Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:12

Koronavirusa yoluxmuş bəzi xəstələr evdə müalicə oluna bilərlər


Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qala bilər.

Bununla bağlı iyunun 12-də“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli Qərarına dəyişiklik edilib.

Sənədə görə, xəstəliyə yoluxma faktı təsdiq edilən şəxslər onu yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, həkim rəyinə əsasən yaşadıqları, və ya olduqları yerdə təcrid olunurlar. Onların üzərində qaydalara uyğun olaraq tibbi müşahidə həyata keçiriləcəyi bildirilir.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də qeydə alındığı bildirilib. Bu vaxta qədər koronovirusa yoluxanların xüsusi rejimli xəstəxanalarda müalicə olunduqları açıqlanıb.

TƏBİB-dən izah

Bununla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də açıqlama yayıb. Qurum bildirir ki, hazırda ölkədə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi, müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır:

“ Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək”

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 665 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 425 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 113 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildiyinə görə, virusa yoluxanlardan 5 min 113 nəfər müalicə olunaraq sağalıb, 3 min 992 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

XS
SM
MD
LG