Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:14

Kadırov 'xalqın atası' oldu. Yalnız çeçencə...


Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistan parlamenti bölgənin başçısı Ramzan Kadırovun çeçen dilində yeni titulunu təsbit edən qanun qəbul edib.

Bu titul çeçen dilindən “xaliqin atası” kimi tərcümə olunur.

Çeçenistan parlamenti konstitusiya düzəlişləri barədə qanunu fevralın 9-da səsə qoymuşdu.

Bu qanuna görə Ramzan Kadırovun rusca “qlava” – “başçı” titulu olduğu kimi qalacaq.

Kadırovun çeçencə tituluna gəlincə isə bu “mexk-da” kimi səslənir və hərfi tərcüməsi “torpağın atası” mənasını verir.

Rəis elə rəis deməkdir

Çeçenistan millət vəkilləri bu qanun dəyişikliyi təşəbbüsü ilə yanvar ayında Tatarıstan parlamenti respublika başçısının titulunu ərəb sözü olan “rəis” termini ilə əvəz edəndən sonra irəli sürüblər.

Yeri gəlmişkən “rəis” sözü elə onsuz da ayrılıqda “prezident” mənasını verir. Belə ki, ərəb ölkələrində prezidentlərə rəsmən “rəis” deyirlər.

Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Federasiyasındakı milli respublikaların liderləri özlərinə prezident titulu götürmüşdülər.

Kadırovun öz təşəbbüsü

Bu da qeyd olunmalıdır ki, etnik respublika başçılarının “prezident” titulunun “başçı” titulu ilə əvəzlənməsini 2010-cu ildə Kadırovun özü təklif etmiş və o “Rusiyada bir prezident olar” demişdi.

Rusiyada ötən həftəyədək öz rəhbəri üçün “prezident” titulunu qoruyub saxlaya bilən yeganə subyekt Tatarıstan Respublikası idi.

2007-ci ildə müharibənin xaraba qoyduğu Çeçenistana Vladimir Putin tərəfindən rəhbər təyin edilmiş Kadırov bölgəni özünün şəxsi feodal mülkünə çevirib. Çeçenistanın büdcəsi yerli neft gəlirləri, amma əsas etibarilə Moskvanın dotasiyaları ilə dolur.

Kadırovun hakimiyyəti illərində Çeçenistanda fərqli düşüncənin, müxalifətin və azad medianın kökü kəsilib.

Xaricə qaçan fəallar isə hətta orada da Kadırovun əmrləri ilə hədəflənib və sui-qəsdlərə məruz qalıb.

XS
SM
MD
LG