Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:19

Putinin müharibələrinin yükünü çəkənlər


Vera Maksakova oğlunun məzarı başında
Vera Maksakova oğlunun məzarı başında

Rusiya Prezidenti Vladimir Putinin müharibələrinin insan itkisinin yükü ölkənin kasıblarının çiyninə düşüb. Komidə bir kəndin aşpazı Vera Maksakova İkinci Çeçenistan müharibəsində partnyoru Semyon Tutrinovu, Ukraynadakı müharibədə isə oğlu Aleksandr Tutrinovu itirib.

Kuratovo kəndi Komi Respublikasında yerləşir. Maksakova 2002-ci ildə sevgilisi, 1-yaşlı oğlu Aleksandrın atası Semyon Tutrinovun Çeçenistan müharibəsində öldürülməsi xəbərini alıb.

İyirmi ildən sonra, 2022-ci ildə oğlu Aleksandrın ölüm xəbəri gəlir.

“Kənd boyu çığırırdım. Bu ola bilməzdi! O, ölə bilməzdi!” – mənzilində AzadlıqRadiosuna danışan ana göz yaşlarını saxlaya bilmir.

Putin 1999-cu ildə hakimiyyətə gələndə Çeçenistan regionunu nəzarətə almaq üçün, ötən ilsə müstəqil Ukraynaya qarşı müharibəyə başlayıb Ancaq bu müharibələrin insan itkisinin yükü əsasən kasıb ailələrin boynuna düşüb. Çünki belə ailələrin məcburi hərbi xidmətdən yayınmaq üçün rüşvət verməyə pulu yoxdur.

700-dən az sakini olan kənd

Paytaxt Moskvadan 1200 km şimal-şərqdə yerləşən Kuratovo ərazidəki 20-dən çox kəndin ən böyüyüdür. Onlardan bəzilərində bir neçə nəfər yaşayır.

Son on ildə kəndin əhalisi 700-dən də aşağı düşüb. Belə ki, yaşlılar vəfat edir, gənclər iş dalınca şəhərlərə üz tutur.

Kənddə tərk edilmiş taxta evlər görünür. Əkilməyən tarlalarda köhnə traktorlar, onların hissələri görünür.

Kuratovoda qalan sakinlər isə evlərini odunla qızdırırlar, çünki kəndə təbii qaz xətti çəkilməyib. Komi Respublikasında evlərin 50 faizə yaxını təbii qaz şəbəkəsinə qoşulub, baxmayaraq ki, region enerji yataqlarına yaxındır. Ölkə üzrə qazla təchizat 73 faizdən aşağıdır.

Komidə orta aylıq maaş 43 min 580 rubldur ($475). Kafelər, ərzaq mağazalarında işləyən sakinlər isə aya 26 min – 35 min rubl ($280-$380) qazanırlar.

Kəndlilərə nisbətən yüksək maaşla təbii resurslar sektorunda iş təklif olunur. Kuratovoda bir telefon dirəyi üzərindəki maaş elanında belə iş üçün aya 55 min rubl ($600) təklif olunur.

Ukrayna müharibəsindən öncə orduda müqaviləli xidmət edənlər aya 30 min ($330) rubldan, 60 min rubladək ($660) qazanırdılar. Onlara pulsuz ev, yaxud ev tutmaq üçün pul verilirdi. Müqaviləli əsgərlərin bir sıra imtiyazları, güzəştli ipoteka, pulsuz səyahət hüququ da var.

Ananın arzuları

Aleksandr isə özündən kiçik üç ögey bacı-qardaşı, anası və ögey atası Sergeylə kiçik, iki yataq otağı olan mənzildə yaşayıb. Maksakovanın övladları böyüdükcə, yaşadıqları ev də onlara dar gəlməyə başlayıb.

Maksakova bu evi qismən də Semyonun ölümünə görə verilən təqaüdlə alıb. O, pul yığaraq Aleksandra yaxın şəhərdən ev almaq istəyirdi. Ancaq yerli bağçada aşpaz işinə görə ayda 20 min rubl ($220) maaşla güclə dolanıblar.

Putin 2018-ci ildə seçki kampaniyası vaxtı xüsusilə aztəminatlı ailələrin həyat standartlarını yaxşılaşdırmağa yüzmilyardlarla dollar sərmayə vəd edirdi. Amma müharibə, korrupsiya, pis idarəçilik son beş ildə çox az şeyin əldə olunması deməkdir.

“Ola bilsin, Putin kasıblar üçün nəsə edir, amma bilmirəm nə”, – Maksakova AzadlıqRadiosunun “North.Realities” portalına deyib.

Müqavilə ilə orduya qoşulub

Aleksandr da atası kimi məcburi hərbi xidmətə 18 yaşında çağırılıb. Bu xidmət bir il çəkir. 2020-ci ildə o, üçillik kontrakt imzalamağa razılaşıb.

Rusiya ordusu müqaviləli əsgərlər hesabına tam peşəkar orduya keçməyə çalışır, ancaq məqsədlərə tam çata bilməyib. Ali təhsilsiz yeniyetmə çağırışçılar əsas hədəflərdir, onları yüksək maaşla şirnikləndirirlər.

Aleksandrı orduya atasının ölümündən sonra layiq görüldüyü mükafat da həvəsləndirə bilərdi. 2010-cu illərdə oğlunun oxuduğu məktəbdə Semyonun xatirə lövhəsi qoyulub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub və müəllimlərin dediyinə görə, Aleksandr atasıyla fəxr edirmiş.

“Putin müharibə elan edəndə, sanki öldüm. Bədənim keyidi. Oğlum ordadır! Nəfəs ala bilmirdim, zombi kimiydim”, – Maksakova söyləyir.

Aleksandr anasına deyirmiş ki, bəzən doyunca yeməkləri olmayıb. Anasına göndərdiyi fotolarda sifəti zəif görünürmüş.

Ezamiyyətə iki həftədən də az qalmış...

Onların bölüyü sonradan ağır döyüşlərin getdiyi Donetskə göndərilib. Ezamiyyətə göndərilməsinə iki həftədən də az qalmış o, döyüşdə ağır yaralanıb. Ertəsi gün – 2022-ci il iyulun 2-də isə xəstəxanada ölür. Ancaq onun ölüm səbəbləri açıqlanmayıb.

Oğlunun ölümündən bir il sonra belə ana hələ də qəzəblidir.

“Putinin belə kiçik oğlanları müharibəyə göndərmək haqqı yoxdur. Qoy daha yaşlı və daha təcrübəlilər getsin, yaşamağa heç başlamayanlar deyil. Müharibə elan etməyə ehtiyac yox idi. Onları sadəcə, ət maşınına göndərdilər”, – Maksakova danışır.

Övladının ölümünə görə anaya 14.5 milyon rubl ($160,000), yəni ömürlük maaşı qədər kompensasiya ödənib. Maksakova bu pula avtomobil, odun doğrayan maşın alıb, böyük qızı Viktoriyaya peşə məktəbinə gedəcəyi Vizinqa şəhərində mənzil almaq istəyir.

Maksakova ailəsinə 30 km-lik məsafədə yerləşən həmin şəhərdə böyük mənzil də ala bilərdi, amma bu, Aleksandrın geridə tək qalması demək idi.

“Burda qalıb yaşamaq istəyirəm”, – ana söyləyib.

XS
SM
MD
LG