Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Prezident ofşorlara oğurlanmış pulların ölkəyə qaytarılmasını tələb edib


Mohammadu Buhari
Mohammadu Buhari

Prezident Muhammadu Buhari Nigeriya korrupsionerlərinin Britaniya banklarında saxlanan pullarının Nigeriyaya qaytarılmasını istəyir.

Prezident Muhammadu Buhari deyib ki, o, Britaniyanın baş naziri David Cameron-dan üzrxahlıq yox, Nigeriya korrupsionerlərinin Britaniya banklarında saxlanan pullarının Nigeriyaya qaytarılmasını istəyir.

Bundan əvvəl baş nazir Cameron kraliça 2-ci Elizabeth-lə ayaqüstü söhbətində Nigeriyanın “fantastik dərəcədə korrupsiyalı” ölkə olduğunu demişdi. Media iddia edirdi ki, Cameron bu sözləri deyərkən mikrofonların bağlı olduğunu zənn edibmiş.

Londonda keçirilən antikorrupsiya sammitinin ərəfəsində çıxış edən Buhari deyib ki, onu üzrxahlıqdan daha çox Nigeriyadan oğurlanmış və Britaniya banklarına yatırılmış milyardlar maraqlandırır.

Düz sözə nə deyəsən?

Britaniya mediası Cameron-un sözlərinin qalmaqal yaradacağını və Nigeriya prezidentinin qəzəbli reaksiyasına səbəb olcağını gözləyirdi.

Lakin BBC-nin “Nigeriya fantastik dərəcədə korrupsiyalı ölkədirmi?” sualına cənab Buhari “Bəli!” cavabını verib.

O deyib ki, Nigeriyada onun başçılığı altında yeni hökumət təşkil olunduqdan sonra cənab Cameron-un dediklərinin həqiqət olduğu aşkara çıxıb.

Baş nazir Cameron kraliçaya Nigeriyanın "fantastik korrupsiyalı" olmasından danışırdı
Baş nazir Cameron kraliçaya Nigeriyanın "fantastik korrupsiyalı" olmasından danışırdı

Nigeriya Transparency International təşkilatının Korrupsiyanın Qavranılması 2015 İndeksində (Transparency International's 2015 Corruption Perceptions Index) 167 ölkə arasında 136-cı yeri tutur.

Bu yaxınlarda aşkarlanmış iki fakt Nigeriyadakı korrupsiyanın dəhşətli miqyaslarını göstərib.

Ötən həftə Nigeriya vise-prezidenti Yemi Osinbajo deyib ki, ölkənin keçmiş hökuməti korrupsiyalı silah kontraktlarının köməyi ilə ölkə büdcəsindən 15 milyard dollar oğurlayıb.

Mart ayında keçirilmiş audit aşkar edib ki, Nigeriyanın dövlət neft şirkəti büdcəyə 25 milyard dolları ödəməyib.

“Çoxbaşlı əjdaha”

Londonda çıxış edən Nigeriya prezidenti korrupsiyanı “çoxbaşlı əjdahaya” bənzədib və deyib ki, ölkələrin təhlükəsizliyinə hədə yaradan korrupsiya “inkişaf etmiş və ya etməkdə olan ölkə” tanımır.

O deyib ki, Nigeriyada korrupsiya dəhşətli miqyas alıb və onun hökuməti korrupsiya ilə sonadək mübarizə aparacaq.

Cənab Buhari habelə ölkədən oğurlanaraq Birləşmiş Krallıqda gizlədilən pulların Nigeriyaya qaytarılması cəhdlərində dəstəyinə görə Britaniya hökumətinə minnətdarlıq edib.

Neftlə zəngin Nigeriyada əhalinin 60 faizi yoxsulluq içində yaşayır
Neftlə zəngin Nigeriyada əhalinin 60 faizi yoxsulluq içində yaşayır

Cənab Buhari çıxışında Nigeriyanın dövlət qubernatorlarından Diepreye Alamieyeseigha-nın qadın paltarında Britaniyaya qaçaraq gizlənməsindən söz açıb.

Britaniya polisi 2005-ci ildə onun Londondakı mənzilində 1 milyon funt sterlinq nəqd pul tapıb. Bunun ardınca ona qarşı 1, 8 milyon funt sterlinq çirkli pulun yuyulması ittihamı irəli sürülüb.

“Üzrxahlıq mənim nəyimə lazımdır? – deyib Buhari, - Mənə nəsə bir dəyəri olan nəticə lazımdır”.

Muhammadu Buhari deyib ki, o Nigeriyadan oğurlanaraq Britaniya banklarında gizlədilmiş pulların qaytarılmasını istəyir.

Britaniya mətbuatı yazır ki, baş nazir David Cameron Britaniyanın ərazi və müstəmləkələrindən ofşor hesabların açılmasını tələb edir.

Lakin Vircin adaları da daxil olmaqla ofşor ərazilər bu çağırışı hələlik rədd edir.

XS
SM
MD
LG