladıslav Yesipenko və Alsu Kurmaşevanın azadlığa buraxılmasını tələb edib.

Losik bloqerdir və AzadlıqRadiosunun Belarus xidməti üçün yazan jurnalistdir. O, 2021-ci ilin dekabrında 15 illik həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən bir neçə ittiham arasında "ictimai asayişi kobud pozan hərəkətlərin təşkili və hazırlanması" ittihamı da var.

AzadlıqRadiosunun Belarus xidmətinin vebredaktoru Kuzneçik ötən ilin iyununda bir neçə saatdan çox çəkməyən məhkəmə tərəfindən "ekstremist təşkilat yaratma və ya bu növ təşkilatda iştirak" maddəsi ilə 6 illik həbs cəzasına məhkum edilib.

Həm Ukrayna, həm də Rusiya vətəndaşı olan Yesipenko Ukrayna xidmətinin tərkibində fəaliyyət göstərən Krım.Realii xidməti üçün yazan jurnalistdir.

O, ötən ilin fevralında, işğal olunmuş Krımda qapalı keçirilən məhkəmədə rusiyalı hakim tərəfindən 6 illik həbs cəzasına məhkum edilib.

Ona qarşı "partlayıcı maddələrin saxlanması və daşınması" ittihamı irəli sürülüb. Onun özü bu ittihamı qətiyyətlə rədd edir.

XS
SM
MD
LG