Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Lavrov Ermənistanın ‘yanlış yolda’ olduğunu deyir


Sergey Lavrov
Sergey Lavrov

Ermənistan öz xarici siyasətini, Rusiya ilə uzunmüddətli müttəfiqliyinin əvəzinə Qərbə tərəf səmtləndirir.

Bunu dekabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

"Təəssüf ki, rəsmi Yerevan qərblilərin vədlərinə inanaraq xarici siyasət xəttini dəyişməyə cəhd edir. O Moskva ilə zamanın sınağından çıxmış müttəfiqlik bağlarını, Qərbin hətta konkret dəstəyinə də deyil, dumanlı vədlərinə dəyişir”.

Lavrov Ermənistanın NATO ilə dərinləşən bağlarından xüsusi narahatlıq ifadə edib:

“Yerevan son vaxtlar NATO və onun üzvləri olan ayrı-ayrı ölkələrlə əməkdaşlığını inkişaf etdirir. Bu il Ermənistan alyansın onlarca tədbirlərində iştirak edib. Ölkə öz silahlı qüvvələrinin NATO standartlarına uyğun inkişafını davam etdirir və respublikanın hərbi heyəti bir neçə NATO ölkələrində təlimlər keçir. Bu əlbəttə, narahatlıq doğurmaya bilməz”.

NATO-nun vəzifəli rəsmisi nə demişdi

Rusiya xarici işlər naziri, belə görünür Ukrayna müharibəsinə işarə ilə deyib:

“Mən ümid edirəm ki, Yerevan alyansla təmasların dərinləşdirilməsinin milli müdafiə və təhlükəsizlik sahələrində suverenliyi itirləməsinə gətirib çıxarmasından agahdır”.

Ermənistan və ABŞ hərbçiləri Yerevan yaxınlığındakı Zar təlim mərkəzində, 11 sentyabr, 2023-cü ilArmenia - U.S. and Armenian troops start a joint exercise at the Zar training ground near Yerevan, September 11, 2023.
Ermənistan və ABŞ hərbçiləri Yerevan yaxınlığındakı Zar təlim mərkəzində, 11 sentyabr, 2023-cü ilArmenia - U.S. and Armenian troops start a joint exercise at the Zar training ground near Yerevan, September 11, 2023.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, bu həftənin əvvəllərində NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistanın alyansla getdikcə daha sıx əməkdaşlığa can atmasından danışmışdı:

“Ermənistan çox açıq şəkildə xarici siyasətində bəzi dəyişikliklər etmək, Rusiya ilə müəyyən məsafə saxlamaq qərarına gəlib. Biz bunu alqışlayırıq. Ermənistan vətəndaşları qərarlar qəbul etməkdə azaddırlar və onlar elə bunu qərara alıblar. Mənim nəzərimdə Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb”.

Paşinyan Moskva ilə ittifaqa “strateji səhv” demişdi

Paşinyan sentyabrın əvvəllərində elan etmişdi ki, Ermənistan hökuməti “təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır”, çünki Ermənistanın uzun müddətdir Rusiyaya güvənməsinin “strateji səhv” olduğu üzə çıxıb.

O demişdi ki, Moskva Ermənistanı müdafiə etmək qabiliyyətinə malik deyil, ya da bunu etmək istəmir.

Rusiya Paşinyanın bu bəyanatını və başqa “qeyri-dost addımlarını” pisləmiş, Paşinyanı Qərbin mənafeyinə uyğun olaraq Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda” ittiham etmişdi.

İki müttəfiq arasında gərginliyin getdikcə artmasına baxmayaraq, Paşinyan və başqa Ermənistan rəsmiləri Ermənistanın xarici siyasət vektorunu dəyişmək niyyətində olmadığını bildirmişdilər.

Lakin Paşinyan KTMT sammitini boykot etdikdən sonra Rusiya belə bəyanatların səmimi olmadığını bildirmişdi.

“Rusiya hərbi bazasının çıxarılması barədə söhbətlər ziyanlıdır”

TASS dövlət xəbər agentliyinə müsahibəsində Lavrov habelə Ermənistandakı Rusiya hərbi bazası məsələsinə toxunub.

O deyib ki, bu baza Ermənistanda iki ölkə arasında müqaviləyə uyğun olaraq yerləşdirilib və onun məqsədəuyğunluğuna dair mülahizələr yürütmək Yerevan üçün ziyanlı ola bilər:

"Ermənistan ərazisində 102 nömrəli Rusiya hərbi bazasının məqsədəuyğunluğuna dair mülahizələri ziyanlı hesab edirik. Bu bazanın orada yerləşdirlməsinə dair müqavilə 1995-ci ilin 16 martında, ilk növbədə dövlətlərimizin milli maraq və ümumi vəzifələrinə əsaslanaraq Cənubi Qafqazda stabilliyin möhkəmləndirilməsi üçün bağlanıb”.

“Çətinlik müvəqqətidir”

Lavrov bildirib ki, Rusiya və Ermənistanın münasibətlərindəki hazırkı çətinliklər müvəqqəti xarakter daşıyır və həll olunması üçün iradə tələb edir.

O vurğulayıb ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr nəhəng templə inkişaf edir və bu, Ermənistan iqtisadiyatının möhkəmliyi və erməni xalqının rifahının əsasıdır:

“Hazırda Ermənistan bir sıra çətinliklərlə üzləşib. Bu çətinlikləri Qərb oyunçularının köməyi ilə aradan qaldırmaq alınmayacaq. ABŞ və Aİ, Rusiyadan fərqli olaraq respublikaya və bütünlükdə Cənubi Qafqaza sülh və stabillik gətirməyə can atmırlar. Onların məqsədi tamamilə başqadır. Onlar Moskvanı və başqa regional oyunçuları buradan sıxışdırmaq, Balkanların, Yaxın Şərqin və Ukraynanın ardınca yeni gərginlik ocağı yaratmaq istəyirlər”.

Lavrov yekun olaraq deyib ki, bu sadə olmayan vəziyyətdən çıxış yolu var və bu, Yerevan, Bakı və Moskva arasında yüksək səviyyədə razılaşmalara əməl etməkdir.

Azatutyun yazır ki, Paşinyanın daxili opponentləri də, Rusiyanın öz öhdəliklərinə əməl etmədiyi ilə razılaşsalar da, hökumətin hazırkı xarici siyasətini tənqid edirlər.

Onlar bildirirlər ki, Qərb indilik Ermənistana hər hansı təhlükəsizlik qarantiyaları verməyə və əhəmiyyətli hərbi yardım göstərməyə hazır deyil.

'Qarabağ ermənilərinə Yerevanda deyirlər ki... torpağınızı qorumadız'
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG