Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:44

“Azərbaycan” kinoteatrı niyə sökülür


Azərbaycan kinoteatrının sökülən binası
Azərbaycan kinoteatrının sökülən binası

►Hətta “Azərbaycan”ın önündə dilənən qarı da yoxa çıxıb. O da bu xarabalıqdan bezərək özünə başqa bir “məskən” tapıb.

Bakının mərkəzindəki “Azərbaycan” kinoteatrı - yağmalanandan sonra viran edilən bir xarabalığı xatırladır. Buldozer sökür-dağıdır, fəhlələr isə külüng çala-çala iş başındadırlar. Rəngbərəng paltar geyinən, başı “dəbilqə”li bu fəhlələrin vurduğu külüng Fərhadın Şirin üçün dağı çapmağından heç də fərqli deyil. Hər ikisinin məqsədi var: biri sevgisini izhar etmək üçün, o biri isə ailəsinə, uşağına çörək aparmaq naminə bu işə düçar olub.

Özünə başqa bir məskən tapan qarı

“Azərbaycan”ın bə vaxtsa bərpa olunacağı barədə hələlik heç nə deyilmir. Yenə də tamaşaçıların üzünə qapısı açılacaq, yoxsa qıfıl pas ataraq tarixin arxivinə qovuşacaq? Bilinmir.

“Azərbaycan” indi “Kolizey”ə bənzəyir. Yalnız divarları qalan kinoteatrın içi bomboş və boz səhraya bənzəyir. Yanından ötənlərin isə heç nə umurunda deyil. “Azərbaycan”ın sağından, solundan ötüb-keçənlər bu mənzərəyə çəpəki baxırlar. Heç kimin diqqətini cəlb etmir. Kimin nəyinə gərək?

Sökülməkdə olan Azərbaycan kinoteatrının binası
Sökülməkdə olan Azərbaycan kinoteatrının binası

Bir vaxtlar maraqlı xarici filmlərilə tamaşaçıların yolun gözləyən, qarşısında izdiham olan “Azərbaycan” indi acı qəhqəhə içində boğulur. Bir vaxtlar kinolardan sonra üzü gülənlərin, obrazların taleyinə biganə qalmayıb gözlərindən yaş axıdanların içindəki boşluq qədər tənhadı. Hətta “Azərbaycan”ın önündə dilənən qarı da yoxa çıxıb. O da bu xarabalıqdan bezərək özünə başqa bir “məskən” tapıb.

Ətraf dolub-boşalır

Ətraf isə gözəl bir “seyrangah”dı. Butiklər, yaşıl günbəzli “Press” köşklər, bahalı geyim dükanları - insanları mum kimi əridərək özünə çəkir.
Yaxınlıqdakı çay evi də, kafe də tez-tez dolub-boşalır. Bir vaxtlar “Azərbaycan” kimi...

Uzaqda isə özü idarəolunan əlil arabasında bir qadın üzü “Azərbaycan”a doğru, həm də sürətlə gəlir. Kinoteatrın “ovulmuş” divarlarına çatanda isə bir anlıq dayanır, öncə daşlara, sonra daş kimi susan Xurşidbanu Natəvanın heykəlinə nəzər yetirir. Ən sonda da Natəvan kimi arxasını çevirərək geri qayıdır.

Azərbaycan kinoteatrından qalanlar
Azərbaycan kinoteatrından qalanlar

Kinoteatr niyə sökülür

Mədəniyyət və Turizm Nazirliyindən bildirir ki, “Azərbaycan” kinoteatrı artıq 20 ildir özəlləşdirilib:

"Həmin binanın hansı səbəbdən sökülməsi ilə bağlı nazirlikdə məlumat yoxdur. Çünki bu kinoteatr 20 ildən artıqdı özəlləşib. Nazirliyin strukturunda belə bir müəssisə yoxdur".

Səbayel Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov da diqqəti kinoteatrın özəl məkan olmasına çəkir:

"Özəlləşdirilmiş məkan olduğu üçün Memarlıq və Şəhərsalma Baş İdarəsi onların layihəsinin icrasına icazə verir. Həmin yerə cavabdehlik Səbayel Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil".

İ. Kərimov əlavə edib ki, "Azərbaycan" Kinoteatrının yerində yeni bina tikilməyəcək:

"Gördüyünüz kimi divarlar sökülməyib saxlanılıb. Onlar divarları saxlayıb, sadəcə içərisində nəsə dəyişiklik edirlər. Amma konkret olaraq işlər yekunlaşandan sonra orada nə olacağı ilə bağlı bizim məlumatımız yoxdur".

Kinoteatrın sökülməsinə bəzi sakinlərin də fikirlərini öyrəndik. Arzu Nərimanzadə binanın ətrafı hasarlanan zaman eşidib ki, təmir ediləcək və bərpadan sonra yenidən istifadəyə veriləcək:

"Amma görünən odur ki, bu yanlış informasiya imiş. Bu gün şəhərin mərkəzində ya ticarət və əyləncə mərkəzi, ya da brend mağazalar tikirlər. Yəqin ki, kinoteatrın binası bu tip tikililərlə əvəz olunacaq. Sökülməsini istəməzdim. Bərpa edib yenidən kinosevərlərin ixtiyarina versəydilər, yaxşı olardı".

Sevinc Rəhimova isə bir qədər fərqli düşünür:

"Məncə, ölkədə kinoteatrların sayı kifayət qədərdir. İndiyə kimi yerləşdiyi əraziyə görə heç bu kinoteatrda kinoya getməmişəm. Yəqin ki, "28 Cinema", "Park Cinema" kimi kinoteatrlarla rəqabətdə uduzduğuna görə, bağlanması qərara alınıb".

XS
SM
MD
LG