Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:41

‘Klassik senzura’: Kreml medianı küncə sıxır


Current Time TV-nin kamerası
Current Time TV-nin kamerası

Qolunovun sözlərinə görə, Rusiyanın bir çox media orqanı artıq hədəfdə olan materialları silməyə başlayıb. Onlara ya xəbərdarlıq edilib, ya da özünüsenzura olaraq, informasiyanı yaymamaq qərarı veriblər

Ötən həftə Rusiyanın mediaya nəzarət agentliyi Roskomnadzor media qurumlarına onlarla məktub göndərib. Onlara həbsdə olan müxalifət lideri Aleksey Navalnının qadağan olunmuş təşkilatının korrupsiya araşdırmaları haqda onlayn məqalələrin silinməsi göstərişi verilib. Əks halda, vebsaytlar bloklana bilərlər.

Rəsmi göstəriş heç də məqalələrin, yaxud orijinal araşdırmaların məzmunu ilə əsaslandırılmır. Navalnının Antikorrupsiya Fondunun (FBK) ötən il “ekstremist” təşkilat kimi qadağan edilməsi səbəb göstərilir. Navalnı və bir çoxları bu təsnifatı əsassız və siyasi motivli hesab edir.

Rusiya hökumətinin ötən iyulda “arzuolunmaz təşkilat” siyahısına saldığı “Proyekt” araşdırma jurnalistikası layihəsinin bir sıra tədqiqatları da hədəfə alınıb.

Tənqidçilər Kremlin sözügedən təsnifatlarla korrupsiyanı və digər problemləri ifşa etmək cəhdlərini boğmaq niyyəti güddüyünü deyirlər.

“Bunun senzuradan başqa adı yoxdur”

Araşdırmalarda Prezident Vladimir Putin, keçmiş prezident Dmitri Medvedev, Rusiya hakim elitasındakı digər şəxslərə korrupsiya iddiaları səslənib və bu iddialar cavabsız qalıb.

“Bu materialların çıxarılması aşkar klassik senzuradır”, – “Insider” onlayn araşdırma orqanının baş redaktoru Roman Dobroxotov deyib.

“Bəhanənin nə olmasının, keçmişə aid edilməsinin dəxli yoxdur. Bürokratlar, yaxud təhlükəsizlik agentlikləri özlərinin korrupsiyası haqda materialı çıxarırlarsa, bunun senzuradan başqa adı yoxdur”, – o, sözlərinə əlavə edib.

Bu göstərişlər Rusiyada bir sıra media orqanlarını çətin seçim qarşısında qoyub – ya əməl etməlidirlər, ya da Rusiyada de fakto qapadıla bilərlər. Tezliklə YouTube kimi beynəlxalq texnologiya nəhəngləri də oxşar vəziyyətlə üzləşə bilərlər.

“Hər tərəfə çubuq batırırlar. Medianın və beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlayırlar. Media bununla razılaşsa, əlavə senzura dalğaları gözləyə bilərik”, – Dobroxotov söyləyib.

AzadlıqRadiosu-nun mövqeyi

Xəbərdarlıq alanlar içində Dojd, Novaya gazeta, Exo Moskvı, digər media orqanları var və çoxları artıq göstərişə əməl edib.

AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, “Current Time” daxil digər rusdilli layihələri də fevralın 4-dən 5-nə keçən gecə onlarla bildiriş alıblar.

Radio dərhal bu tələbə əməl etməyəcəyini bəyan edib. AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay bunu “siyasi senzura” adlandırıb.

“AzadAvropa/AzadlıqRadiosu Kremlin bizim redaksiya qərarlarımızı diktə etməsinə imkan verməyəcək. Bu, yalnız həqiqəti söyləyən jurnalistlərdən qorxan hökumətin biabırçı siyasi senzura hərəkətidir”, – Flay bəyanatında deyib.

Siyahı hələ tam deyil

AzadlıqRadiosu-na danışan rusiyalı jurnalistlər ilkin xəbərdarlıq axınının daha uzaq hədəflərin yalnız başlanğıcı olduğunu deyiblər.

“Bu qanunları qəbul etdilər ki, onlardan istifadə etməsinlər? Məncə bu tamamilə gülüncdür”, – Dobroxotov söyləyib.

“Roskomnadzor”un göstərişinə əməl etmiş Meduza-nın araşdırmaçı jurnalisti İvan Qolunovun fikrincə, rəsmilər hələ silinməyini tələb edəcəkləri araşdırmaların yekun siyahısını açıqlamayıblar.

“Onların məqsədi mümkün qədər çox informasiyanı silməkdir. Məncə, Navalnının regional ofislərinin araşdırmaları da tezliklə Roskomnadzor-un regional ofislərinin hədəfinə tuş gələcək. Nəticədə, hər şey silinəcək”, – jurnalist söyləyib.

Putinin incə oyunu

Qolunovun sözlərinə görə, Rusiyanın bir çox media orqanı artıq hədəfdə olan materialları silməyə başlayıb. Onlara ya xəbərdarlıq edilib, ya da özünüsenzura olaraq, informasiyanı yaymamaq qərarı veriblər.

“Bəzi nəşrləri yoxladım, bu araşdırmalar barədə məqalələri tapmadım”, – Qolunov AzadlıqRadiosu-nun Rusiya xidmətinə deyib.

Onun fikrincə, Putin hökumətinin taktikası nəticəsində “media əməkdaşlıq edənlər, məqalələri pozanlar, kontenti işarələyənlər, qaydalarla oynayanlara və bunu etməyənlərə bölünəcək”.

Jurnalist ikinci kateqoriyadan olanların bloklanmadan yayınmanın yollarını axtarmalı olacağını vurğulayır.

“Putin incə oyun oynayır. O, itaətkar mediaya azacıq fürsət vermək istəyir ki, onlar ‘Biz Komsomolskaya Pravda, yaxud Izvestiya deyilik. Bunları-bunları edə bilirik’ deyə bilsinlər. Onlara çox kiçik nələrsə etməyə icazə veriləcək... Jurnalist araşdırmaları, korrupsiya hesabatları, etirazlar haqda məlumatlar isə sərt şəkildə qadağan ediləcək”, – Qolunov belə düşünür.

Lehinə arqumentlər

BBC-nin Rusiya xidməti üçün yazan jurnalist Andrey Zaxarov isə düşünür ki, hökumətin tələblərinə əməl etməyin lehinə də arqumentlər var. O, Çeçenistanda son günlər baş verənləri, çeçen rəsmilərin hüquq müdafiəçisi Abubakar Yanqulbayevi hədəfə almasını yada salır:

“Təsəvvür edin ki, nə Novaya gazeta var, nə Meduza, nə də ki Exo Moskvy. Çünki hamısı öz prinsiplərinə uyğun davranır, qapadılır və Rusiyanın informasiya məkanında mövcud deyillər. Onda Kremlin sözçüsü Dmitri Peskovdan bu haqda soruşan olmayacaq. Əgər onlar bunları yaza bilməsələr, kiminçünsə daha yaxşı olacaq?”

“Bu, cəmiyyət üçün yaxşı olacaq ya pis? Hərə özünə görə qərar verir. İki fərqli yanaşma var”, – jurnalist bildirir.

XS
SM
MD
LG