Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:54

Karantin həftəsonunu necə dəyişir


Karantin
Karantin

"Dünyanın, demək olar, hər yerində məktəblər, iş yerləri və ictimai yerlər bağlıdır. İnsanlar koronavirusun mümkün qədər yavaş yayılmasına çalışırlar. Vaxtının çoxunu evlərində keçirən və gündəlik rejimləri tamamilə dəyişən insanlar zamanın təqvimə sığmayan qəribə, amorf bir şeyə çevrildiyini müşahidə edirlər", - BBC yazır.

Vaxt günortaya yaxınlaşır, sizsə pijamanızda oturmusunuz. "Üstəlik, televizor və noutbukunuz işləyir. Belə bir şəraitdə saatın neçə olmasının nə əhəmiyyəti var? Eyni zamanda həm işlərinizi bitirməli, həm uşaqlarınıza qəlyanaltı hazırlamalı, həm də evin gündəlik işlərini görməlisiniz. Bu halda həftənin hansı günü olması nəyi dəyişir? Ümumiyyətlə, həftəsonu nədir və karantinli dünyada həftəsonu varmı?", – məqalədə sual edilir.

Yel Universitetinin professoru, "Coursera" platformasında keçilən, dünyada tanınan və sevilən "Rifah elmi" (The Science of Well-Being) kursunun müəllimi Laurie Santos deyir ki, hazırkı böhranın əsas sınaqlarından biri əksər cədvəllərimizin tamamilə qarışmasıdır. "İnsanlar vərdişə bağlı canlılardır. İş və asudə vaxtın müntəzəm cədvəlinin olması xüsusən də bu qeyri-müəyyən zamanda qeyri-müəyyənliyi azaltmağa kömək edir", – o deyir.

Hərəyə 3 saat

Normal zamanlarda müntəzəm gündəlik cədvəli bizə xarici amillər diktə edir: məktəb və universitet cədvəlləri, qatar və avtobus qrafikləri, iş görüşləri, qəbul saatları və s. Bunlar olmayanda belə, dünyanın hər yerində insanlar vaxtlarını bölməyin kreativ yollarını axtarıb tapmalı olurdular.

Sietldə fəaliyyət göstərən bir səyahət şirkətinin marketinq direktoru kimi çalışan Chaney Kourouniotis hazırda evdən işləsə də, hər səhər zəngli saatını elə qurur ki, yuxudan durub həmişəki vaxtında iş masasının arxasında olsun. Doyunca yatmağı isə həftə sonlarına saxlayır.

Evdə uşaqları olanlar üçünsə səhərlər asudə vaxt keçirmək çox zaman, ümumiyyətlə, söhbət mövzusu deyil. Emily Seftel Parisdə bir beynəlxalq təşkilatın administrasiyasında çalışır. Texnologiya sahəsində çalışan əri ilə birgə iş və evdəki vəzifələrini səliqə ilə yerinə yetirməyə səy göstərirlər. Bundan başqa, 6-yaşlı oğlanlarının evdən təhsilinə də nəzarət etməlidirlər.

Həftə sonlarını əvvəlki kimi çox arzulamaq üçün belə bir qayda qoyublar: Hər iş günü valideynlərin hərəsinə yalnız özü üçün istifadə edəcəyi 3 saat vaxt verilir. O bu vaxtı evin içində istədiyi məkanda keçirə bilər.

Ailənin digər üzvləri özlərini həmin adam evdə yoxmuş kimi aparmalıdır. Asudə vaxtını keçirən valideyn isə bu zaman günəşli havada eyvanda kitab da oxuya bilər, yataq otağında Netflix-ə də baxa bilər.

İnsanın yaratdığı sosial konstruksiya

Bəs həftə sonları nəyə lazımdır? Yer öz oxu ətrafında 24 saata, Günəş ətrafında 365 günə dövrə vurduğu üçün sutka və il anlayışları təbiidir. Ancaq 7-günlük həftə tamamilə insanın yaradığı sosial konstruksiyadır. Jurnalist Katrina Onstad "The Weekend Effect" (Həftəsonu effekti) adlı kitabında belə yazır.

Onstad deyir ki, ikigünlük həftəsonu ideyası qismən 1930-cu illərdə, "Böyük böhran" dövründə meydana gəlib. Bu dövrdə sənayenin bir çox sahələrində daha az iş saatını daha çox işçi arasında bölüşdürmək üçün iş yükünü beş gün arasında paylaşdırırdılar. Hazırkı böhranın da oturuşmuş dəyişikliklərə yol açacağı istisna edilmir.

Portsmut Universitetinin tarix professoru Brad Beaven deyir ki, hətta koronavirus pandemiyasından əvvəl də ənənəvi iş həftəsi dəyişirdi. O, uzaqdan işləmə, frilanserlik kimi fenomenləri misal çəkir. "Qəribədir ki, özünütəcrid işçiyə öz məhsuldarlığını, fasilələrini və iş rutinini təyin etmək imkanı verib", - o deyir.

XS
SM
MD
LG