Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:15

Toivo Klaar: 'Bəyanat çox vacibdir, amma bizim gözlədiyimiz əməldir...' (Video)


'Anlamırıq ki, sülh niyə yubanır. Açar Azərbaycanın əlindədir' - Avropa İttifaqı rəsmisi
Gözlə

No media source currently available

0:00 0:13:24 0:00

“Anlamırıq ki, sülh niyə yubanır. Açar Azərbaycanın əlindədi” - Avropa Birliyi rəsmisi

Avropa İttifaqının hazırda ən əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasıdır.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Klaar qeyd edib ki, Aİ hazırda bu prosesi əngəlləyəcək heç bir ciddi maneə görmür.

Tərəflərin də sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmadığına dair bəyanatlarına baxmayaraq son həftələrdə bu proses səngiməyə başlayıb.

#İzahla proqramında Ülviyyə Əsədzadənin qonağı Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaardır.

Sual: Cənub Klaar, Avropa İttifaqının Xarici Siyasət və Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib ki, Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq". Sizdən soruşmaq istərdim - Bu təsir nədən ibarət ola bilər? Azərbaycan nə gözləsin?

Cavab: Əvvəlcə onu demək istərdim ki, Avropa İttifaqı Azərbaycanla güclü əlaqələr qurmaq istəyir. Biz Azərbaycanı Avropa İttifaqı üçün mühüm tərəfdaş kimi görürük, bu münasibətləri genişləndirmək istəyirik. Düzü, Azərbaycan təmsilçilərindən də, Hikmət Hacıyevdən də eşitdiyimiz odur ki, sülh müqaviləsinin bağlanması ilə bağlı güclü istək var. Bizim də istədiyimiz elə budur - məncə, biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının pozitiv tərəflərinə köklənməliyik. Bunun reallığa çevrilməsi üçün indi yaxşı vaxtdır. Biz bu məsələdə Bakıdan liderlik gözləyirik ki, bu baş versin.

Borrelin Bakını qəzəbləndirən bəyanatı

Sual: Siz prezidentin köməkçisi Hikmət Hacıyevin adını çəkdiniz, o deyib ki, Azərbaycan Ermənistan torpağına girməkdə maraqlı deyil, Ermənistan ərazisindən keçəcək "Zəngəzur dəhlizinə" də marağını itirib. Bu halda cənab Borrel niyə belə bir bəyanat verməyə ehtiyac görüb? Avropa İttifaqının bildiyi nə isə varmı?

Cavab: Bütün bunlardan əlavə bizim gözlədiyimiz münasibətlərin normallaşdırılması istiqamətində sürətli addımların atılmasıdır. Brüsseldə bəziləri hesab edir ki, bu proses uzun çəkir. Normallaşma prosesinin daha tez baş verməməsi üçün heç bir səbəb görmürük. Döyüşlərin olmaması, gündəlik atışmaların olmaması o demək deyil ki, vəziyyət normaldır. Mühüm olan odur ki, hazırkı – döyüşlərin olmaması – situasiyasından əsl normallaşma prosesinə keçmək lazımdır. Bu da sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, təhlükəsizlik hissi yaratmaq üçün hərbi qüvvələrin geri çəkilməsidir. Bu isə bütün humanitar məsələlərin həll olunması deməkdir. Biz hesab edirik ki, irəliləyiş daha sürətli olmalıdır. Məncə, Bakı göstərə bilər ki, prosesi sürətləndirmək və daha əsaslı etmək olar.

Bizim istədiymiz budur. Bunun olmaması qeyri-müəyyənlik və sual yaradır ki, bu proses niyə bu qədər çəkir... Biz bu prosesin uzanması üçün səbəb görmürük, inanırıq ki, proses daha sürətli ola bilər.

"Bəyanatlardan əmələ keçmək lazımdır"

Sual: Sizin deməyinizdən belə çıxır ki, Azərbaycan liderlərinin sözləri Ermənistanın ərazisinə təhlükəsizlik zəmanəti vermək üçün yetərli deyil?

Cavab: Məncə, deyilən sözlər kifayət qədər mühüm bəyanatlardır. Bununla yanaşı bu bəyanatlardan sonra sülh müqaviləsinə və icraya keçmək lazımdır. Bəyanat çox vacibdir, amma bizim gözlədiyimiz əməldir.

Sual: Azərbaycan Xarici İşlər Nazirliyi cənab Borrelin bəyanatına reaksiya verib və bildirib ki, Avropa İttifaqı vaxtilə Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı biganə olub və bu da blokun ikili standartlarının və qərəzinin nümayişidir. Siz bununla razısızmı? Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan vaxt var idi ki, Qarabağ Ermənistandır deyirdi - o vaxt Avropa İttifaqı niyə belə kəskin reaksiya vermirdi?

Cavab: İlk əvvəl onu deyim ki, keçmişdə Avropa İttifaqı bu prosesdə aparıcı fiqur deyildi. Mən qeyd etməliyəm ki, keçmişdə bəzi məqamlar olmuş ola bilər ki, Avropa İttifaqı və ya onun üzv dövlətləri daha güclü bəyanatlar vermiş ola bilərdilər. Amma bu, heç bir halda indiki zamanı dəyişdirmir. İndiki zamanda isə bizim ehtiyacımız olan Azərbaycan və Ermənistan arasında normallaşma prosesidir. Keçmişdə müxtəlif beynəlxalq qurumların fərqli davranması ilə bağlı inanc olmuş olsa belə, önəmli olan bu gündür. Bu gün isə bizim imkanımız var ki, prosesi normallaşdıraq və buna da əməl etmək lazımdır. Zamanı itirməmək, lazımsız spekulyasiyalara vaxt sərf etməmək lazımdır, bu, etmək heç kimin marağında deyil.

"Azərbaycan daha güclü tərəfdir"

Sual: Cənab Klaar, normallaşma prosesinin iki tərəfi var. Niyə Avropa İttifaqı bəyanatı yalnız Azərbaycanla bağlı verir. Avropa İttifaqı Bakıdan nəyi etməsini istəyir ki, Bakı bunu etmir? İndiki halda tamaşaçıda elə rəy yarana bilər ki, Avropa İttifaqı Ermənistana tərəfdir.

Cavab: Bu, sadəcə olaraq mövcud vəziyyətin ifadəsidir. Azərbaycan daha güclü tərəfdir. Azərbaycan hərbi güc hesabına bir sıra hədəflərinə nail olub və bunun nail olma forması Avropa İttifaqı və Avropa İttifaqı üzvlərinin xoşuna gəlməyib. Söhbət Qarabağda keçirilən hərbi əməliyyatlardan gedir.

Bu gün biz elə durumdayıq ki, açar Azərbaycanın əlindədir. Ermənistanla münasibətlərin normallaşmasının açarı Azərbaycanın əlindədir.

Əgər sən böyüksənsə, güclüsənsə, o zaman səndən gözlənti daha çoxdur. Mövcud vəziyyətin məğzi budur. Ona görə də biz Azərbaycanda liderlik gözləyirik. Çünki biz bilirik ki, indi doğru zamandır, imkanlar var, biz bundan istifadə etməliyik.

Sual: Bakı deyir ki, Ermənistan maraqlı deyil bu sülh sazişinin imzalanmasında. Sizin dediyinizdən isə belə çıxır ki, Bakı prosesi ləngidir. Bizə detal verə bilərsizmi? Bu necə baş verir?

Cavab: Bizim bildiyimiz budur ki, Yerevan bu məsələdə çox maraqlıdır. Özü də təkcə sülh müqaviləsinin bağlanmasında yox. Düzdür, sülh müqaviləsi də mühüm sənəddir, amma özlüyündə yetərli deyil. Mühüm olan həm də belə razılaşmanın icra olunmasıdır və münasibətlərin daha çox normallaşmasıdır- bura kommunikasiyaların açılması, hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması, səfirliklərin açılması, insanların gediş-gəlişinin təmin olunması da daxildir. Sülh müqaviləsindən sonrakı mərhələ də mühümdür. Hal-hazırda biz inanırıq ki, Yerevan tərəfdən təbii maraq var. Bakıdan da bəyanatlar eşidirik. Səmimi desəm, bəyanatlar var, amma bizim gözlədiyimiz real addımlardır.

Qranada görüşünə İlham Əliyev gəlmədi. Biz hiss edirik ki, Qranada görüşündə imkan yaranmışdı və bizcə, proses yavaşıdı. Bu prosesi sürətləndirmək lazımdır. Və daha sürətli olmaması üçün heç bir səbəb yoxdur. Açar Bakının əlindədir və biz prosesin irəli getməsində maraqlıyıq, çünki biz bütün Cənubi Qafqazı, o cümlədən Azərbaycanı özümüz üçün mühüm tərəfdaş kimi görürük.

Zəngəzur dəhlizinə 'riskli' alternativ – 'İran bu yoldan Azərbaycana təzyiq üçün istifadə edə bilər'
Gözlə

No media source currently available

0:00 0:09:29 0:00

Qranadada sülh imkanı yaranmışdımı?

Sual: Qranadada sülh müqaviləsi bağlamaq imkanı yaranmışdı?

Cavab: Yox, belə bir fikir olmayıb. Ümidimiz vardı ki, irəliyə doğru necə addım atmaqla bağlı liderlərin bəyanatına nail olacağıq, sülh müqaviləsinin mətninin razılaşdırılmasını necə sürətləndirmək barədə irəliləyiş əldə edəcəyik. Əslində, format bizim üçün o qədər də önəmli deyil. Əsas olan mahiyyətdir. Bizim dediyimiz o deyil ki, bu, Brüsseldə baş versin, bu və ya başqa şəhərdə baş versin. Önəmli olan odur ki, proses getsin və bizim də istədiyimiz budur. Sizin sualınıza cavab olaraq ki - bu, niyə belə vaxt aparır- bu suala cavabımız yoxdur. Başa düşmürük ki, sülh müqaviləsi niyə belə yubanır. Bu isə narahatlıq yaradır.

Sual: Narahat olan kimdir?

Cavab: Birincisi Ermənistan təmsilçiləri bunu ifadə edirlər. O cümlədən Avropa paytaxtlarında da insanlar naharatdırlar. Adamlar nə baş verdiyini anlamırlar. Niyə sülh müqaviləsi və normallaşma bu qədər yaxınkən, bu qədər zaman alır. Bunu anlamamaq narahatlıq yaradır.

Sual: Cənab Klaar, Azərbaycanda demokratiya fəallarının belə bir mövqeyi var ki, Avropa İttifaqı Azərbaycanın daxili məsələlərinə o qədər də maraq göstərmir. Məsələn, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen keçən il Bakıya gələndə Azərbaycanı "etibarlı tərəfdaşı" adlandırdı. O zaman hətta Human Rights Watch rəsmisi də dedi ki, Azərbaycan neft və qazdan istifadə edərək Avropa İttifaqını insan haqları mövzusunda susdurur.

Cavab: Bu məqamda mən açıqlama verməkdən çəkinərdim, çünki bu, mənim mandatıma uyğun məsələ deyil. Mənim mandatım Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlıdır. Ona görə də mən öz şərhimi yalnız bu çərçivədə vermək istərdim.

Azərbaycan və Ermənistan liderləri sülh qapısını aça bilərlər

Sual: Amma bir çox şərhçilər elə münaqişənin özünün həllini də, o cümlədən Qarabağ ermənilərinin hüquqları məsələsini də Azərbaycanın ümumi insan haqları məsələsinə bağlayırlar. Siz necə, bağ görürsüzmü?

Cavab: Mandatım olmayan məsələlərə qarışmaq istəmirəm. Burda mühüm olan kontekst odur ki, münaqişə 30 il davam edib, əhəmiyyətli dərəcədə inamsızlıq var, tərəflər bir-birinə düşmən kimi baxır. Liderlər bu qavrayışı dəyişmək üçün çalışmalıdırlar, 30 illik düşmənçilik səhifəsini çevirməlidirlər. Bu həm də Qarabağ ermənilərinə aiddir. Onlar gediblər, ümid edirəm ki, daha yaxşı şərtlər altında geri qayıdacaqlar. O cümlədən, bu, bütün əhaliyə aid məsələdir.

Sual: Siz dediniz ki, Əliyevin Qranada görüşünə qatılmaması Avropa paytaxtlarında təşviş yaradır, amma bir məsələ də var ki, Əliyev Fransanın Ermənistanın tərəfində olmasını əsas gətirir, Fransanın Ermənistana silah satmasını əsas gətirir və bildirir ki, bu hal sülhə mane olur...

Cavab: Mən inanıram ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının iki açarı var- Biri Yerevanda, biri Bakıdadır. Azərbaycan və Ermənistan liderləri sülh qapısını aça bilərlər. Amma daha böyük açar Bakıdadır. Daha böyük qərarlar Bakıda verilməlidir. Ümid edirik ki, rəsmi Bakı buna nail olmağa yardım edəcək.

Proses harda ilişib qalıb?

Sual: Cənab Klaar, amma Azərbaycan deyir ki, Ermənistan özü də bu istiqamətdə yetərincə əməkdaşlıq etmir. Məsələn, Ermənistanın rəsmi sənədlərində belə Azərbaycana qarşı yönəlmiş məqamlar var. Məgər normallaşma yalnız Azərbaycanın məsuliyyətidirmi?

Cavab: Əlbəttə ki, yox. Hər iki tərəfin məsuliyyətidir. İki dövlət sülh istəyirsə, bu iki tərəfin məsuliyyətidir.

Sual: Cənab Klaar, sülh prosesi harda ilişib qalıb? Delimitasiya, demarkasiya? Harda?

Cavab: Yenə deyirəm, əsas siyasi iradədir. Bakı niyə maraqlı olmasın ki, sülh müqaviləsini imzalamaqda? Biz bu siyasi iradəni görmək istəyirik. Biz inanırıq ki, biz buna çox yaxınıq. Danışmağa çox şey qalmayıb. Münasibətlərin normallaşması üçün mühüm məsələlərin nə olduğu, hansı işlərin görülməli olduğu aydındır. İndi mühüm olan bu durumdan istifadə etmək, oturmaq, yekun məqamlarla bağlı razılığa gəlməkdir. Söhbət təkcə mətnin yox, həm də icraatın razılaşdırılmasından və yeni bir Cənubi Qafqazın qurulmasına başlamaqdan gedir. Biz Avropa paytaxtlarında bir səbəb görmürük ki, bu proses bu qədər uzansın. İmkan var, vaxt doğru vaxtdır. Sadəcə, bundan istifadə etmək lazımdır. Azərbaycan daha güclü, daha böyük dövlət olduğu üçün ilk növbədə Azərbaycandan liderlik gözləyirik. Ümid edirik ki, baş cür Cənubi Qafqaz, daha güclü münasibətlər üçün.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG