Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Araşdırma: Karantinsiz Avropada milyonlar ölə bilərdi


Parisin mərkəzində ördəklər gəzir
Parisin mərkəzində ördəklər gəzir

Britaniyada aparılmış bir elmi-tədqiqat göstərib ki, karantin tədbirləri görülməsəydi, Avropada koronavirusdan ölənlərin sayı milyonlarla ölçülə bilərdi.

Lakin Londondakı İmperiya Kollecinin alimləri bunu da deyiblər ki, adamların yalnız az bir hissəsi koronavirusa yoluxub və “biz hələ də pandemiyanın başlanğıcındayıq”.

BBC-nin yazdığına görə, ABŞ-da aparılmış başqa bir araşdırmadan məlum olub ki, qlobal karantinlər qısa müddətdə bütün zamanlarda olduğundan daha çox insanın həyatını xilas edib.

İmperiya Kollecinin apardığı tədqiqat Avropanın 11 ölkəsini – Avstriyanı, Belçikanı, Danimarkanı, Fransanı, Almaniyanı, İtaliyanı, Norveçi, İspaniyanı, İsveçi, İsveçrəni və Britaniyanı əhatə edib. Alimlər may ayının əvvəllərinədək olan statistikadan istifadə ediblər.

Həmin vaxtadək sadalanan ölkələrdə 130 min insan vəfat etmişdi.

Bizneslər bağlanmasaydı

Alimlər xəstəliyin karantinsiz şəraitdə mümkün statistikasını modelləşdiriblər.

Yeri gəlmişkən, Britaniyada karantin elan edilməsini də bu tədqiqat qrupu tövsiyə etmişdi.

Hesablamalara görə, əgər bizneslər bağlanmasaydı və adamlara evdə qalmaq tövsiyəsi edilməsəydi mayın 4-dək ölənlərin sayı 3.2 milyon nəfər olmalıydı.

Bu isə o deməkdir ki, karantin tədbirləri 3.1 milyon nəfərin həyatını xilas edib.

Nature jurnalının yazdığına görə tədbilər görülməsəydi, koronavirusdan ölənlərin sayı Britaniyada 470 min, Fransada 690 min, İtaliyada 630 min olacaqdı.

Vətəndaşlar qadağalar zamanı zibildən və suların kəsilməsindən gileylənirlər
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Bu yalnız başlanğıcdır?

Lakin alimlərin tətbiq etdiyi model bunu da göstərir ki, karantin tədbirləri olmasaydı, pandemiya indiyədək başa çatmış olacaqdı.

Beləki bu halda Britaniyada hər 10 nəfərdən 7-si COVID-19-a yoluxacaq və beləliklə də yaranan kütləvi immunitet virusun yayılmasının qarşısını alacaqdı.

Alimlərin təxminlərinə görə bütün Avropa boyunca mayın əvvəllərinədək 15 milyon insan koronavirusa yoluxub.

Bu, bütün ölkələr üzrə uzaqbaşı 4 faiz insanın yoluxması deməkdir.

Məhz bu səbəbdən də alimlərin fikrincə, karantinlərin qaldırılması virusun yenidən yayılması ilə nəticələnəcək.

Tədqiqat komandasının üzvü, doktor Samir Bhatt deyib ki, buna görə də ikinci dalğanın çox tezliklə, qarşıdan gələn 1-2 ayda baş verəcəyini gözləmək olar.

Bu arada Kaliforniya Universiteti karantinlərin Çin, İran, Cənubi Koreya, Fransa və ABŞ-da virusun yayılmasını necə təsirləndirdiyini araşdırıb.

Nəticələri Nature jurnalında dərc olunmuş həmin tədqiqatın hesabatında deyilir ki, karantinlər adı çəkilən ölkələrdə 530 milyon insanı yoluxmadan qoruyub.

XS
SM
MD
LG